PDF Oxu

Siyasət

  • 2 383

Moskvanın və Bakının səbri tükənir ŞƏRH-ANALİTİK

Moskvanın və Bakının səbri tükənir ŞƏRH-ANALİTİK

Rusiyalı politoloqlar Ermənistanın oyunbazlıqlarından danışdılar

Rusiyanın təklifi ilə keçirilən beynəlxalq tədbirləri boykot edən Ermənistanın baş naziri Paşinyanın ilin son toplantısında Rusiyaya gedib-getməyəcəyi müzakirə mövzusudur. Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri, politoloq Tatyana Poloskovanın fikrincə, söhbət Avrasiya İqtisadi İttifaqının iclasından gedirsə, Paşinyanın orada iştirakı həm Rusiya, həm də Ermənistan üçün prinsipial məsələdir.

Tatyana Poloskova: "Paşinyanın Sankt-Peterburqdakı tədbirlərdə iştirakdan imtinası kobud siyasi demarş xarakteri alır"

Onun sözlərinə görə, 2023-cü il dekabrın 22-də “Rosakkreditasiya” Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin Akkreditasiya Orqanları Rəhbərləri Şurasına sədrliyini Ermənistana verib. “Bundan əlavə, Milli Assambleyanın sədri Alen Simonyan bu il dekabrın 22-də ölkənin 2024-cü ildə Aİİ-yə mümkün sədrliyini elan edib. Simonyan bəyan edib ki, Ermənistan KTMT-nin işini iflic etmək niyyətində deyil, lakin İrəvan yalnız erməni maraqlarına zidd olmayan sənədləri ratifikasiya edəcək. Bu vəziyyətdə Paşinyanın Sankt-Peterburqdakı tədbirlərdə iştirakdan imtinası kobud siyasi demarş xarakteri alır və Rusiya ilə münasibətlərə ciddi zərbə vura bilər. Qərbin hələ də rəsmi İrəvana verdiyi vədləri həyata keçirməyə tələsmədiyini nəzərə alsaq, belə konfiqurasiyanın ona sərf edəcəyi ehtimalı azdır”, - Poloskova deyib.

O, həmçinin qeyd edib ki, Paşinyan dəfələrlə məntiqsiz davranış nümayiş etdirib və bununla da Rusiyanı qıcıqlandırıb: “Amma bu halda Ermənistan Ali Avrasiya İqtisadi İttifaqının iclasında iştirak etməkdə maraqlıdır. Əks halda, Rusiya ilə münaqişə sərt qarşıdurma mərhələsinə keçəcək. Ermənistan buna iqtisadi cəhətdən dözməyəcək”.

Vladislav Gerdin: "Yenidən manipulyasiyalar, konsepsiyaların dəyişdirilməsi başlayır və İrəvandakı siyasətçilər revanşist bəyanatlar səsləndirirlər"

Digər rusiyalı politoloq Vladislav Gerdinin fikrincə isə, son aylar Paşinyanın qeyri-adekvat davranışı həm Azərbaycanın, həm də Rusiyanın səbrini daşdırıb. Amma həm Bakı, həm də Moskva Paşinyana siyasi hərəkətlərini korrektə etməyə çağırışlar edirlər: “Görünür, Bakı və Moskvanın erməni tərəfinə qarşı öz iddiaları var. Amma Azərbaycan və Ermənistanın birgə bəyanatından sonra biz erməni tərəfinin yeni dağıdıcı hərəkətlərini görürük. Yenidən manipulyasiyalar, konsepsiyaların dəyişdirilməsi başlayır və İrəvandakı siyasətçilər revanşist bəyanatlar səsləndirirlər. Bu mənada Paşinyan və onun kabineti Bakı və Moskvanın ehtimal reaksiyasını açıq-aydın qiymətləndirmir”.

Gerbinin fikrincə, Paşinyan artıq qırmızı xəttə çatıb və bundan sonra reallıq Ermənistan üçün sürətlə dəyişə bilər. “Ermənistanın baş nazirinə dekabrın sonunda Rusiya XİN nümayəndəsi Sankt-Peterburqa səfər etmək barədə rəsmi təklif göndərib. İrəvana göndərilən sənəddə yazılıb: “Biz ümidvarıq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyası prezidentinin dəvətini qəbul edəcək və dekabrın 25-26-da Sankt-Peterburqa gələcək. Bütün suallarınızı orada verə bilərsiniz”, - deyə o bildirib.

Beləliklə, politoloqlar qənaətə gəlirlər ki, son təklif qəbul edilməsə, İrəvanla başqa cür danışmağa başlayacaqlar. Moskva Paşinyanı çox sərt şəkildə cəzalandıra bilər.

Afət Tahirqızı

Digər xəbərlər