PDF Oxu

Siyasət

  • 2 585

Xalqın şərəfini xilas edən LİDER -TƏHLİL

Xalqın şərəfini xilas edən LİDER -TƏHLİL

Adəti üzrə ad günündə xalqı ilə bir yerdə olan dövlətimizin başçısı, Ali Baş Komandan, müzəffər sərkərdə, bütün azərbaycanlıların sevimli Prezidenti cənab İlham Əliyev ötən il də dekabrın 24-də Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşdü. Görüş zamanı Prezidentimiz deyirdi: Mən əvvəlki dövrdə adətən 24 dekabr günündə məcburi köçkünlərlə bir yerdə olurdum, doğum günümü heç vaxt qeyd etməmişəm, ancaq ailə üzvlərimlə qeyd etmişəm. Hesab edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm… Əlli yaşım olanda Ağcabədidə məcburi köçkünlərlə bir yerdə idim və onlara demişdim ki, gün gələcək, siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, qarşılayacaqsınız, mən sizin diyarınıza qonaq gələcəyəm və o gün gəldi. O gündən doqquz il sonra biz artıq Şuşada idik, bayrağımız da Şuşada dalğalanırdı. Altmış yaşımı Cıdır düzündə qeyd etmişəm, ondan əvvəl azad edilmiş Hadrutda hərbi hissənin açılışında iştirak etmişəm. Bu il dekabrın 24-ü üçün əlbəttə ki, bəzi fikirlərim var idi. Bu da bir rəmzi məna daşımalı idi. Hesab etdim ki, ən düzgün tədbir, bax, bizim bugünkü tədbirimiz olmalıdır.

Bəli, dövlətimizin başçısı ötən il öz ad gününü Qərbi Azərbaycana həsr etdi, Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış oldu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü, tarixi faktlara söykənən maraqlı çıxış etdi, verdiyi mesajlarla qəlblərdə yeni bir inam yaratdı: Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

Ötən ildən bəri görülən işlər fonunda aydın görünür ki, o gün uzaqda deyil.

Yeri gələndə tarixçi, coğrafiyaçı, siyasətçi, yeri gələndə sıravi azərbaycanlı LİDER

Zaman göstərdi ki, məhz Heydər Əliyev və Zərifə xanım Əliyeva kimi dahi insanların, gözəl ata-ananın, ləyaqətli vətəndaşların, ictimai xadimlərin, vətənpərvər insanların ailəsində İlham Əliyev kimi övlad böyüyə bilərdi. Bu övlad ailənin bütün üstün cəhətlərindən zaman-zaman aldığı dəyərlərlə yumruğu boyda ürəyinə Azərbaycan böyüklükdə Vətən sevgisini elə sığdıracaqdı ki, bu sevgi bir gün xalqın, millətin xilasına çevriləcəkdi. 30 il işğal olunan torpaqlara görə başını dik tuta bilməyən xalqın başını zirvələrə qaldıracaqdı. Xalqa qürurunu, namusunu, iffətini qaytaracaqdı. Azərbaycanın işğal olunan torpaqlarının azad olunması ilə tarixin 270 illik zaman kəsiyinin axarını dəyişəcəkdi.

Deyirlər, yaxşı ataların yaxşı oğulları olur. Ulu Öndər Heydər Əliyevin Azərbaycana məhəbbətinin, sevgisinin, torpaqlarımızın işğalına ürək ağrısının, onların bir gün geri qaytarılması üçün mübarizələrinin davamını cənab İlham Əliyevdə gördük. Gördük ki, O, tək ailəsinə məxsus övlad yox, ümumilikdə Azərbaycan xalqının övladı oldu. Gördük ki, dövlətimizin başçısı kimi fəaliyyət dövrünün hər anı ölkəmizin inkişafına, dünyada tanınmasına, bir də ata nəsihətlərinin həyata keçirilməsinə sərf edilib. Gördük ki, Qarabağ məsələsi bir an da unudulmayıb. Liderimizin bütün bayramlarda xalqa müraciətlərdə Qarabağın bir gün azad olunacağına əminliyini dinlədik. Bu torpaqların düşmən tapdağı altında inləməsini ürək yanğısı ilə yaşadığını hiss etdik. Onların bir gün yenə də bizim olacağına xalqı əmin etdiyini gördük...

Prezidentimiz ən mötəbər tədbirlərdə Qarabağla bağlı dünyaya üz tutdu. Qarabağ həqiqətlərini onlara çatdırdı. Bütün dünyanı haqq səsimizə səs verməyə çağırdı. Bu qədim torpaqların Azərbaycana məxsusluğunu tarixi faktlarla sübut etdi. Bizim Prezidentimiz yeri gələndə tarixçi oldu, yeri gələndə coğrafiyaçı, yeri gələndə siyasətçi, yeri gələndə sıravi azərbaycanlı. Mükəmməl olaraq rus və ingilis dillərdə mötəbər kürsülərdəki səlis nitqləri ilə bir tərəfdən azərbaycanlı olduğu, bizin Lider olduğu üçün, digər tərəfdən isə xalqın istəklərini aydın çatdırdığı üçün qürur duyduq.

Bizim Prezidentimiz Azərbaycanın sülhün tərəfində dayandığını bütün dünyaya bəyan etdi. Dünyanı sülhə çağırdı. Ermənistanın dinc yolla torpaqlarımızı qaytarmasını tələb etdi. Liderimiz ikinci yolu da birinci yolla paralel inkişaf etdirirdi. Bu, hərb yolu idi. Dəfələrlə çıxışlarında, beynəlxalq tədbirlərdə açıq şəkildə bildirirdi ki, torpaqlarımız sülh yolu ilə qaytarılmazsa, hərb yolunu seçməli olacağıq. Belə də oldu. İkinci yolun harada və nə vaxt başlayacağını böyük uzaqgörənliklə hazırlayan cənab İlham Əliyev dünyanın qulaqlarının sülh çağırışına kar olduğunu bir daha yəqin edəndən sonra, ikinci yola çıxmağın zamanını bəyan etdi. Bu yol Ermənistanın yeni torpaqlar iddiasına dərhal verilən cavabla başlandı. 27 sentyabr 2020-ci il Qarabağın azadlığına gedən yol oldu. Cəmi 44 gün davam edən İkinci Vətən Müharibəsi Azərbaycan xalqının böyük Zəfəri ilə bitdi və tarixin 200 illik axını dəyişib göstərdi ki, analar dünyaya 200-300 ildə bir elə oğullar gətirir ki, o oğullar zamana hökm oxuya bilir...

90-ların səhvini 2020-də düzəldən LİDER

Qarabağ 1990-cı ildə Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat qruplaşmasının tarixin də, bu xalqın da bağışlamayacağı səhvi idi. Vəzifədə qalmaq, kürsülərini qorumaq üçün rus imperiyasının son qalıqlarına satılan, torpaqlarımızı Ermənistana hədiyyə etməklə yerlərini möhkəmlətmək istəyən bir qruplaşmanın böyük səhvi idi. Bu, səhvdən də çox ağıla gəlməyən qəbahət idi. Satqınlıq, Vətənə xəyanət, millətə qarşı günah idi. Sən vəzifə üçün bir xalqın dədə-baba yurdunu, əzəli torpaqlarını necə sata bilərsən? Necə razılaşmaq olardı ki, erməni gecənin birində sənin soydaşının qapısında peyda olsun, onu silahın burnunda evindən çıxarıb qışın şaxtasında, ayazında yurdundan qovsun, insanlar yurdsuz, ev-eşiksiz qalsın, illərlə dişi-dırnağı ilə qurub-yaratdığı evini qoyub, dədə-baba ocağını tərk etsin. Nədir ki, sən vəzifədə qalasan, ağılsız olduğun halda hakimiyyəti zəbt edəsən.

Bəli, Qarabağ 90-cı illərin hakimiyyət vurğunlarının qurbanı olmuşdu. Minlərlə insanın ah-naləsini hələ də çiyinlərində daşıyan qruplaşmanın satqınlığının qurbanı olmuşdu. Bunu xalq sonradan bildi, AXC-Müsavat birliyinə etimadını itirdi. Onlarin hakimiyyətdən uzaqlaşmasını tələb etdi. Çünki gözlərinin qarşısında məcburi köçkünlükdə əzab çəkən minlərlə insan vardı. Azərbaycanın işğal olunan baş tacı Qarabağ vardı. Bir də bu işğala görə başını dik tuta bilmən xalq vardı. Nə vaxt, harada Qarabağdan söz düşürdüsə, başımızı aşağı dikirdik. Utanırdıq torpaqlarımızın işğal altında olmasından. Bütün bunları isə xalqa onlar bəxş etmişdilər.

Cənab İlham Əliyev 90-ların səhvinin düzəldilməsi üçün uzun illər mübarizə apardı. 90-cı illərdə iqtisadi tənəzzülə uğrayan ölkənin bu vəziyyətini 1993-cü ildən etibarən aradan qaldıran, Azərbaycanda yeni Azərbaycan yaradan, bu qruplaşmanı xalqın yaxasından qoparıb atan Ümummilli Liderin gələcəyə hesablanmış inkişaf konsepsiyasını 2003-cü ildən uğurla davam etdirən dövlətimizin başçısı böyük zəhmət nəticəsində 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsinə nail oldu.

Böyük itkilər verdiyimiz 44 gündə Zəfər qazandıq. Bu itkilərin də səbəbkarları onlardır-AXCP-Müsavat. Onların səhvləri düzəldilsə də, torpaqlarımız azad edilsə də, Böyük Qayıdış başlansa da, yaxın gələcəkdə soydaşlarımız tamamilə ata-baba yurdlarına qayıtsalar da, AXCP-Müsavat birləşməsinin üzvlərinin bu xalqa vurduqları maddi və mənəvi zərər heç vaxt unudulmayacaq.

Azərbaycan gəncliyinə nümunə LİDER

Heydər Əliyev və Zərifə xanım Əliyevanın böyüdüb tərbiyə etdiyi övladı öncə ata-anadan, ailədəki dəyərlərdən, sonra isə xalqın bu ailəyə etimadından, böyük Heydər Əliyevə nüfuzundan, onun mənəvi və siyasi varisinin Heydər Əliyev yolunu uğurla davam etdirəcəyinə böyük inamından aldığı güclə böyük Liderə çevrilə bildi. Xalq öz liderinin ətrafında sıx birləşdi. Müharibədə Prezidentimizin düşmənə göstərdiyi dəmir yumruğun rəmzi mənası var idi. Bu, bütün xalqın gücünü özündə toplayan bir yumruq idi. Düşmənin üzərinə endirilən birgə həmlə idi.

Xalqın birlik, həmrəylik nümayiş etdirməsi öz Liderinə inamından, arxalanmasından irəli gəlirdi. Gənclərimizin cəbhəyə axın etməsi, səfərbərlik məntəqələri qarşısında gecəli-gündüzlü Ali Baş Komandanın əmrini gözləmələri ötən 30 ilin əvvəlindəki hakimiyyət nümayəndələri ilə müqayisə belə edilə bilməyəcək bir Liderə sahib olmağımızın nəticələri idi.

Minlərlə gəncimizin böyük sərkərdənin bir əmri ilə döyüşə yollanması gənc nəslin dövlətinin başçısına etimadının göstəricisi idi. Hansı ki, Ermənistan tərəfdə vəziyyət heç də belə deyildi. Bu, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan tərəfindən də etiraf olundu. Onun söylədiyinə görə 2020-ci ildə 44 günlük müharibədə Ermənistan ordusunun təxminən 25%-i - 11 min nəfəri fərarilik edib, döyüşlərdən qaçıb. O, Paşinyanın və özünün könüllü cəbhəyə yollanmaq üçün erməni xalqına müraciətlərinə, çağırışlarına da cəmiyyətdən tutarlı reaksiya gəlmədiyini etiraf etdi. Başqa sözlə, erməni gəncləri Paşinyanın çağırışlarını cavabsız buraxıb - zorla ordu sıralarına cəlb edilənlər isə çıxış yolunu qaçmaqda görüb.

Bizim gənclərin vətənpərvərliyi isə cənab İlham Əliyevin son 20 ildə Azərbaycanda yarada bildiyi ictimai mühitin bəhrələri idi. Vətəndaşına yanaşmasının, hər yaş qrupunda olan insanlara eyni qayğı göstərməsinin, gənclər üçün yaradılan hərtərəfli şəraitin, ən əsası isə onlara vətənpərvərliyin aşılanmasının nəticələri idi. Bizim Prezidentimiz Azərbaycan gəncliyinə özü bir nümunə idi. Gənclik Liderimizin beynəlxalq kürsülərdə səsləndirdikləri fikirləri sosial şəbəkələrdə paylaşırdı. Liderimizin müharibə dövründə xarici mətbuat nümayəndələrinə verdiyi onlarla müsahibədəki qətiyyətli cavablar hər bir gəncin sosial şəbəkə manşetinə çevrilmişdi. Bu gün də elədir. Bu gün Azərbaycanda Prezientimizin fəaliyyətini, dəyərli fikirlərini dərhal gənclərimizin sosial şəbəkələrdəki paylaşımlarında görmək olur. Bu, inamdır, arxalanmaq, etibar etməkdir. Bir də xalqın Liderinə sevgisidir. Bu sevgi isə düz sərhədlərimizə qədər uzanır. Ölkəmizin sərhədlərinin, ərazi bütövlüyünün qorunması üçün hər kəsin sinəsini sipər etməsini şərtləndirir.

Xalqını xoşbəxt gələcəyə aparan LİDER

Bu gün Qarabağda yenidənqurma və bərpa işləri davam edir. Müharibədən dərhal sonra başlanan işlərin sürətlə aparılası soydaşlarımızın evlərinə daha tez qayıtmasına xidmət edir. Qarabağın inkişaf etdirilməsi, hər bir işğaldan azad edilmiş rayonumuzla bağlı Liderimizin fikirləri bu yurdların yaxın gələcəkdə böyük inkişafından xəbər verir.

Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən işlər isə nəinki xalqımızın, region dövlətlərinin də gələcək inkişafına hesablanmış addımdır. Ermənilər üçtərəfli 10 noyabr Bəyannaməsində üzərlərinə düşən öhdəliklərin icrasını gecikdirməyə çalışsalar da, bizim Liderimiz bütün məsələlərin həllinin öhdəsindən gələcəkdir. Çünki artıq dünyanın böyük ölkələri də bizi dinləyir, haqqın tərəfimizdə olduğunu anlayır.

Beləliklə Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtması, Zəngəzur dəhlizinin açılması, Naxçıvan blokadasının yarılması kimi gündəmdə olan məsələlərimiz yaxın gələcəkdə öz müsbət həllini tapacaqdır. Çünki bütün bunların hər biri ayrı-ayrılıqda Prezidentimizin diqqətindədir və görülən işlər, aparılan danışıqlar müsbət yöndədir.

Azərbaycan xalqı inandığı, etibar etdiyi, arxalandığı və sevdiyi Lideri ilə xoşbəxt gələcəyə doğru bir yolçuluğa çıxıb. Bu yolçuluqda hər an Ümummilli Liderimiz Heydər Əliyevin və xalqımıza müzəffər sərkərdə bəxş edən Zərifə xanım Əliyevanın parlaq ruhları bizimlədir. Çünki ağsaqqal, ağbircək olan yerdə Allah var. Ata vəsiyyətini reallaşdıran və bunu Şuşanın alındığı gün Bakıda Şəhidlər Xiyabanında böyük qürurla söyləyən Prezidentimiz xalqımızın çoxəsrlik ailə dəyərlərini qoruması ilə də nümunə oldu.

Nə xoşdur ki, Qarabağımızı-torpaqlarımızı, şərəf və namusumuzu xilas edən LİDERİMİZ var. Nə xoşdur ki, övladlarımız hər addımı Liderləri və dostları cənab İlham Əliyevdən öyrənirlər. Öyrənirlər ki, onlar da əsl övlad, əsl vətəndaş ola bilsinlər.

Mətanət Məmmədova

əməkdar jurnalist

Digər xəbərlər