Xocalı şəhəri bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı yaşadı. Bu soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Əlbəttə ki, erməni-rus hərbi birləşmələri Xocalıda terror planını əvvəldən hazırlanmışdılar. 1992-ci il yanvarın 16-da keçirilən "Xüsusi müşavirə" sözügedən planın tərtib edilməsinə xidmət etmişdir. "Xüsusi müşavirə"də "Hoydad" və "ASALA" erməni terror təşkilatlarının nümayəndələri ilə yanaşı, Xankəndidə yerləşdirilmiş ruslara məxsus 366-cı motoatıcı alayın komandiri polkovnik Zarviqorov da iştirak etmişdi. 1992-ci ilin yanvar ayında Paris yaxınlığında qeyri-leqal məxfi təlim düşərgəsi yaratmış "ASALA" erməni terrorçu təşkilatının bir qrup üzvü 26 nəfərlik dəstə, mayor Aqşin Mimonyanın başçılığı ilə Xankəndinə gəlmişdi. Müşavirədən sonra 366-cı alayın tərkibində edilən dəyişikliklər xüsusi maraq doğurur. Belə ki, həmin il yanvarın 23-də 366-cı alayında 93\5 nömrəli sərəncam imzalanmışdı. Alayın daxili möhürü ilə təsdiq olunmuş sərəncama əsasən, alayda xidmət edən gürcülər, tatarlar, belaruslar, türkmənlər, qazaxlar və ləzgilər ordudan təxris olunmuşdur. Beləliklə, alaydan tərxis olunmuşların yerini xüsusi təlim keçmiş "Haydad"çılar tutmuşlar.
Xocalının işğalı 1991-ci ilin oktyabrından, erməni quldur birləşmələrinin şəhəri mühasirəyə almasından başlayır. Həmin vaxtdan etibarən bütün avtomobil yolları bağlanmış, cığır və keçidlər ermənilərin nəzarəti altına keçmişdi. Əraziyə yalnız havadan daxil olmaq mümkün idi ki, bu da böyük risk tələb edirdi. İşğal ərəfəsində Şuşa səmasında sərnişin vertolyotunun vurulması 40 nəfər azərbaycanlının həyatına və Xocalı sakinlərinin ümidlərinə son qoydu.
İNSANLIĞA QARŞI ƏN AĞIR CİNAYƏTLƏRDƏN BİRİ
Faciənin baş verməsindən xeyli əvvəl artıq şəhərdə vəziyyət də gərginləşmişdi. Xocalı sakinləri şəhəri əldən vermək fikrində deyildilər və əli silah tutan hər bir Xocalı sakini ata-baba yurdunun müdafiəsinə qalxmışdı. 1992-ci il fevralın 25-də gecə saat 23-də ermənilər keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı ən müasir döyüş silahlarının və canlı qüvvələrinin köməyi ilə qəflətən şəhərə güclü hücuma keçmişdi. 1992-ci il fevralın 26-da baş verən faciə xalqımızın taleyində ən ağır və acılı anlarından biri kimi yaşandı. Yüzlərlə dinc sakin tarixdə analoqu olmayan işgəncələrlə öldürüldü, meyitləri təhqir olundu. Uşaqlar, qadınlar, qocalar və bütöv ailələr məhv edildi. XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri baş verdi. Xocalı faciəsi öz ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında xüsusi yer tutur.
Xocalıya hücum əməliyyatına 366-cı alayın ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci taqımının qərargah rəisi Valeri Çitçyan rəhbərlik etmişlər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilmişdir. Az bir vaxt ərzində şəhərdə böyük miqyaslı yanğınlar baş verdi və şəhər tamamilə alova bürünür. Şəhərin azsaylı müdafiəçiləri və yerli əhalidən sağ qalanlar buranı tərk etməyə məcbur oldular. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən işğal edildi. Xocalı bir gecənin içərisində yerlə yeksan olundu. Beləliklə, soyuq və qarlı fevral gecəsində minlərlə dinc sakin girov götürüldü. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar.
SÜLH VƏ BƏŞƏRİYYƏT ƏLEYHİNƏ YÖNƏLƏN ƏMƏL VƏ ƏN AĞIR BEYNƏLXALQ CİNAYƏT
Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir.Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Belə ki, bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayətdir. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. Bu, BMT Baş Məclisinin 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilib və 1961-ci ildə qüvvəyə minən soyqırımı cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub. "Memorial" Hüquq-Müdafiə Mərkəzi də təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyasına, həmçinin, Ümumdünya İnsan Haqları Bəyannaməsinin maddələri kobud qaydada ziddiyyət təşkil edir. Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsi olub. Əlbəttə ki, ermənilər Xocalı soyqırımını törətməkdə siyasi və strateji məqsəd güdürdülər. Belə ki, Xocalı Qarabağda strateji əhəmiyyətli mövqeyə malik idi, həm də düşmənin məkrli niyyətlərinin reallaşmasına ən böyük maneə rolunu oynayırdı. Dağlıq Qarabağı işğal etməyi qarşılarına əsas məqsəd kimi qoyan Ermənistan silahlı birləşmələri, nəyin bahasına olursa-olsun, bu maneəni aradan qaldırmağa çalışırdılar.
XOCALININ QAPISI ÜZÜMÜZƏ AÇIQDIR
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Artıq bu gün Xocalının qapısı üzümüzə açıqdır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı rayonunda olublar. Dövlətimizin başçısı və birinci xanım rayonun qədim Şuşakənd kəndinin ərazisinə baxış keçiriblər.
Daha sonra Prezident İlham Əliyev Xocalı rayonunun Dağdağan, Naxçıvanlı, Pirlər kəndlərində olub. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Xocalı separatçılardan təmizlənib. Artıq Azərbaycan əzəli torpaqlarına qayıdıb.
Nəzakət ƏLƏDDİNQIZI