PDF Oxu

Siyasət

  • 2 188

Radikalların boykot tamaşası ŞƏRH

Radikalların boykot tamaşası ŞƏRH

Məlumdur ki, ölkəmizdə seçki kampaniyasına rəsmi start verilib. Mərkəzi Seçki Komissiyası qanunvericiliyə əsasən müvafiq tədbirlərə başlayıb. Ümumiyyətlə, hüquqi və demokratik dövlət olan Azərbaycanda indiyədək keçirilən seçkilər də azad və şəffaf şəkildə baş tutub. Respublikamızda demokratik, beynəlxalq təcrübəyə əsaslanan seçki sistemi mövcuddur. 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycanda demokratik seçki sisteminin əsasını müəyyən edib və 2003-cü ildə vahid Seçki Məcəlləsi qəbul edilənədək ölkədə prezident, parlament və bələdiyyə seçkiləri ayrı-ayrı qanunlarla tənzimlənirdi. Lakin Seçki Məcəlləsinin qəbul edilməsi ilə bütün seçkilər vahid qanunvericilik əsasında reallaşdırılır. Radikal müxalifət partiyalarının 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisində iştirakdan imtina etməsi heç kəsdə təəccüb doğurmadı. İlk dəfə olaraq Azərbaycanın bütün ərazilərini əhatə edəcək və şərti olaraq Zəfər Seçkisi adlandırılan prezidentlik uğurunda mübarizəyə qoşulmayan siyasi qüvvələr təkcə “qorxaq” yox, “anti milli” də adlandırıla bilərlər. Axı biz son 3 ildə böyük tarix hadisələrə şahidlik etmişik. Yüz illər boyunca danışılacaq, dərsliklərə düşəcək uğurlu hərbi əməliyyatlarımız, əldə etdiyimiz qələbələr Azərbaycanı sevən hər kəsi sevindirməliydi…

Siyasətdən uzaq olan sıravi sosial şəbəkə istifadəçisi demək olar ki, seçkilərin tarixi elan olunan gündən etibarən “boykot” sözü ilə rastlaşır. Günlər keçdikcə bu söz tədricən “ön plan”a keçir və hətta bəzi məqalələrin “başlıq” statusuna da müvəffəq olur. Qərb “ssenaristləri” bu klassik texnoloji metoddan müxtəlif ölkələrdə uzun illərdir öz maraqlarına uyğun istifadə edib və etməkdədirlər. Sadə şəkildə ifadə etməli olsaq, hər hansı bir seçkinin ətrafında boykotun elan olunması təxribat xarakterli ssenarilərin məhz birinci mərhələsidir. Görünən odur ki, mürəkkəb nəzəriyyələrdən uzaq duraraq, onun məkrli niyyətlərə xidmət edən “kirli” siyasi texnologiyaların, sadəcə, bir növü olmasının geniş şəkildə anlaşılmasına ehtiyac var. Çünki hər kəsə aydın olmalıdır ki, “boykot” prinsipial mövqeyin nümayişi deyil, o, bilavasitə təxribatlara yol açan siyasi hiylədir.

Etiraf edək ki, 2020-ci ilə qədər keçirilən seçkilərdə müxalifətdən olan namizədlər çıxışlarını əsasən keçmiş Qarabağ münaqişəsi ətrafında qurardılar. Bu gün isə Qarabağ mövzusu aktual deyil və yaxud ümumiyyətlə yoxdur. Sağlam rəqabət əvəzinə təxribatları seçən destruktiv müxalifətin yanaşması seçkiləri qərəzli şəkildə “boykot” etməsi xarici qüvvələrə xidmətin əyani təzahürüdür. Çünki “boykot” siyasi rəqabət metodu deyil. Bu sadəcə olaraq qərəzli informasiya və manipulyasiyalar üçün münbit şərait yaradan “siyasi texnologiyadır” və ya sifarişli təxribatdır. “Kirli” texnologiyaların klassik növü hesab olunan “boykotdan” əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyalar yaratmaq üçün istifadə edilir.

Radikallar “boykot” pərdəsi altında öz zəifliyini gizlətməyə çalışır. Bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alver ilə məşğul olan təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə hətta az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş olurlar. Radikalların “boykot” qərarlarını əslində bir tamaşa adlandırmaq olar. “Boykot” texnologiyanın strateji hədəfi, eyni zamanda, cəmiyyətdə seçki ilə bağlı yalan məlumat və qərəzli şayiələrin yayılmasından ibarətdir.

Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlərdən olublar. Seçkilədə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. Siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etməkdən imtina edənlərin səbəbi zəiflik və qalmaqallı situasiyaları təhrik etməkdir.

Azərbaycan xalqı radikal müxalifətin kimlərin havasına qol qaldırdıqlarını, kimlərin əmri ilə oturub-durduqlarını yaxşı bilir. Onların keçmişdəki fəaliyyəti bizim yadımızdan çıxmayıb. Ölkəmizi, xalqımızı zəif, sözəbaxan, qeyri-mədəni bir doplum kimi görmək istəyən qüvvələr məqsədli şəkildə radikal müxalifətin məhdud imkanlarından maksimum yararlanmaq istəyirlər. Müsavat Partiyası və AXCP-nin anti-Azərbaycan layihəsində yer alaraq çirkin kampaniyaya qoşulması yalnız təəssüf doğura bilər. Boykot çağırışına gəldikdə isə, radikalların yetərincə sosial dayağı olsaydı, seçicilərin səsini qazanmaq haqqında düşünərdilər. Əsl həqiqət ondan ibarətdir ki, radikallar cəmiyyət tərəfindən boykot olunub və onların çağırışını kimsə nə eşidir, nə də eşitmək istəyir.Otuz il ərzində özünə müxalifət “flaqmanı” adını vermiş bir partiyanın “biz seçkilərə hazır deyilik” deməsi də yalnız acizliyin etirafıdır. Burada nə məsuliyyət, nə peşəkarlıq, nə də ki, hər hansı xoş niyyətdən söhbət belə gedə bilər. Odur ki, bu cür siyasətciklərin bütün ritorikası yalnız müxtəlif təxribatların yaranmasına xidmət edən yalanlardan ibarətdir. Onlar bu cür davranışları ilə təkcə vətəndaşlarımıza qarşı məsuliyyətsiz davranmırlar. Eyni zamanda, hətta az sayda olan üzvlərinə qarşı da riyakar olduqlarını göstərmiş olurlar.

ARZU ƏLİYEVA

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər