PDF Oxu

Siyasət

  • 1 116

Əli Kərimli erməni arxiyepiskopu kimi çağırışlar edir ANALİZ

Əli Kərimli erməni arxiyepiskopu kimi çağırışlar edir ANALİZ

“Yurd” şefinin beynəlxalq təşkilatları Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırması onun revanşistlərdən fərqlənmədiyini göstərir

Son 20 ildə Azərbaycanın bütün sahələrdə əldə etdiyi möhtəşəm uğurlar dünyanın bəzi aparıcı dövlətlərini, nüfuzlu beynəlxalq təşkilatlarını təəccübləndirir və gözlənildiyi kimi narahat edir. Çünki Azərbaycanın regionun lider dövləti olması və müəyyən məsələlərdə diktə edən dövlətə çevrilməsi böyük güclərin maraqlarına cavab vermir. Xüsusilə də, Azərbaycanın cəmi 44 gün çəkən Vətən Müharibəsi ilə 30 il erməni işğalı altında olmuş torpaqlarını azad etməsi bəşəriyyət tarixinin görünməmiş hərbi qələbəsi kimi qiymətləndirilib, heyranlıqla öyrənilir. Təbii ki, parlaq hərbi, siyasi, diplomatik qələbələrin əldə edilməsi, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin liderlik bacarığının, müdrik idaretmə qabiliyyətinin, bənzərsiz siyasi- diplomatik məharətinin nəticəsidir. Əsrlər keçəcək və gələcək nəsillər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atmasını dönə-dönə oxuyacaq, araşdıracaq və təbliğ edəcəklər. Məlumdur ki, Vətən Müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir.

Dağıdıcı müxalifət sağlam rəqabətdən yayınıb təxribatlara üstünlük verir

Söz yox ki, qədirbilən Azərbaycan xalqı Yenilməz Sərkərdə, Prezident İlham Əliyevin xidmətlərini böyük ehtiramla dəyərləndirir, aparılan daxili və xarici siyasətə birmənalı dəstək göstərir. Mövcud reallıqlara və çağırışlara əsasən tam əminliklə və qətiyyətlə demək olar ki, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində yeddidən yetmiş yeddiyə qədər hər kəs Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcək. Bununla da xalq bir daha öz liderinə öz təşəkkürünü ifadə etmiş olacaq. Xalqın mövqeyinin dəyişməz olduğunu anlayan dağıdıcı ünsürlər, xüsusilə də, Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri müxtəlif təxribatlar planlaşdırmaqla cəmiyyətdə gərginlik yaratmağa cəhd edirlər. Hətta bu məqsədlə seçkiləri boykot etmək barədə anormal qərar qəbul ediblər. Halbuki, hər bir siyasi partiyanın başlıca məqsədi və hədəfi seçkilərdə iştirak etməkdir. Əgər yaranan imkandan istifadə edilmirsə, deməli, o siyasi təşkilat acizliyini və məğlubiyyətini etiraf edir. Görünən isə ondan ibarətdir ki. Ə.Kərimli, C.Həsənli, A.Hacılı acizliklərini dilə gətirməyə cəsarət etmirlər. Bu da xarici qüvvələr tərəfindən heç də yaxşı qarşılanmayacağı ilə bağlıdır. Radikallar anlayırlar ki, məğlubiyyətlərini etiraf edəcəkləri təqdirdə, maddi və mənəvi dəstək aldıqları xarici dairələrlə aralarında dərin uçurum yaranacaq. Ona görə də problemdən qaçmaq üçün “vaxt azdır”, “şərait yoxdur” və bu kimi digər bəhanələrlə çıxış edirlər. Hətta ağalarına xoş gəlmək üçün fevral ayında ölkədə etiraz aksiyaları keçirəcəklərini bəyan edirlər. Radikallar düşünürlər ki, bu yolla siyasi sabitliyə xələl gətirməyi bacaracaqlar. Bu məsələ xarici məkrli dairələrin maraqlarına cavab verdiyindən susmağa üstünlük verirlər. Yəni, dolayısı ilə radikalların mövqeyinə dəstək nümayiş etdirirlər. Siyasi sabitliyi pozmaq və ölkənin daxili məsələlərinə müdaxilə etmək arzusunda olan xarici qüvvələr seçki prosesini təxribatlar üçün “universal” fürsət yaradan amil kimi dəyərləndirir.

Boykot demaqoqların mənəvi məğlubiyyətidir

Radikal təfəkkürün əsasında yalnız xarici məkrli dairələrin maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaq kimi xain amillər dayanır. Əgər belə olmasa idi, Ə.Kərimli bəyanat yayaraq beynəlxalq təşkilatları Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırmazdı. Fikir verin, Ermənistandakı revanşistlər, o cümlədən erməni arxiyepiskopu, Fransadakı makronçular, ABŞ-dakı ermənipərəst konqresmenlər və digər qüvvələr Azərbaycana sanksiyaların tətbiq olunması çağırışları ilə çıxış edirlər, eyni mövqeyi Azərbaycanda doğulub çörəyini yeyib, suyunu içən Ə.Kərimli də sərgiləyir. Sual yaranır, niyə Ə.Kərimli erməni arxiyepiskopu kimi düşünür və çağırış edir? Nədən “Yurd” şefi Azərbaycan dövlətinə və xalqına qarşı düşmən mövqe sərgiləyir? Pul, mənəvi dəstək bu qədərmi qiymətlidir? Ola bilər, radikallar pul-para əldə etsinlər, lakin heç bir halda cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllərə nail ola bilməyəcəklər. Bütün dövrlərdə, o cümlədən Vətən Müharibəsi dövründə sübuta yetirildi ki, xalq ən çətin məqamda öz lideri ətrafında daha sıx birləşir, Onun siyasətini daha böyük qətiyyətlə və əzmlə müdafiə edir. Ona görə də, xarici qüvvələrə arxalanıb, pozuculuq aktları planlaşdırmağa hazırlaşan dağıdıcı müxalifətə ən layiqli cavabı elə xalq verəcək.

İLHAM ƏLİYEV

Digər xəbərlər