Prezident İlham Əliyev: "Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı"
Zəfər qazanmış Azərbaycan tarixi hadisələrə şahidlik edir. Böyük Qayıdışı reallaşdıran tarixi günlər keçmiş köçkünləri öz yurd yerlərinə aparır. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandalarının qarşılaşması tariximizə yazılan bir hadisə kimi əbədiləşdi. Xalqımız yurd yerlərində tarixi hadisələrə şahidlik edirlər. Dövlətimizin başçısı oyundan əvvəl stadionda çıxış edərək bildirdiyi kimi, ilk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir:"Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi".
Qeyd edək ki, Xankəndi 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal ediləndən sonra yaradılan qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı idi. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən, Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçmiş, sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilmişdir.
"BU TORPAQLARIN SAHİBLƏRİ BİZİK, AZƏRBAYCAN XALQIDIR"
19-20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində 29 sentyabrdan Azərbaycan polisi şəhərə nəzarəti bərpa etmişdir. "Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq", – deyə Prezident diqqətə çatdırıb. Dövlət başçımız bildirib ki, üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır: "Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər".
15 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırmışdır. 8 noyabr 2023-cü ildə şəhərdə İkinci Qarabağ Müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş təntənəli hərbi paradın keçirilməsi tariximizdə silinməz bir səhifəni təşkil edir. Qısa bir zamandan sonra 21 dekabr 2023-cü ildə Xankəndidə futbol matçının keçirilməsi növbəti qələbəmiz oldu.
"BİZ ONLARA SÜBUT ETDİK Kİ, QARABAĞ AZƏRBAYCANDIR!"
İllər öncə yurd-yuvasından didərgin düşənlər bu gün işğaldan azad olunan ərazilərə qayıdaraq, yeni həyata başlayırlar. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan ərazilərə köçlər davam edir. Yenidən çiçəklənən ərazilərimiz doğma sakinlərini qarşılamağa davam edir. İşğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə hər bir səfəri tarixi hadisələlərlə yadda qalır. Böyük Qayıdışımız uğurla yerinə yetirilir. Artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. İnsanların doğma yerlərdən səsləri eşidilir. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. "Biz - bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində "İmarət" stadionunun yenidən inşa edilməsinə başlanılacaq".
"Dörd il bundan əvvəl bu stadionda bəziləri "Qarabağ Ermənistandır və nöqtə" demişdilər"- deyən Prezident qeyd edib ki, biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır! "İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl - İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik. Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!"
KEÇMİŞ MƏCBURİ KÖÇKÜNLƏR ƏZƏLİ TORPAQLARINDA
Azərbaycan tarixi günlərini yaşayır və bunlara şahidlik edir. Vətən müharibəsində qazandığımız Zəfərdən üç il zaman ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, doğma diyarlarına qayıdırlar. Ağalı, Talış kəndələrinə, Laçın və Füzuliyə qayıdış. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri də hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salındı. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 30 ailə - 121 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Xatırladaq ki, indiyədək Zabux kəndində 176 ailənin, yəni 688 nəfərin daimi məskunlaşması təmin edilib.
Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli sakinlərin bu torpaqda rahat, firavan yaşamasına istiqamətlənib.
Zümrüd BAYRAMOVA
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...