“Müasir dünyamızı narahat edən əsas problemlərdən biri ekoloji problemlər – iqlim dəyişmələri, suyun, havanın, torpaq örtüyünün çirklənməsi, səhralaşma prosesidir. "Bu gün ölkəmizdə dünya səviyyəli tədbirlərin keçirilməsi ənənə halını alıb. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər həm mahiyyət, həm də müzakirə olunan mövzuların aktuallığı baxımından diqqətdə olur. Dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.
COP29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsinə dair qərarın verilməsi mühüm tarixi hadisədir. Nəzərə alsaq ki, belə bir mötəbər tədbirin Azərbaycana həvalə edilməsi yekdil qərarla təsdiqlənib.
Son on il ərzində dünyada bu problemlərin həlli istiqamətində müəyyən addımlar atılsa da, ekoloji problemlərin effektiv həlli dünya dövlətlərinin birgə fəaliyyətini zəruri edir. Bu baxımdan, ümumilikdə COP29-un təşkili dünyamızın ekoloji problemlərin həlli istiqamətində birlik sərgiləməsi baxımından önəmlidir. Tədbirin Azərbaycanda keçirilməsi isə ölkəmizin ekoloji problemlərə qarşı apardığı mübarizədəki müstəsna rolundan xəbər verir. Odur ki, tədbirin məhz Bakıda keçirilməsi bizim üçün qürurvericidir”.
Dekabrın 15-də keçirilən müşavirədə Prezident cənab İlham Əliyev qeyd etdi ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üzərimizə böyük məsuliyyət qoyur. Ancaq Azərbaycan bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirib. Hətta ölkəmiz bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirib. Bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu ilisə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Bir sözlə, beynəlxalq tədbirlərin uğurla keçirilməsi sahəsində ölkəmizin böyük təcrübəsi vardır.
Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub.
COP həmrəylik, qlobal məsuliyyəti bölüşmək və əməkdaşlıq platformasıdir. 2024-cü ildə baş tutacaq COP-29-da da əsas məqsədimiz yaşıl enerji növlərinin yaradılması və həmin yaşıl enerjinin dünya bazarlarına nəqlinin hazırda Azərbaycanın enerji siyasətində prioritet olduğunu dünyaya nümayiş etdirmək olacaqdır. Bu işin təşkilində dövlətlər, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri, beynəlxalq təşkilatlarla yanaşı, inanıram ki, gənclərimiz, könüllülərimiz də hərəkatın aktiv üzvü olaraq öz töhfələrini əsirgəməyəcəklər, bu günə qədər Azərbaycanda keçirilən mötəbər və irimiqyaslı beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilində göstərdikləri fədakarlığı, qəhrəmanlığı bu platformada da ortaya qoyacaqlar.
Əslində, COP-29-un Bakıda keçirilməsində gözlənilməz heç nə yoxdur. Azərbaycan dünya gündəmindəki qlobal problemlərin qarşısını almaq və həll yollarının müəyyən edilməsi üçün mühüm təşəbbüslər göstərən, çağırışlar edən, həmin məsələləri beynəlxalq səviyyədə aktuallaşdıran dövlət kimi kifayət qədər hörmət qazanmışdır. Nümunə olaraq, Pandemiya dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin həyata keçirdiyi nəhəng diplomatik və humanitar fəaliyyəti, Azərbaycanın Qoşulmama Hərəkatının sədri bu qurumun institusional mexanizmlərin yaradılması səylərini yada salmaq olar. Həmçinin, Azərbaycan qlobal inteqrasiya prosesinə, nəqliyyat-kommunikasiya, loqistika layihələrinə ciddi töhfə verir və bu istiqamətdə səylərini artırmağa hazırdır.
Prezident cənab İlham Əliyev dekabrın 15-də keçirilən müşavirədə onu da bəyan etdi ki, bütün bunlar “İkili standartlar” siyasətinin təzahürüdür və bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Unutmamaq lazımdır ki, beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir.
Şübhəsiz, sözügedən tədbirin keçiriləcəyi iki həftə ərzində dünyanın diqqəti Bakıya yönələcək. Dünya bir daha ölkəmizdə gedən proseslərin əyani şahidi olacaq. Üstəlik, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidən qurma işləri ilə tanış olacaq və Qarabağla bağlı əsl həqiqətləri eşidəcək. Bir sözlə, Azərbaycan COP29-u da yüksək səviyyədə keçirəcək ki, bu da xalqımızın növbəti böyük uğuru olacaq.
ARZU ƏLİYEVA
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı