PDF Oxu

Siyasət

  • 2 532

Azərbaycan qlobal liderlər sırasına fəal şəkildə qoşulur ŞƏRH

Azərbaycan qlobal liderlər sırasına fəal şəkildə qoşulur ŞƏRH

Yaxın gələcəkdə, məhz 2024-cü il noyabrın 24-də Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının iştirakçılarını salamlayaraq, dünyanın diqqət mərkəzinə çevriləcək. Bu qərar Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 28-ci sessiyasında elan edilib və burada rəsmi məlumatlara görə, 100-dən çox ölkədən 80 minə yaxın insan iştirak edib. Bu hadisə təkcə dünya ictimaiyyətinin diqqətini cəlb etməyəcək, həm də Azərbaycana beynəlxalq iqlim əməkdaşlığında əsas oyunçu kimi yeni status verəcək. Dünya ictimaiyyətinin etimadının və Azərbaycanın beynəlxalq səviyyədə hazırkı uğurunun ilk göstəricilərindən - Ermənistan və Bolqarıstanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürməsidir. COP29-un ölkəmizdə keçirilməsi yüksək siyasi əhəmiyyət kəsb edir və təkcə Azərbaycan üçün deyil, həm də region ölkələri üçün müəyyən çağırışlar və imkanlar yaradır. Bu tarixi hadisə ölkənin iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətini vurğulamaqla yanaşı, onun davamlı inkişaf üçün qlobal strategiyaların formalaşdırılmasında iştirakı üçün yeni imkanlar açacaq. Bu tədbirin əhəmiyyətini və məsuliyyətini nəzərə alaraq, cari ilin 15 dekabr tarixində COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Bu, bir daha onu göstərir ki, ölkə Başçısı Azərbaycanın nüfuzunun yüksəldilməsi istiqamətində var gücünü daim səfərbər edir, xalqımızın gələcək təminatı üçün tarixi addımlar atır.

Strateji geosiyasi mövqeyinin və enerji sektorunda aktiv rolunun unikal kombinasiyası ilə Azərbaycan iqlim dəyişikliyi ilə qlobal mübarizədə mühüm oyunçu kimi çıxış edir. Azərbaycanın İqlim Dəyişikliyi Konfransına (COP) töhfəsi üçün potensial və perspektivlər genişdir və ölkəmizdə bu tədbirin təşkili müəyyən siyasi motivlərlə bağlıdır. COP29-un Azərbaycanda təşkili üçün əsas siyasi motivlərdən biri ölkənin davamlı inkişaf sahəsində qlobal birliyə sadiqliyini nümayiş etdirməsidir. İstixana qazlarının emissiyalarının azaldılması və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi üzrə qlobal təşəbbüslərdə fəal iştirak, Azərbaycanın karbon izlərini azaltmaq və qlobal səylərə töhfə vermək niyyətini vurğulayır.

Enerji diversifikasiyası siyasəti digər mühüm amildir. Təbii ehtiyatlarla zəngin olan Azərbaycan günəş və külək enerjisi kimi alternativ enerji mənbələrini də fəal şəkildə inkişaf etdirir. Bu, təkcə emissiyaların azaldılmasına kömək etmir, həm də ölkənin neft və qaz qiymətlərindəki dəyişikliklərə qarşı dayanıqlığını artırır. Bu strategiyalar təbbi ki, Azərbaycanı iqlimlə bağlı tədbirlərə ev sahibliyi etmək üçün cəlbedici namizədə çevirilməsinə ciddi töhfə verir.

COP29 platformasının Azərbaycanda təşkili həm də ölkənin Qafqaz və Xəzər dənizi regionunda iqlim məsələlərinin müzakirəsi və əlaqələndirilməsi mərkəzinə çevrilmək potensiyalını əks etdirir. Bu təşəbbüs ölkələr arasında təcrübə və qabaqcıl texnologiyaların mübadiləsinə, onların davamlı inkişaf sahəsində əməkdaşlığının gücləndirilməsinə kömək edir.

Azərbaycan siyasəti nöqteyi-nəzərindən COP təşkilatı ekologiya və iqlim sahəsində qlobal tərəfdaşlarla diplomatik əlaqələri gücləndirmək və əməkdaşlığı genişləndirmək imkanı verir. O, həmçinin Azərbaycanın beynəlxalq iqlim dialoqlarında mühüm aktor kimi rolunu vurğulayır.

Azərbaycanın COP-a verdiyi töhfələr həm ölkənin strateji maraqlarını, həm də planetin davamlı gələcəyini təşviq etmək üçün qlobal ehtiyacları nəzərə alaraq iqlim problemlərinə balanslaşdırılmış yanaşmanı əks etdirir.

Azərbaycanın bölgədəki siyasi statusu da çox mühüm rol oynayır. Ölkəmiz müxtəlif beynəlxalq təşəbbüslərin əsas iştirakçısıdır və strateji geosiyasi mövqeyə malikdir. Bəzi xarici media mənbələri Ermənistanın Azərbaycanın xeyrinə namizədliyini geri götürməsini Ermənistanın xoş niyyəti ilə əlaqələndirir. Təbii ki, bu qərarın şəffaf və sülhyönümlü motivlərinə inanmaq istəyi arzuolunandır və əlbətdə ki, belə olsaydı, bu, regionun gələcəyi üçün ciddi addım olardı. Amma təəssüflər olsun ki, təcrübə və Ermənistan siyasətinin real mənzərəsi göstərir ki, xoş niyyət Ermənistanda aparıcı həlqə deyil. Real təhlil etsək, Ermənistanın belə ciddi tədbirlər keçirməsi üçün potensialı yoxdur.

Ermənistan məhdud iqtisadi resurslar və enerji infrastrukturunda çətinliklər kimi problemlərlə üzləşir. Regional münaqişələr və geosiyasi gərginlik şəraitində ölkə iri beynəlxalq tədbirlərin təşkilində əlavə çətinliklərlə üzləşə bilər. Azərbaycan isə enerji lideri kimi alternativ enerji mənbələri sahəsində inkişaf etmiş infrastruktura və təcrübəyə malikdir ki, bu da yaşıl tədbirlərin təşkilini asanlaşdırır. Ermənistan bununla bağlı məhdudiyyətlərlə üzləşə bilər.Daha böyük və sabit iqtisadiyyata malik Azərbaycan irimiqyaslı konfransların təşkili ilə bağlı maliyyə tələblərinin öhdəsindən daha rahat gələ bilər. Azərbaycanın siyasi sabitliyi və beynəlxalq dialoqlarda fəal iştirakı ölkəmizi COP üçün daha cəlbedici məkana çevirir. Ermənistan isə öz növbəsində, Azərbaycanın mövcud siyasi və geosiyasi dinamika fonunda ciddi tədbirlər təşkil etməkdə çətinliklərlə üzləşə bilər.

COP29-un Azərbaycanda keçirilməsi təkcə siyasi baxımdan əhəmiyyətli olmayacaq, həm də regional ekoloji infrastrukturun inkişafına töhfə verəcək. Bu, ölkənin regionda ekoloji ekspertiza və texnoloji inkişaf mərkəzinə çevrilməsinə imkan verəcək.

Beləliklə, Azərbaycan COP29 təşkilatına ev sahibliyi etməklə nəinki dünyada siyasi əhəmiyyətini artırır, həm də iqlim dəyişikliyi ilə mübarizədə qlobal liderlər sırasına fəal şəkildə qoşulur. Bu tədbir ölkə tarixinə mühüm hadisə kimi qeyd olunaraq, Azərbaycanın innovasiyalara, əməkdaşlığa sadiqliyini və planetimiz üçün davamlı gələcəyin formalaşdırılmasında fəal rolunu vurğulayacaq.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər