PDF Oxu

Siyasət

  • 2 845

“Boykot” ucuz və hiyləgər addımdır ŞƏRH

“Boykot” ucuz və hiyləgər addımdır ŞƏRH

Azərbaycanda 2024-cü il 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verilən qərarın mühüm önəmi var. Bu, həmçinin növbəti siyasi yarış üçün vacib bir haldır. Ölkəmizdə mövcud olan azad rəqabət mühitində özünə, elektoratına güvənən siyasi təşkilatlar üçün seçki olduqca vacib platformadır. Siyasi partiyalar hər zaman seçkiyə qatılmaqda maraqlı olmalıdır. Lakin Azərbaycanda özünü hər zaman açıq, demokratik seçki mübarizəsindən kənar saxlamaqla qarayaxma kampaniyasında görən siyasi partiyalar da mövcuddur. Bu mənada, AXCP və Müsavatın tutmuş olduğu mövqe təəccüb və təəssüf doğurur.

Təəssüflər olsun ki, sağlam rəqabəti seçmək əvəzinə təxribatları seçən destruktiv müxalifətin yanaşması seçkiləri qərəzli şəkildə “boykot” elan olunması xarici qüvvələrə xidmətin əyani təzahürüdür. Həqiqət odur ki, “boykot” siyasi rəqabət metodu deyil, sadəcə olaraq qərəzli informasiya və manipulyasiyalar üçün münbit şərait yaradan “siyasi texnologiyadır”. Ona görə ki, “boykot” – sifarişli təxribatdır. Qeyd edək ki, “Kirli” texnologiyaların klassik növü hesab olunan “boykotdan” əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı hallar yaratmaq üçün istifadə olunur. Eləcə də bu, ucuz və hiyləgər addım olmaqla yanaşı bilavasitə təxribatlara yol açan siyasi hiylədir. Həmçinin belə yanaşmalar “ikili standartlar” siyasətinin mahiyyəti olaraq ortaya çıxır. Fakt odur ki, siyasi sabitliyi pozmaq və ölkənin daxili məsələlərinə müdaxilə etmək arzusunda olan xarici qüvvələr seçki prosesini təxribatlar üçün “universal” fürsət yaradan amil kimi dəyərləndirir.

Şübhəsiz ki, radikal təfəkkürün əsasında yalnız kimlərinsə maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaq kimi xain amillər dayanıb. Destruktiv müxalifətin fəaliyyətinin əsasını acıq, nifrət, natamamlıq kompleksi, xainlik, cəmiyyət arasında şübhə toxumunu səpmək arzusu və digər bu kimi ictimai şüuru qaranlığa sürükləyən amillər təşkil edir. Qeyd edək ki, bütün dövrlərdə cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər radikalların fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlərdən olub. Lakin bu qüvvələr anlamır ki, seçkilədə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. “Boykot” pərdəsi altında zəifliyi gizlədən radikallar bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alverlə məşğul olan təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə hətta az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş olur.

O cümlədən radikalların əsas strateji hədəfi cəmiyyətdə seçki ilə bağlı yalan məlumat və qərəzli şayiələrin yayılmasından ibarətdir. Həmçinin “boykotun” elan olunması, eyni zamanda, onların mənəvi məğlubiyyəti deməkdir: “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olub. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib.

Əminliklə ifadə edə bilərik ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi demokratik prinsiplərə uyğun açıq siyasi mübarizə fonundadır. Qürurla qeyd edək ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan demokratik şəffaf cəmiyyət anlayışı bu gün özünün ən yüksək pilləsinə çatıb. Hazırda idarəçiliyin formalaşmasında əsas amil cəmiyyətin istək və arzularıdır. Bununla da 2024-cü ilin 7 fevral tarixində keçiriləcək seçkilər Azərbaycanın ictimai-siyasi həyatında növbəti mərhələ kimi daxil olacaq. Növbədənkənar seçkilərin keçirilməsinə dair qərarın ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunması da bu mənada mühüm önəm kəsb edir. Bu mənada seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Lakin bütün bunların fonunda radikal anti-milli ünsürlərin seçkiləri “boykot” qərarı onların çirkin niyyəti ilə bağlıdır. Onlar bu seçkilərdə də biabırçı şəkildə məğlub olacaqlarına əmindir. Azərbaycan cəmiyyəti isə hər zaman olduğu kimi həqiqətə, reallığa, xoşbəxt gələcəyə, güclü, qalib dövlət anlayışına səs verməklə radikallara layiqli cavab vermiş olacaq.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər