PDF Oxu

Siyasət

  • 2 030

AĞDAM: ən gözəl doğum günü hədiyyəsi -TƏHLİL

AĞDAM: ən gözəl doğum günü hədiyyəsi -TƏHLİL

Doğum günlərini adəti üzrə xalqı ilə birlikdə qeyd edən dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyev bu il də 24 dekabrda Ağdamda olmaqla özünəməxsus ənənəsini davam etdirdi. Müdrik sərkərdəliyi ilə işğaldan azad edilən Ağdam isə Prezidentimiz üçün ən gözəl ad günü hədiyyəsi oldu: azad olunduğu gündən bəri gözəlləşən hüsnü və həmin gün istifadəyə verilən, təməli qoyulan bir sıra möhtəşəm obyektləri, yolları, kəndləri, kompleksləri ilə... Bütün bunları seyr etmək insanın qəlbini qürur hissi ilə doldurur. Torpağı düşməndən geri alıb onun üzərindəki şəhər və kəndləri yenidən qurmaq, illərlə həsrətində olan sahibinə qaytarmaq, yurd-yuva hicranını vüsala çevirmək nə qədər savabdırsa, bir o qədər də böyüklük, müdriklikdir. Hər dövlət başçısına nəsib olmayan missiyadır.

Hər dəfə Ağdama baxanda...

Ağdamın inkişafına, yenidən qurulmasına hər dəfə baxanda ürəyimizi sızladan xatirələr canlanır gözlərimiz önündə: 27 il düşmən tapdağı altında qalan və 2020-ci ilin 27 sentyabrından başlanan yolla azadlığına doğru yolçuluğa çıxan Ağdam bir qərinəyə yaxın qara günlər yaşadı, gözəl hüsnündən əsər-əlamət qalmadı. Vəhşi düşmən bu ağ saraylı, ağ binalı şəhəri yerlə yeksan etdi. Dağıdıldı, yandırıldı, köksü qara tüstü burulğanına büründü. Ağ şəhər qara şəhərə çevrildi. Həm də qara günlü şəhərə...

27 il idi ki, adından “ağ” sözünü çıxarıb qara bəxtli, qara taleli adlandırmışdıq Ağdamı. Çünki ağ günündən, ağappaq şölə saçan növrağından əsər-əlamət qalmamışdı bu yurdun. Ona yad əllər uzanmışdı. Bədxah addımlar köksündə yaralar açmışdı. Tanış olmayan nəfəslər bu yerlərin ağ gününə qara tüstü püskürmüşdü. İllərdi yanırdı çinarlıqları. Sökülürdü abidələri, mədəniyyət ocaqları. Dağıdılırdı zəhmət əllərinin ucaltdığı evlər - bir ailənin ümidi sökülürdü. Evindən-eşiyindən köçmək məcburiyyətində qalanların yuxularının tez-tez qonağı olurdu Ağdam. Bu yuxular dünyada məşhur olan Qarabağ atlarının məskəni olan Ağdamın ağ atlı oğullarından, ağ duvaqlı qızlarından “danışırdı”. 27 il əvvəl Qarabağın qoynundakı ən çox şəhid verən bu bəyaz şəhərin qara günlərini nağıl edirdi o yuxular. Lakin nə bu yuxular, nə də real həyat belə davam edəcəkdi. Bu torpaqların sahibi gələcək, öz əzəli ata-baba yurdunu düşməndən təmizləyəcəkdi. Dövlətimizin başçısının dediyi kimi: Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş və böyük vəsait xərclənmiş istehkamlar. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etmişdilər. Bizim gücümüzü düzgün hesablaya bilməmişdilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bizi o Qələbəyə aparan həm gücümüz, texniki təchizatımız, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.

Ağdam qara libasını çıxarıb öz tarixi bəyaz donunu geyinir

2021-ci il may ayının 28-də Ağdama səfəri zamanı Prezident İlham Əliyev demişdir: “Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək. Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq”.

Bəli, həmin səfər çərçivəsində Ağdamın Baş Planı təsdiq edildi. Bu planla da Ağdam sürətlə ağ günlərinə qovuşmağa başladı. Ötən il fevralın 13-də dövlətimizin başçısının və birinci xanımın “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirakları ilə Ağdam 27 ilin qara libasını əynindən çıxarıb öz tarixi bəyaz donunu geyindi. İşğaldan azad edilən Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən “Xındırıstan” yarımstansiyasından 35 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xəttinin, Ağcabədidən Xındırıstana, oradan da “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına qədər ümumilikdə 63 kilometr məsafədə 110 kilovoltluq xəttin üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiberoptik kabelin çəkilməsi, bununla da Ağdama təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürmə qabiliyyətli sürətli internet xətti bəxş etdi.

Dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfərləri çərçivəsində dövlətimizin başçısının “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışında iştirak etməsi müharibədən dərhal sonra başlanan və sürətlə həyata keçirilən tədbirlərin davamıdır.

Dövlətimizin başçısına məlumat verilib ki, Ağdam rayonunun Xocalı rayonu ilə sərhədində yerləşən Şelli kəndi ərazisində “AzərEnerji” tərəfindən 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyası inşa edilib. “Ağdam” qovşaq yarımstansiyasına “Ağdam-1” yarımstansiyasından 10 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq ötürmə xətti və bu xəttin üstündəki ildırımötürücü trosun içində 24 damarlı fiberoptik kabel xətti çəkilib.

Bu yarımstansiyanın Ağdamın Xocalı ilə sərhədində tikilməsinin xüsusi əhəmiyyəti vardır. Yəni, “Ağdam” qovşaq yarımstansiyası rayonun bəzi kəndləri ilə yanaşı, əsasən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Xankəndini ölkə enerji sisteminə qoşmaqla bərabər, həmçinin ehtiyat qida mənbəyi kimi regionun enerji təchizatında etibarlılığı təmin edir. Bunun üçün yarımstansiyada ehtiyat yuvalar da quraşdırılmışdır. Regionda suverenliyimiz bərpa olunduğundan yaxın vaxtlarda “Ağdam” qovşaq yarımstansiyasından Xankəndiyə 110 kilovoltluq ötürmə xətti çəkilərək 110/35/10 kilovoltluq “Şuşa” və “Füzuli” yarımstansiyaları ilə əlaqələndiriləcək. Bununla da ikitərəfli elektrik təchizatına nail olunacaq. Eyni zamanda, Xocalı, Əsgəran və digər kənd və qəsəbələrin 35 kV-luq elektrik təchizatı da “Ağdam” qovşaq yarımstansiyasından təmin ediləcək.

“Ağdam” qovşaq yarımstansiyasını işə salan dövlətimizin başçısı bununla Ağdama və ətraf rayonlara yeni bir nur bəxş etdi. Bu nur tək azad edilmiş rayonlarımızı işıqlandırmır, həm də bəzi məqamlara əbədi bir aydınlıq gətirir.

Dördüncü və beşinci yaşayış kompleksləri həyata vəsiqə aldı

Bütün azad yurdlarımız kimi, Ağdam da hərtərəfli inkişafa qovuşur ki, Böyük Qayıdış çərçivəsində evlərinə qayıdacaq soydaşlarımız hər hansı bir problemlə üzləşməsin. Yeni salınan yaşayış kompleksləri də elə bu prinsipə xidmət edir.

Dekabrın 24-də dövlətimizin başçısının doğum günündə təməli qoyulan yaşayış kompleksləri əlamətdar bir gündə həyata vəsiqə alması ilə tarixin şanlı səhifəsini təşkil edəcək və gələcəkdə burada yaşayan soydaşlarımıza hər zaman həmin tarixi xatırladacaq.

Ümumi sahəsi 14 hektara yaxın olan dördüncü yaşayış kompleksində tikiləcək yaşayış binalarında ümumi sahəsi 137 min kvadratmetr təşkil edən 1080 mənzildən 36-sı birotaqlı, 363-ü ikiotaqlı, 484-ü üçotaqlı, 197-si dördotaqlı olacaq.

Ümumi sahəsi 12 hektar olan beşinci yaşayış kompleksinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Kompleks şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumilikdə 1115 mənzil olacaq. Mənzillərdən 25-nin birotaqlı, 314-nün ikiotaqlı, 552-sinin üçotaqlı, 224-nün isə dördotaqlı olacaq.

Komplekslərin hər ikisində binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur. Binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə ediləcək.

Təhqir olunan tarixi abidələrimizdən biri: “İmarət” kompleksi

Ağdamın işğalından ötən 27 il ərzində düşmən yurdumuza divan tutdu. Bütün sosial obyektlər, ictimai yaşayış binaları kimi, tarixi abidələrimiz də məhv edildi. Bununla yanaşı, həm də təhqir olunaraq ona məxsus bina donuzçuluq təsərrüfatına çevrildi. Bu tarixi abidələrdən biri də Ağdamda yerləşən “İmarət” kompleksidir.

Bina Qarabağ xanlığının banisi Pənahəli xanın sarayı olub. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb. İşğal altında olmuş ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də işğalçılar tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.

Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarı olub. Qarabağ xanlarının nəslindən olan digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. İbrahimxəlil xanın türbəsi və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb.

Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” Kompleksinin bərpasına başlanılıb. Bu məqsədlə xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlətimizin başçısına təqdim olunub və bundan sonra işlərə start verilib. Ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək kompleks konsepsiyaya əsasən, Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təmir-bərpa işləri ilə tanış olduqları “İmarət” Kompleksi də beləliklə, erməni işğalına məruz qalan yüzlərlə tarixi-mədəni abidələrimiz kimi öz əvvəlki görkəminə geri qayıdır və onu bir zamanlar təhqir edən düşmənin gözünə göz dağı olur.

Müharibədən sonra neçə-neçə belə abidələrimiz bərpa olunub. Və xalqın milli sərvəti olan bu abidələr olduğu kimi özünə qaytarılanadək davam edəcək. Çünki torpaqlarımız qədər bizə məxsus keçmiş, tarix də müqəddəsdir.

5 hektarlıq yeni yaşıllıq

Düşmən 30 ilə yaxın dövrdə torpaqlarımızda bütün infrastrukturları, tarixi-mədəni abidələrimizi məhv etdiyi kimi, həm də yaşıllığa qənim kəsilmiş, ağacları kəsmiş, doğramış, satmış, bir sözlə hər tərəfi təbiət qəbiristanlığına çevirmişdir. Odur ki, azad torpaqlarımızda ilk gündən yeni yaşıllıqların salınması da digər tədbirlərlə birlikdə həyata keçirilir. Çünki bu torpaqlara qayıdan soydaşlarımız üçün yaşıllıq digər infrastruktur kimi vacibdir. Bütün bunlar nəzərə alınaraq Ağdamda da yeni yaşıllıq sahələri və parkların salınması diqqətdə salınır.

Ağdam şəhərinin yeni Baş planına əsasən salınacaq park 5 hektar ərazini əhatə edəcək. Parkın layihəsi Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Mərkəzi parkın ümumi ərazisi dörd zonaya ayrılacaq. Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Burada, həmçinin su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət göstərəcək. Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılacaq.

Dekabrın 24-də Ağdam şəhərində olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təməlini qoyduqları Mərkəzi park ərazidə ekoloji tarazlığın bərpasına ciddi töhfə verməklə yanaşı, həm Ağdam sakinlərinin, həm də şəhərin qonaqlarının, turistlərin istirahəti üçün ən gözəl məkanlardan birinə çevriləcək.

Ağdamda 1 gündə 3 kəndin təməli qoyuldu

Bilirdik ki, düşmən Ağdamda daşı daş üzərində qoymayıb, eşitmişdik. Lakin azadlığından sonra yolumuzu Ağdamdan salanda bunu canlı olaraq gördük. Gördük ki, İlahi, bura vəhşi bir qəbilə hücum edib, sağ qoyduğu bir şey olmayıb.

Bu gün isə Ağdam kərpic-kərpic yenidən qurulur, bərpa olunur. Dekabrın 24-də cənab Prezidentin bir gündə 3 kəndin- Qiyaslı, Salahlı Kəngərli, Baş Qərvəndin təməlqoyma mərasimində iştirakı da dediklərimizi təsdiq edən amillərdir. Qeyd edək ki, hər üç kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib.

Qiyaslı kəndinin ümumi ərazisi 400 hektara yaxındır. Kənddə 4972 nəfərin məskunlaşması planlaşdırılıb və ümumilikdə 1323 fərdi evin tikilməsi nəzərdə tutulub.

Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 145 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2546 nəfərin köçürülməsi üçün 656 fərdi ev tikiləcək.

Qiyaslı kəndində 540 şagird yerlik məktəb, 180 yerlik isə iki uşaq bağçası və digər sosial obyektlər də inşa olunacaq.

***

Ümumi ərazisi 178 hektara yaxın olan Salahlı Kəngərli kəndində 1376 nəfərin məskunlaşması nəzərdə tutulub. Layihə üzrə kənddə ümumilikdə 418 fərdi ev tikiləcək.

Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 99 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 850 nəfərin köçürülməsi üçün 150 fərdi evin tikilməsi planlaşdırılır.

Salahlı Kəngərli kəndində 480 şagird yerlik məktəb, 80 yerlik isə uşaq bağçası və digər sosial obyektlər də inşa olunacaq.

***

Baş Qərvənd kəndinin ümumi ərazisi isə 476 hektardır. Kənddə 6057 nəfərin məskunlaşması və ümumilikdə 1495 fərdi evin tikilməsi nəzərdə tutulub.

Layihənin birinci mərhələsi üçün 202 hektardan çox torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 851 ailənin - 3703 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün bu mərhələdə 851 ev inşa ediləcək. Bu evlərin 170-i ikiotaqlı, 425-i üçotaqlı, 213-ü dördotaqlı, 43-ü isə beşotaqlı olacaq.

