Müəyyən olunmuş zamanda ölkədə növbədənkənar Prezident seçkilərinin keçirilməsi bir çox yönlərdən labüddür və tam yerindədir. Qarabağ məsələsi kimi uzunillik problemin tam həlli və bir sıra ümdə məsələlər bu seçkilərdə seçicilərin daha fəal olacağını müjdələyir. Fəqət yenə də qara qüvvələr, boykot sözündən başqa söz bilməyən və qarayaxmadan savayı iş bacarmayan özgüvənsizlər narahat olmağa başlayıb.
Adını "Milli Şura" qoyub millilikdən payı olmayan dəstə beynəlxalq təşkilatları Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Bu qədər gülünc, nə qədər cılız, bu qədər ləlöyün olmaq olarmı?Əriyib tarix səhnəsindən silinməklərini sinirə bilməyən bu dəstə Qərbdən mədət ummaqla diriləcəklərini güman edirlərsə yanılırlar. Həmin təşkilatlar deyildimi 30 illik Qarabağ məsələsinin həllində başımızın altına yastıq qoyan?Bu nə deməkdir, bu nə xəyanətdir? Təsəvvür edək ki, guya hansısa sanksiya tətbiq ediləndə bundan xalq əziyyət çəkməyəcək, həssas təbəqənin durumu daha da ağırlaşmayacaq? Dövlətin xarici siyasətindəki uğurlarına, böyük qələbəyə qarşı kölgə salma niyyətinizdən dönməməklə bir daha astarınızı ifşa etdiniz.Seçkini boykot etmək əvvəlcədən uğursuzluğunu və xalqın etimadını bir faiz də olsa qazana bilməyəcəyini dəqiq bilənlərə aiddir. Seçki vəziyəti sanki bir meydandır. İllərdir meydan oxuyursunuz. İndi buyurun, bu da meydan. Meydandan qaçmaqla, xaricdən havadar axtarmaqla, qaranlıqlardan mədət ummaqla aydınlığa çıxa bilməzsiniz... Aydınlığa bəlkə seçkiyə qoşulmaqla çıxa bilərdiniz, onu da fövtə verib qaranlığı seçdiniz.Əvvəlki seçkilərdə boykot taktikasından yararlanmağa çalışan AXCP və Müsavat rəhbərləri bu dəfə reallıqları düzgün hesablaya bilmədilər və yanlış olaraq düşündülər ki, eyni taktika bu dəfə də effektiv olacaq, onların işinə yarayacaq. Lakin gözləntiləri doğrulmadı. Yanıldılar. Həm də çox ciddi şəkildə yanıldılar. Onlar bu addımı atmaqla özlərini xalqın gözündən saldılar. Çünki xalqımız Zəfər seçkilərində bütün siyasi qüvvələrdən həmrəylik gözləyirdi. Lakin vətəndaşlarımız bir daha əyani surətdə gördü ki, radikal müxalifətdə milli birlik, həmrəylik anlayışı yoxdur.
Ona görə də onların “qəfil seçki”, “növbədənkənar seçki”, “qeyri-bərabər imkanlar”, “gözlənilməz seçkilərə hazırlıqsızlıq” kimi çeşidli bəhanələri indi onların öz əleyhinə işləyir. Peşəkar siyasətdə bu cür absurd anlayışlar, bəhanələr qətiyyən işə yaramır. Heç kim bu cür bəhanələri ortaya atmaqla özünün siyasi impotentliyinə, səriştəsizliyinə, bacarıqsızlığına haqq qazandıra bilməz. Sən siyasət meydanındasansa və özünü “ana müxalifət lideri”, peşəkar siyasətçi-flan hesab edirsənsə, o zaman zəhmət çəkib bu iddialarına uyğun olmalısan və hətta ən əlverişsiz seçki kampaniyasına da qatılmağı, müəyyən dividendlər qazanmağı özünə borc bilməlisən. Ümumiyyətlə, əgər siyasi partiya liderisənsə, heçbir bəhanə gətirmədən seçkiyə qatılmalısan. Seçkilərdə iştirak etmək siyasi partiyaların təkcə hüququ deyil, həm də vəzifəsidir. Seçkilərdən yayınan partiya isə partiya deyil, sıradan bir dərnəkdir, ən yaxşı halda siyasi diskussiya klubudur. Və zənnimizcə, bütün bu adidən də adi həqiqətləri əli kərimlilər, arif hacılılar özləri də yaxşı bilirlər. Ancaq buna rəğmən yenə də boykot yoluna üstünlük verdilər. Bu da səbəbsiz deyil. Onların bu addımının pərdəarxası motivləri var.Azərbaycanın düşmənləri Prezident İlham Əliyevin tarixi uğurlarının və Ordumuzun şanlı Zəfərinin nəticələrini siyasi kataklizmlərlə, sosial-iqtisadi böhranlarla əvəz etmək üçün düyməyə basıblar və bu cür məkrli planlarını da məhz daxildəki destruktiv qüvvələrin, radikal müxalifətin əli ilə gerçəkləşdirməyə çalışırlar. Sifarişli təxribat vasitəsi və ucuz, hiyləgər addım sayılan “boykot” texnologiyası da onlara məhz bununçün lazımdır. Lakin onların bu hiylələri, təxribatları, seçkiyə getməmək üçün uydurduqları ağlasığmaz bəhanələr bütün hallarda uğursuzluğa məhkumdur.
Böyük siyasətdə prinsipial və sağlam mövqe nümayiş etdirə bilməyən qüvvələrin “boykot çətiri” altına sığınması onsuz da onları siyasi fiaskodan xilas etməyəcək. Azərbaycanın tarixi qələbələrinin sonrakı taleyini müəyyən edəcək bu seçkilərdə həlledici sözü çürük siyasi qüvvələrin yıpranmış “boykot” taktikası yox, müdrik xalqımız deyəcək. Azərbaycan xalqı ona Qələbə sevincini yaşadan Ali Baş Komandanına, ölkəmizi təhlükəsiz gələcəyə və davamlı inkişafa aparmağın yollarını yaxşı bilən təcrübəli siyasi Liderinə - İlham Əliyevə səs verəcək. Bir sözlə, fevralın 7-si ən yeni siyasi tariximizə radikal müxalifətin iflas günü kimi düşəcək.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri