Anna Qriqoryan: “Azərbaycan bizim starteji ərazilərimizə nəzarət edir”
İrəvanın Bakı ilə sülhə hazır olmaması artıq fakt olaraq qalmaqdadır. Bunu Ermənistanın iqtidar və müxalifət nümayəndələri də etiraf edirlər. Belə ki, Ermənistan parlamentinin müxalifətdən olan deputatı Anna Qriqoryanın dediyinə görə, İrəvanla Bakı arasında sənəd imzalansa belə, bu, sülh müqaviləsi deyil, mövcud vəziyyəti düzəltmək üçün razılaşma olacaq: “Bakı qoşunları geri çəkməyəcək və bu, o deməkdir ki, Azərbaycan bizim üçün strateji əhəmiyyət kəsb edən yollara nəzarəti davam etdirəcək. Dünən Azərbaycan hakimiyyəti bəyan edib ki, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi sülh müqaviləsinin mətnindən çıxarılmalıdır. Amma bu, Ermənistan üçün əsas məsələdir. Çünki məhz bu, Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən çıxarılması üçün hüquqi baza yaradır. Bütün bunlarda Paşinyan üçün yeganə vacib olan odur ki, o, Ermənistanın güzəştləri ilə bağlı sənədi sülh müqaviləsi kimi ictimaiyyətə təqdim edə bilsin”.
Bu arada, Rusiyadan olan şərhçi də qeyd edib ki, professor Ojarovski ilginc fikirlər səsləndirib. Onun sözlərinə görə, Ermənistan indi düz yolda deyil. O, enerji məsələsinə toxunub: "Onun tutduğu yol cəngəlliklər yoludur. Ermənistan indi qonşu Azərbaycandan nümunə götürərək bərpa olunan enerjini inkişaf etdirməyə çalışmalıdır. Bu, düşünülmüş həll tələb edən spesifik yanaşmadır. Məsələn, dağlıq mənzərəsi ilə Ermənistan üçün günəş və külək enerjisi ən uyğun ola bilər. Ermənistanda külək enerjisi çox azdır, lakin onun imkanlarını genişləndirmək olar. Yeri gəlmişkən, xatırlatmaq istərdim ki, bu yaxınlarda COP28 konfransında bir çox ölkələr 2030-cu ilə qədər günəş enerjisi imkanlarını üç dəfə artırmaq qərarına gəliblər. Hesab edirəm ki, Ermənistanın seçimi hələ də bərpa olunan enerji mənbələrinin xeyrinə olmalıdır. Metsamor atom elektrik stansiyası zəlzələyə meyilli ərazidə yüksək hündürlükdə yerləşən stansiyadır və nüvə ilə çirklənmə təhlükəsi yüksək olduğundan bu, region üçün təhlükələri xeyli azaldacaq. Əslində, bu, 60-cı illərdə hazırlanmış köhnə sovet dəmiridir, burada radioaktiv zonanın qoruyucu təbəqəsi yoxdur. Bütün bunlar qəzanın mümkün nəticələrini ağırlaşdırmağa gətirib çıxara bilər. Ermənistandakı AES Çernobıldan əvvəlki dövrlərə aid texnologiya ilə inşa edilib".
Afət Tahirqızı