PDF Oxu

Siyasət

  • 2 347

ABŞ vətəndaş müharibəsinə sürüklənir TƏHLİL

ABŞ vətəndaş müharibəsinə sürüklənir TƏHLİL

İkinci dünya müharibəsindən sonra ABŞ ən ağır, fəlakətli dövrünü yaşadığını desək səhv etmərik. Çünki ölkə bütün sahələrdə, o cümlədən siyasi, hərbi, iqtisadi sahələrdə ciddi şəkildə geriləməyə məruz qalıb. Bu fakt yalnız hakimiyyətdə olan Baydenin apardığı yanlış siyasəti, həyata keçirdiyi səhv islahatları ilə bağlı deyil, həm də ölkənin resurslarının tədricən tükənməsidir. Digər tərəfdən, ABŞ dünyada inam və etimadını tamamilə itirib. Hətta Qərbi Avropa ölkələri rəsmi Vaşinqtondan uzaqlaşma siyasəti aparırlar. Halbuki, son illərə qədər Qərbi Avropa ölkələri ABŞ-ın vassalı olaraq tanınır və qəbul edilirdilər. Onlar iqtisadi, hərbi baxımdan ABŞ-dan asılı idilər, bir növ müstəqil siyasət aparmaqdan məhrum görünürdülər. Lakin hazırkı məqamda Qərbi Avropa ölkələri müstəqil siyasətə meyil göstərməklə ABŞ-ın təsir dairəsindən çıxmağa çalışırlar.

Vaşinqton ağır sınaq qarşısındadır

Ölkənin ictimai siyasi vəziyyəti də arzuolunan deyil. Hər gün demək olar ki, qanlı toqquşmalar baş verir və bu toqquşmalar zamanı insanlar həyatlarını itirirlər. Hələ 2010-cu ildə amerikalı alim, sosioloq, Konnektikut Universitetinin professoru Piter Turçin on ildən sonra ABŞ-da siyasi qeyri-sabitlik və xalq iğtişaşları dövrünün başlayacağını proqnozlaşdıranda, onlar inanmırdılar. Belə bir proqnoz o anda çox inanılmaz görünürdü. Artıq ABŞ-da cərəyan ağır proseslər Turçinin proqnozu özünü doğrultmağa başlayıb desək səhv etmərik. Afro-amerikalı Corc Floydun ölümündən sonra ABŞ-ı bürümüş kütləvi iğtişaşları, Kapitoliyə hücumu, beynəlxalq ödənişlərin iflası, dolların çöküşü onu deməyə əsas verir ki, Vaşinqton ağır sınaq qarşısındadır. Ən azı vətəndaş müharibəsi ölkəni 200 il əvvəlki qarışıq dövrə qaytara bilər. 2021-ci ilin yanvarın 6-da Vaşinqtonda Donald Tramp tərəfdarlarının Kapitoli binası önündə izdihamlı mitinqi zamanı aksiya iştirakçıları ilə polis arasında toqquşma daha amansız xarakter almışdı. O zaman nümayişçilər ABŞ prezidenti seçkilərinin ratifikasiyası keçirilən Konqresin binasına girib və onu bir neçə saatlığa zəbt etmişdirlər. Kapitoli binası qarşısında baş verən etiraz aksiyası və iğtişaşlar zamanı 4 nəfər ölüb, 17 nəfər yaralanmışdır. Konqresin iclası yarımçıq dayandırılıb, konqresmenlərin bir hissəsi təxliyə edilmişdir. İğtişaşların yatırılmasına milli qvardiya cəlb edilib və Vaşinqtonda komendant saatı elan olunmuşdur. Aksiya iştirakçılarından 52 nəfəri saxlanılıb. Etirazçılar binadan çıxarıldıqdan sonra Konqres müzakirələri bərpa etmişdir. Hazırkı ölkədaxili ağır durum eynilə 2021-ci il qanlı iğtişaşları, vətəndaş qarşıdurmalarını xatırladır. Bu da 2024-cü il noyabrın 5-nə təyin edilən prezident seçkiləri ilə bağlıdır. İddialı şəxslərdən biri digərinə milli maraqlar zərbə altında qalsa belə güzəştə getmirlər. Əhali prezidenti seçməklə yanaşı, ABŞ Senatını və Konqresini müəyyənləşdirməyə çalışacaqlar. ABŞ Konstitusiyasına əsasən, 35 yaşdan yuxarı, ABŞ-da anadan olmuş və ən azı 14 il bu ölkədə yaşamış vətəndaş prezidentliyə namizədliyini irəli sürə bilər. Nəzərə almaq lazımdır ki, seçki ölkə tarixində 60-cı prezident seçkiləri olacaq və bu seçkidə ABŞ-ın 47-ci prezidenti seçilə bilər.

Hazırkı ağır durum eyni ilə 2021-ci il qanlı iğtişaşları, vətəndaş qarşıdurmalarını xatırladır

ABŞ-ın hazırkı Prezidenti Co Bayden yenidən öz namizədliyini irəli sürüb. Demokratlar partiyasından onunla rəqabət aparacaq əsas fiqurlar Robert Kennedi (kiçik) və yazıçı, siyasətçi Marianne Villyamsondur. Siyasi analitiklər bildirirlər ki, hazırda bu partiyada Baydenin vahid namizəd göstərilmə şansı daha çoxdur. Respublikaçılardan prezidentliyə vahid namizədlər arasında keçmiş dövlət başçısı Donald Trampla yanaşı, daha 10 siyasətçi prezidentliyə vahid namizəd olmağa iddialıdır. Rəqib Demokratlardan fərqli olaraq, bu partiyada rəqabətin daha gərgin olduğu bildirilir. Belə ki, namizədlər arasında ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens, Florida ştatının qubernatoru Ron De Santis, partiyada Trampın ən sərt tənqidçisi, senator Liz Çeyni, keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton, Birləşmiş Ştatların daha 4 ştatının qubernatorları var. Maraqlıdır ki, eyni partiyanın üzvü olsalar da, bu namizədlərin əksəriyyəti 76 yaşlı Donald Trampın siyasətini tənqid edən siyasətçilərdir. 2022-ci ildə ABŞ-ın 45-ci prezidenti Donald Tramp seçki kampaniyasına başladığını elan edib. 25 aprel 2023-cü ildə isə hazırkı prezident Co Bayden namizədliyini irəli sürdüyünü açıqlayıb. Bu isə onu deməyə əsas verir ki, rəqabət bu iki namizəd arasında aparılacaq. Qalibin isə Tramp olacağı proqnozlaşdırılır. Çünki C.Baydenin sosial iqtisadi siyasəti ölkəni uçuruma sürükləyib. Eyni zamanda, əhali Baydenin xarici siyasətindən də narazıdır. Tramp isə müəyyən siyasi açılamaları və əhali ilə yaxın təmasları ilə 2020-ci illə müqayisədə bir qədər möhkəmləndirib. Hər iki partiyadan olan namizədlərin çıxışları və bəyanatları ABŞ cəmiyyətində böyük maraq doğurur. Onların Rusiya, Ukraynadakı müharibə, Çinlə münasibətlərin gələcəyi ilə bağlı mövqeləri isə daha mühümdür. Bundan başqa, hazırda həm Demokratlar, həm də Respublikaçıların bir sıra siyasi xadimləri indiki administrasiyanın Yaxın Şərq siyasətini kəskin şəkildə tənqid edirlər. Onlar bildirirlər ki, Vaşinqtonun ərəb ölkələri, xüsusən, Səudiyyə Ərəbistanı ilə münasibətlərinin möhkəmlənməsi zəruridir. Bu kontekstdə Donald Trampın bəyanatları daha çox marağa səbəb olur.

Tramp seçkilərə qatılmaqdan məhrum edilə bilər

D.Trampa qarşı məhkəmə çəkişmələri onun seçkilərdən kənarlaşdırılmasına gətirib çıxara bilər. Trampa qarşı açılan 16 iddiadan 9-u respublikaçı Con Entoni Kastro tərəfindən açılıb. O, iştirak etdiyi hər seçkidə uğursuzluğa düçar olub, pul müqabilində vergi məsləhətləri verir və hələ də kredit kartına 53.000 dollar borcu var. Kastro yüksək səviyyəli məhkəmələrdə şöhrət qazanmaq istədiyini gizlətmir. ABŞ hakimiyyətinin qismən də olsa təsiri olarsa məhkəmə Trampın seçkilərə qatılmasını əngəlləyə bilər. Nəzərə almaq lazımdır ki, C.Bayden dəfələrlə D.Trampı tənqid edib, onu ölkənin maraqlarına qarşı çıxmaqda günahlandırıb. C.Bayden ABŞ dövlətinə üzqaralıq gətirən Kapitoli binasına hücumun təşkilində D.Trampın rolu olduğunu qeyd edir. Bütün bunlar D.Trampın ziyanına olan yanaşmalardır. Lakin əksər siyasi təhlilçilər o fikirdədir ki, Bayden hakimiyyətinin Trampı prezident seçkilərdən kənarlaşdırmaq planları çətin olacaq. Hətta bu dirənişin ölkədə vətəndaş qarşıdurmasına gətirib çıxaracağı bildirilir. Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun baş elmi işçisi Vladimir Vasilyev Donald Trampın prezident seçkilərində iştirakı ilə bağlı vəziyyətlə bağlı proqnoz verib. Onun sözlərinə görə, əgər həqiqətən də ona ABŞ-ın müxtəlif ştatlarında Respublikaçıların praymerizində iştirakına icazə verilməsə, ölkə vətəndaş müharibəsinə qərq ola bilər: “Kolorado Ali Məhkəməsi Donald Trampı prezident seçkilərinə gedərkən yerli praymerizlərdən kənarlaşdıran kimi, Miçiqandan Nyu-Cersiyə qədər daha 16 ştatda da oxşar iddiaların qaldırıldığı məlum oldu. ABŞ-da əvvəllər belə bir vəziyyət olmamışdı. Və bütün növ analitikləri maraqlandırır: Tramp prezident ola biləcəkmi? Yoxsa qanuni hücumlarla başa çatacaq? Respublikaçının əleyhdarları ilk hüquqi uğurlarını ölkənin 14-cü düzəlişinə müraciət etməklə qeyd etdilər. Düzəliş hələ vətəndaş müharibəsində, 19-cu əsrdə qəbul edilib. Nəticədə qiyamda iştirak edən seçilmiş məmurlar dövlət vəzifələrində ola bilməzlər. Amma bu düzəlişdə prezidentin mövqeyi barədə konkret bir söz yoxdur. Trampın düşmənlərinin başa düşdüyü kimi üsyan 2021-ci ildə Kapitoliyə hücumun hekayəsidir. Bütün hekayənin çox uzaq olduğu aydındır. Üstəlik, iğtişaşlarda eks-prezidentin günahı sübuta yetirilməyib. Lakin Demokratlar ləngimək fikrində deyillər. Onların əsas vəzifəsi Baydenin reytinqlərinin aşağı düşməsi fonunda nəyin bahasına olursa-olsun rəqibindən yaxa qurtarmaqdır”.

Amerika Birləşmiş Ştatları və Kanada İnstitutunun baş elmi işçisi Vladimir Vasilyev onu da bildirib ki, Trampın vəkilləri ABŞ Ali Məhkəməsinə müraciət edəcəklərini bildiriblər. Əks halda, bütün seçkiqabağı proses aşağı gedəcək: “Üstəlik, Amerika vətəndaş müharibəsinin astanasında ola bilər. Əgər 2021-ci il hadisələri Kapitoliyə hücumla məhdudlaşsaydı, sabah bütün ölkədə iğtişaşlar ola bilər. Apellyasiya şikayəti həftələr, bəlkə də aylar çəkə bilər.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Pavel Şarikov isə o fikirdədir ki, ABŞ Ali Məhkəməsinin doqquz hakimindən altısı respublikaçılar tərəfindən, yalnız üç nəfərin namizədliyi irəli sürülüb: “Demokratlar tərəfindən. “Anlayan bir detal: Kolorado Ali Məhkəməsi bölündü: dördü lehinə, üçü əleyhinə idi. Qalmaqallı hökmü çıxaran ölkə tarixində ilk gey hakim Monika Markes olub. Trampın belə personajlara münasibəti hər kəsə məlumdur”.

Vəziyyətin son dərəcə ağır olması ABŞ üçün ləkə hesab edilə bilər. Həm də ölkənin demokratik dövlət imicinə sarsıdıcı zərbədir. Siyasətçilər isə hakimiyyət uğrunda gərgin savaşa başladıqlarından ölkənin uçurum kənarında olmasının fərqində deyillər. Bu isə amerikalıların bu günü və gələcəkləri üçün arzuolunmaz nəticələr vəd edir.

İLHAM ƏLİYEV

Digər xəbərlər