Hər üç kənddə əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada uşaq bağçası, məktəb, kollec binaları, kollektiv istirahət və təhsil obyektləri, inzibati bina, klub icma mərkəzi, tibb məntəqəsi, aptek, mehmanxana, bazar və bir sıra xidmət müəssisələri yaradılacaq. Kəndlərdə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunacaq.

Su Ağdam üçün ağ gün deməkdir

Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı 1964-cü ildə istismara verilib. Anbarın ümumi su tutumu 23 milyon kubmetr, bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metr, su səthinin güzgü sahəsi isə 176 hektar təşkil edir. Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan bu mənbədən ümumilikdə suvarılan 7 min hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı.

Elə buna görə də Xaçınçay su anbarının 7 kilometr uzunluğunda kanalla birlikdə təmiri və bərpası aparılıb. Texniki sxemlə Xaçınçay su anbarına daxil olan sular tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalın başlanğıc 6,64 kilometr hissəsi də bəndlə bərabər təmir və bərpa olunub. Su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib.

Dövlətimizin başçısının işə saldığı Xaçınçay su anbarı ağdamlılar üçün yeni ağ günün başlanğıcı oldu. Çünki su həyatdır. Xüsusilə də kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün zəhmətin yarısıdır.

Ağdamın daxili yolları... Ağdamdan uzanan yollar

Yol ən birinci həyat, sonra mədəniyyət, daha sonra isə iqtisadiyyatdır. Yolun abad olması insanların sağlamlığına xidmət edir, məxsus olduğu xalqın mədəni səviyyəsini göstərir. Və abadlığı ilə birbaşa iqtisadiyyatın inkişafına təkan verir. Odur ki, dövlətimizin başçısı 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən dərhal sonra ilk növbədə yol infrastrukturunun yenidən qurulması barədə göstəriş vermişdir. Ötən 3 ildə bu sahədə böyük uğurlar əldə olunmuşdur. Bunların növbətisi isə Ağdam rayonunun yollarıdır. O yollar ki, həm rayonun daxilində abadlaşdırılıb, həm də Ağdamdan Bərdəyə uzanan yollara rahatlıq, gözəllik bəxş olunub.

Dövlətimizin başçısı Ağdama səfəri zamanı şəhərin daxili yollarında aparılan işlərlə tanış olarkən bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir. Bu yolların birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissəsi müsbət ekspertiza rəyi alıb.

Qeyd edilib ki, magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yol 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılacaq.

***

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Dövlətimizin başçısının açılışında iştirak etdiyi Bərdə-Ağdam avtomobil yolu başlanğıcını Bərdə şəhərindən götürür və uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilib.

Bərdə-Ağdam avtomobil yolunun 25-ci və 40-cı kilometrlik hissələrində 91,3 metr və 18,2 metr uzunluğunda avtomobil körpülərinin, yolun 14-cü və 42-ci kilometrlik hissələrində isə 66 metr və 43 metr uzunluğunda yol qovşaqlarının və 4-cü, 14-cü və 16-cı kilometrlik hissələrində yerüstü piyada keçidlərinin tikintisi uğurla icra olunub. Nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu üfüqi nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və məsafə göstəricilərinin, həmçinin müasir məlumatverici lövhələrin quraşdırılması işləri icra olunmaqla yol beynəlxalq standartlar çərçivəsində istifadəyə verilib.

Bərdə-Ağdam avtomobil yolunun ilk 14 kilometrlik hissəsi həm də Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

Ağdam üçün yeni dövr başlanıb

Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “İndi isə Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb... Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur… Bu işlər planlı şəkildə öz həllini tapacaq. Biz artıq birinci böyük layihəyə start verdik. Eyni qayda ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır”.

Dövlətimizin başçısının azad torpaqlarımıza hər səfəri onlara yeni həyatın bəxş olunması ilə nəticələnir. Elə Ağdamın da “üzünün” güldüyünü gördük növbəti səfərdə. Onun hüsnünə vurulan hər naxış bu gözəl şəhərin görüntüsünü dəyişir, 27 illik nisgilini sevincə çevirir. Ağdam həm də ona görə sevinir ki, sinəsində görülən hər bir iş onu sakinlərinə, doğmalarına yaxınlaşdırır. Çünki torpaq o vaxt bəxtəvərdir ki, sinəsi üzərində doğmalarının addım səslərini dinləyir. 27 illik sükutdan sonra Ağdam bu səsi duydu. Bu səsin daha kütləvi şəkildə duyulması isə Ağdama Böyük Qayıdışla olacaq. O gün isə çox yaxındadır. Səbr et, Ağdam, doğmalarınla birlikdə xoş, sevincli günlər səni gözləyir...

Mətanət Məmmədova

Digər xəbərlər