PDF Oxu

Siyasət

  • 2 160

Azərbaycanın mədəni irs nümunələri İslam Dünyası İrsi Siyahısında TƏHLİL

Azərbaycanın mədəni irs nümunələri İslam Dünyası İrsi Siyahısında TƏHLİL

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları – İSESKO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə sıx əməkdaşlıq edir. Bu baxımdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsi olaraq, 23 noyabr 2006-cı ildə İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim etmişdir. Həmçinin, 2008-ci ilin 10-11 iyun tarixlərində, "Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi" mövzusunda Bakıda keçirilmiş beynəlxalq forumda iştirak edən İKT Baş katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya "İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi" statusuna dair diplom təqdim etmişdir. Əlamətdar haldır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır.
İSESKO-nun Baş direktoru Ə.O.Əl-Tuveycri Azərbaycan Respublikası, İSESKO və BMT-nin birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş (18-19 mart 2013-cü il) "Terrorizmin qarşısının alınması üçün əməkdaşlığa dair Beynəlxalq Konfrans"da, Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi ilə Bakıda keçirilən "İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda (29 may-1 iyun 2013-cü il), "Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu"nda (31 oktyabr-01 noyabr 2013-cü il) iştirak etmək məqsədilə ölkəmizdə səfərlərdə olmuşdur. Prezidentin 14 yanvar 2016-cı il tarixli sərəncamı əsasında İSESKO ilə əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılmışdır. 13 dekabr 2018-ci il tarixli Azərbaycan Prezidentinin Sərəncamı ilə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Oktay Sudef oğlu Qurbanov iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfir və AR-in İSESCO yanında daimi nümayəndəsi təyin edilmişdir. 2019-cu il tarixində "20 Yanvar" faciəsinin 29-cu ildönümü münasibətilə İSESKO-nun saytında təşkilatın Baş katibi Əbdüləziz Əl-Tüveycrinin adından ilk dəfə olaraq bəyanat yayılmış və insanlığa qarşı bir cinayət kimi pislənilmişdir. Bəyanatda dünya ictimaiyyətinə və beynəlxalq insan hüquqları təşkilatlarına faciəyə hüquqi qiymətin verilməsi və beynəlxalq hüquqa uyğun olaraq bu cinayəti törətmiş şəxslərin cəzalandırılmasına çağırış ifadə edilmişdir.

AZƏRBAYCANIN İSLAM DÜNYASI İRS SİYAHISINDAKI MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN SAYI 15-Ə ÇATIB

Onu da qeyd edək ki, 2-3 dekabr 2019-cu il tarixlərində İSESCO-nun Baş qərargahında keçirilmiş İslam Dünyası İrsi Komitəsinin növbədənkənar toplantısında Azərbaycan Respublikasının aşağıdakı mədəni irs nümunələri İslam Dünyası İrsi Siyahısına daxil edilmişdir: Bakının İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı. Bu günlədə isə dekabrın 18-19-da Mərakeşin paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının – ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin (IWHC) 11-ci iclası keçirilib. Komitə üzvlərinin qərarı ilə ölkəmizin zəngin mədəniyyətini əks etdirən 10 qeyri-maddi mədəni irs nümunəsi İslam Dünyası İrs Siyahısına daxil edilib: Yallı (köçəri, tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri; Dolma hazırlanması və paylaşılması ənənəsi, mədəni kimliyin göstəricisi; Pəhləvanlıq mədəniyyəti, ənənəvi zorxana oyunları, idman növləri və güləş; Azərbaycan muğamı; Lahıc misgərlik sənəti; Çövkən – ənənəvi Qarabağ atüstü oyunu; Azərbaycan aşıq sənəti; Kəlağayı düzəldilməsi və geyinməsi ənənəvi incəsənəti və onun simvolizmi; Tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı; Azərbaycanda xalça toxuculuğu ənənəvi sənəti. ICESCO-nun qərargahında Mərakeş rəsmiləri, təşkilata üzv ölkələrin diplomatik nümayəndəlikləri və İslam Dünyası İrs Komitəsi üzvlərinin də iştirak etdiyi mərasimdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin hazırladığı namizədlik faylları əsasında qeyd olunan elementlərin İslam Dünyası İrs Siyahısına daxil edilməsini təsdiq edən sertifikat ICESCO-nun baş direktoru Salim əl-Malik tərəfindən Azərbaycanın bu qurumdakı daimi nümayəndəsinə təqdim edilib. Azərbaycan xalqına məxsus bu qeyri-maddi mədəni irs elementləri xalqımızın dəyərləridir. Bununla da Azərbaycanın İslam Dünyası İrs Siyahısındakı mədəni irs nümunələrinin sayı 15-ə çatıb.
Dünya təşkilatları ilə müxtəlif sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına və davamlı olmasına öz təsirini göstərir. Azərbaycanın İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan ICESKO ilə də münasibətləri də möhkəm təmələ əsaslanır. 1979-cu ildə təşkil edilmiş ICESKO ilə Azərbaycan dövləti yaxından əməkdaşlıq edir və dünyada mədəniyyət abidələrinin qorunması prinsipini dəstəkləyir. Bakı şəhərinin 2009-cu il üçün İslamın paytaxtı, eləcə də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ICESKO-Azərbaycan münasibətlərini bir daha aydın göstərir.Azərbaycanın uzun illər ICESCO ilə səmərəli və uğurlu əməkdaşlıq həyata keçirib və dünyada mədəniyyət abidələrinin qorunması prinsipini dəstəkləyir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər