PDF Oxu

Siyasət

  • 4 718

İnkişaf və sabitlik dövrü: 2003-2023-cü illər TƏHLİL

İnkişaf və sabitlik dövrü: 2003-2023-cü illər TƏHLİL

Müasir dövrümüzdə ölkəmizdə bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə düşünülmüş siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın dünyanın inkşaf etmiş ölkələri sırasında nüfuzu, çəkisi olan dövlətə çevirib. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir, onun əbədiliyi təmin edilir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, 2003-cü ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Ümummilli Lider Heydər Əliyev siyasəti davam etdirilir. Dövlət başçısı İlham Əliyev bütün bu illər ərzində, Ulu Öndər Heydər Əliyevin demokratik-hüquqi və dünyəvi dövlət quruculuğuna yönəldilmiş müstəqillik siyasətini qətiyyətlə həyata keçirib.
Prezident İlham Əliyev hələ 20 il əvvəl bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə regionların inkişafına prioritet məsələ kimi baxacaq. Dövlət başçısının bu istiqamətdə atdığı mühüm addımlar Onun sözü ilə əməlinin eyni gücə malik olduğunu təsdiqləyir. Bu gün Azərbaycan inkişaf və tərəqqi dövrünü yaşayır. Həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində, respublikamızın bütün bölgələrinin siması tamamilə dəyişib, şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb. Regionlarda yeni iş yerlərinin açılması və qeyri-neft sektorunun inkişafı, daha çox valyuta gətirən strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bütün imkanlardan istifadə edilməsi əhalinin məşğulluğunu daha da artırmışdır. Regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır.

İQTİSADİ İSLAHATLARIN VƏ İNKİŞAFIN AZƏRBAYCAN MODELİ

Prezident İlham Əliyevin dərindən düşünülmüş daxili islahatları və ölçülüb-biçilmiş xarici siyasəti sayəsində hazırda Azərbaycan dinamik inkişaf edən ölkədir. Təbii ki, sabitlik, təhlükəsizlik və inkişaf bu mərhələni xarakterizə edən əsas amillərdir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir: "Bu, həqiqətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Azərbaycan isə təhlükəsizlik, əmin-amanlıq və sabitlik şəraitində öz yolu ilə uğurla gedir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir". Azərbaycan bu gün müsəlman dünyasında sabitlik adası kimi tanınır. Sabitlik və təhlükəzsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə olan monolit birliyidir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın Prezident İlham Əliyevə olan inamı, etimadı və etibarı ilə bağlıdır.
Bu gün, tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Ölkə başçısı İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir: "İkitərəfli əlaqələr inkişaf edir, biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var". Bəli, ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər verir. Dünyanın 155 ölkəsi Azərbaycana səs verdi.

SON 20 İLDƏ İNFORMASİYA VƏ RABİTƏ SAHƏSİNDƏ 10 DƏFƏDƏN ARTIQ ARTIMA NAİL OLUNUB

Statistik rəqəmlərə nəzər salsaq görərik ki, rəqəmsal inkişaf sahəsində əldə olunmuş nailiyyətlərə gəlincə, son 20 ildə informasiya və rabitə sahəsində 10 dəfədən artıq artıma nail olunmuş, bütün sahələrdə müasir texnologiyaların tətbiqi sürətləndirilib. İnformasiya və rabitə sektorunda çalışan işçilərin sayı 32 min nəfəri keçib. İnformasiya və rabitə sektoru üzrə orta aylıq əməkhaqqı 1,500 manatı keçib. Ölkədə telekommunikasiya infrastrukturunun yenilənməsi layihəsi həyata keçirilib, bütün istiqamətlərdə müasir texnologiyaların tətbiqinə nail olunub. Əhalinin elektron dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Əhalinin rəqəmsal bacarıqları artırılıb. Nağdsız ödənişlərin genişləndirilməsi üçün elektron hökumət ödəniş sistemi – “E-gov Pay” yaradılıb və istifadəyə verilib. 40-dan çox dövlət qurumunun 350-dən artıq xidməti “Elektron hökumət” portalında vətəndaşlara təqdim olunub. Elektron xidmətlərə artan tələbat fonunda e-imzanın istifadəsi təkmilləşdirilərək “elektron imza” tokenləri yaradılıb. Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirmək və onlayn xidmətlərdən istifadəni təşviq etmək məqsədilə SİMA adı altında bulud əsaslı yeni nəsil rəqəmsal imza istifadəyə verilib. Mərkəzləşdirilmiş İT resurs funksiyasını yerinə yetirən Regional Data Mərkəzi istifadəyə verilib. “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buluduna Keçid Planı”nın icrası üzrə 100 dövlət qurumu Cənubi Qafqaz regionunda ilk TIER III səviyyəli mövcud Data Mərkəzindən istifadə edir. Bütün infrastrukturu ilə "elektron hökumət" sistemləri 2018-ci ildən etibarən Data Mərkəzinə köçürülür, dövlət əhəmiyyətli sistemlər kiberməkanda mühafizə olunur və xidmətlər rəqəmsallaşdırılır. 2018-ci ildən etibarən,Azərbaycan Respublikası vətəndaşlarına verilməsinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrində e-ID tətbiq edilib. İşğaldan azad edilmiş ərazilərə "Ağıllı şəhər" (Smart City) və "Ağıllı kənd" (Smart Village) konsepsiyaları nəzərə alınmaqla əhalinin dayanıqlı məskunlaşması təmin olunur. Ölkədə internetdən istifadə və bilavasitə elektron ticarətin həcmi dəfələrlə yüksəlib. Ölkə ərazisində fəaliyyət göstərən internet provayderlərinin sayı 150-ni keçib. Əhalinin 88%-i internet, eyni zamanda genişzolaqlı internet istifadəçisidir. Ölkə əhalisinin mobil şəbəkə ilə əhatə faizi 100%, 3G şəbəkəsi üzrə əhatə 99.8%, 4G şəbəkəsi üzrə əhatə 94% təşkil edir. Hər 100 nəfərə düşən aktiv mobil genişzolaqlı internet abunəçilərinin sayı 80%-i keçib. Yüksəksürətli internet şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə "Onlayn Azərbaycan" layihəsinə başlanılıb. Artıq ev təsərrüfatlarının 50%-dən çoxunun yüksəksürətli internet xidmətlərinə çıxışı təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə mobil infrastruktur, fiber-optik kabel şəbəkəsi, müasir standartlara cavab verən telekommunikasiya qovşaqları yaradılmış, televiziya və radio proqramlarının yerüstü yayımı həyata keçirilir. Bu istiqamətdə işlər davam etdirilir. İKT sektoruna xarici investorların cəlb edilməsi və potensial xarici investorlarla yerli İT şirkətləri arasında əlaqələrin qurulması məqsədilə "İT investorlar klubu" və yerli vençur fondu yaradılıb.

"BİZİM YOLUMUZ İNKİŞAF YOLUDUR, TƏRƏQQİ YOLUDUR"

Azərbaycan özünün telekommunikasiya peyki olan azsaylı ölkələr sırasındadır. "Azerspeyc 1" orbitə burxılması bir daha təsdiqlədi ki, bu gün Azərbaycan beynəlxalq aləmdə neft-qaz, turizm, tolerant, idman ölkəsi, eyni zamanda innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları və kosmik əlaqələndirmələr ölkəsi kimi də tanınıb. Sözsüz ki, bu Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına göstərilən böyük diqqətdir. Eyni zamanda, siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətimizin demokratikləşməsi, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, rabitənin inkişafı sahəsində də qabaqcıl ölkələr sırasına çıxmasına imkan yaradıb. Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" Prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Peyklərin orbitə çıxarılması Azərbaycanda kosmik sənayenin inkişafında uğurlu addımlardır: "Azərbaycan, qısa müddət ərzində, dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilibdir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir".
2013-cü ildə "Azerspace-1", 2018-ci ildə isə "Azerspace-2" telekommunikasiya peykləri orbitə buraxılıb. Müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi sahələrdə geniş şəkildə tətbiq edilən "Azersky" Yerin müşahidə peyki 2014-cü ildə orbitə buraxılıb. Cənubi Qafqazda ilk dəfə 2004-cü ildə Bakıda televiziyanın rəqəmsal sınaq yayımına başlanılıb və 2016-cı ildən Azərbaycanda rəqəmsal yayıma keçid edilib.
Hazırda ölkədə əhali yaşayan ərazilərin 99,8%-i sosial rəqəmsal televiziya yayımı ilə əhatə olunur və bu proqramlar paytaxtda SD ilə yanaşı, HD formatında da yayımlanır. 2019-cu ildən paytaxtda rəqəmsal radio yayımına (12 radio proqram) başlanılıb. 2022-ci ildən yerli televiziya proqramlarının peykdən HD formatında yayımı təmin olunur. 2022-ci il 26-29 mayda təxminən 300 min insanın ziyarət etdiyi "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı keçirilib. 2023-cü il 2-6 oktyabrda Bakı şəhərində 50 ildən sonra yenidən "Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək" şüarı altında Beynəlxalq Astronavtika Konqresi keçirilib. Konqresə rekord sayda - 95 ölkədən 3600 elmi məqalə təqdim olunub. Bakı Konqresi əldə edilmiş sponsorluq paketlərinin sayına görə rekord göstərici qazanıb, 22 şirkət tədbirə sponsorluq paketi alıb. Bu, son beş ölkədə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilmiş konqreslərlə müqayisədə ən yüksək göstərici idi. Konqresdə rekord sayda – 132 ölkədən 5404 nümayəndə iştirak edib.
"Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)", "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" uğurla icra edilib.

SOSİAL XİDMƏT SAHƏLƏRİNDƏ İNNOVATİV YANAŞMALAR

Onu da bildirək ki. ölkəmiz nümunəvi ictimai və sosial xidmət sahələrində innovativ yanaşmaları ilə də dünyanın bir çox dövlətlərini qabaqlayır. Həmin nümunəvi xidmətin ən bariz nümunəsi olaraq ölkə başçısı İlham Əliyevin təşəbbüsü isə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin təsis edilməsini və onun himayəsi altında fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərini qeyd edə bilərik. "ASAN xidmət" Azərbaycan məhsulu, ixtirası və brendi olaraq beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək maraq və rəğbətlə xarakterizə olunur. "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.
Azərbaycan Prezidenti Cənab İlham Əliyev 2003-cü ildə ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı zaman çıxışında dediyi sözləri xatırlatmaq yerinə düşər:"Mən hər bir Azərbaycan vətəndaşı üçün Prezident olacağam. Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam". Həqiqətən də, belə oldu: Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşı üçün Prezident oldu və xalqın etimadını doğrultdu. Ötən iyirmi il aydın şəkildə göstərdi ki, İlham Əliyev prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər