Bu gün radikal müxalifətin ölkəmizdə gələn il keçiriləcək növbədənkənar seçkilərlə bağlı qərəzli mövqelərdən çıxış etmələri tamamilə gözlənilən idi. Həm də onların belə mövqe tutmalarının bir neçə səbəbi vardır. Üzdə olan, yəni daha çox önə çəkilən səbəb kimi ilk növbədə bu partiyaların ictimai dayaqlarının və potensial elektoratlarının olmamasıdır. Məlum olduğu kimi, 2024-cü ildə Azərbaycanda prezident seçkiləri ilk dəfə olaraq ölkənin istisnasız bütün ərazisində keçiriləcək. Azərbaycan xalqı buna Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əvvəlcə 2020-ci ildə apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa çatdıraraq öz torpaqlarını işğaldan azad etməklə, sonra da bu ilin sentyabr ayında keçirdiyi anti-terror əməliyyatı nəticəsində ölkənin tam suverenliyini bərpa etməklə nail olub. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi özünün ən zirvə nöqtəsindədir. Bu birlik cənab Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 il ərzində verdiyi bütün vədləri yerinə yetirməsi, sözün əsl mənasında, hər bir azərbaycanlının prezidenti olması nəticəsində formalaşıb və möhkəmlənib. Bütün bunlara görə də Azərbaycan xalqı üçün cənab İlham Əliyev alternativsiz Liderdir. Əlbəttə ki, bu vəziyyət öz acizliyini, gücsüzlüyünü dərk edən radikalları məyus edir və onları təxribatlara sövq edir.
Lakin yuxarıda qeyd olunanlar radikal müxalifəti qərəzli mövqelərdən çıxış etməyə sövq edən yeganə səbəb deyil. Məsələ bundadır ki, bu gün Azərbaycanın nə Vətən müharibəsindəki qələbəsini, nə də öz suverenliyini tam bərpa etməsini həzm edə bilməyən bəzi Qərb ölkələri də növbədənkənar prezident seçkilərini təxribatlar üçün real fürsət kimi dəyərləndirməyə çalışırlar. Təbii ki, bu məqsədlə onlar, ilk növbədə, ayrı-ayrı xarici dairələrin maraqlarına xidmət etməyə, qrant layihələrdən faydalanaraq cəmiyyətdə ixtilaflar yaratmağa hər zaman hazır olan radikallardan istifadə etməyə çalışacaqlar. Lakin kimlərin hansı təxribatlar, hansı məkrli planlar hazırlamasından asılı olmayaraq ölkəmizdə bu planların həyata keçmə ehtimalı sıfıra bərabərdir. Radikal müxalifət bundan əvvəlki boykot çağırışları nə ilə nəticələnmişdisə, bu dəfə də nəticə eyni olacaq. Bu mövqe nümayişi isə, radikal müxalifətin hətta Azərbaycanın müəllifi olduğu yeni reallıqların fonunda belə əsla dəyişmədiyini və bu reallıqları qəbul edə bilmədiklərini aşkar şəkildə nümayiş etdirir.
Azərbaycan xalqı dövlətimizin bundan sonrakı inkişafının da ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursunun davam etdirilməsi ilə təmin olunacağını hamıdan yaxşı bilir. Buna görə də 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində xalqımız hər zaman olduğu kimi, öz Prezidentinin yanında olacaq və öz səsini ən layiqli namizədinə verəcək.
Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü