Belaruslu analitik Yuri Şevtsov “Caliber” analitik mərkəzinə müsahibəsində regionda gedən proseslər və baş verən hadisələr haqda fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Yuri Vyaçeslavoviç, sizcə, Aİ-nin Ermənistandakı missiyasını genişləndirməkdə məqsəd nədir?
- Ermənistan Rusiyanın Ukrayna böhranı ilə məşğul olduğunu görüb Qərbdə özünə dayaq axtarır. Digər tərəfdən, Ermənistanda hakimiyyətdə ölkəni və xaricdəki diasporunu birləşdirə bilməyən insanlar var. Hesab edirəm ki, əvvəlcədən İrəvanda Qərbə istiqamətlənmək niyyəti var idi, indi isə bu ideyanı həyata keçirməyə çalışırlar.
Amma bundan nə çıxacaq? Məncə, əhəmiyyətli bir şey yoxdur. Avropa İttifaqının özü indi çətin daxili böhran içindədir, onun maraqları Ukrayna və Yaxın Şərqdəki iki müharibə ilə bağlıdır. Ümumiyyətlə, Aİ Cənubi Qafqazda maraqlı deyil, orada başqa oyunçular var. Ona görə də hesab edirəm ki, Aİ Ermənistandakı bu missiya üçün müəyyən vəsait ayıracaq və orada da həmin resursları mənimsəyən insanlar olacaq. Və ümumiyyətlə, bütün məsələ bundan ibarətdir.
- Bildiyiniz kimi, son vaxtlar Ermənistan KTMT-nin fəaliyyətlərinə daha çox məhəl qoymur. O, bu təşkilatı tərk edəcək, yoxsa Moskvanı şantaj etməyə davam edəcək?
- Mürəkkəb məsələdir. Ermənistan KTMT-dən çıxmağı imitasiya etsə də, nədənsə bu ssenari mənə çətin görünür. Düşünürəm ki, bu, daha çox Qərbə qarşı jestdir, başqa bir şey deyil. Tutaq ki, Ermənistan KTMT-dən çıxdı, bəs bundan sonra nə olacaq? Onlar AB-nin hərbi çətiri altında olmayacaq, həmçinin NATO-nun hərbi çətiri altında da olmayacaqlar. KTMT bütün çatışmazlıqları ilə birlikdə hələ də çoxlu əməkdaşlıq istiqamətlərinə malik hərbi blokdur. Məncə, ermənilər bu bloku əvəz edəcək qüvvə tapmayacaqlar. Ona görə də rasional baxımdan Ermənistanın KTMT-dən çıxmasına ehtiyac yoxdur.
Ermənistanda hakimiyyətdə, fikrimcə, ölkədə onsuz da ağır olan vəziyyəti daha da gərginləşdirən insanlar var. Onlar müstəqil dövlətin alətlərini müdafiə etməlidirlər, amma müdafiə etmirlər. Ermənistanın Rusiyada çox müsbət qəbul edildiyi vaxtı az qala qaçırdılar, bu çox böyük amildir. Məsələn, Belarus prezidenti Aleksandr Lukaşenko eyni dərəcədə mürəkkəb regionda fərqli yol tutdu. O, güclü müstəqil dövlət institutu qurdu və kritik anda, yaxınlıqda böyük müharibə başlayanda bu, işə yaradı. Taktiki silahlar Rusiyadan Belarus ərazisinə gətirildi ki, bu da müharibəni Ukraynadan Belarus ərazisinə yaymaq istəyənləri xeyli soyutdu. Lakin ermənilər Fransa və ABŞ-a arxalanaraq başqa yol tutdular ki, bu da özləri üçün bir çox problemlərə səbəb oldu. Nəticədə onlar Rusiyanın dəstəyinin əhəmiyyətli hissəsini itirdilər, müharibədə məğlub oldular və Qarabağdakı son döyüşdə diasporaları heç bir dəstək vermədi. Bu siyasətin nəticəsi olaraq Ermənistanın Qərbə doğru kursu ermənilər üçün uğursuz oldu.
- Rusiyanın Gümrüdəki hərbi bazasının taleyi necə olacaq?
- Əgər Ermənistan KTMT-dən çıxsa, o zaman çox güman ki, bu bazanı da çıxarmaq lazım gələcək. İndi orada heç bir əhəmiyyəti yoxdur.
- O zaman Ermənistana “təhlükəsizlik zəmanəti”ni kim verəcək?
- Belə olan halda bütün ümid erməni xalqınadır. Ermənilər özlərində daxili nizamsızlıq dəbdəbəsinə yol verdilər və Rusiya ilə Qərb arasında atışma nəticəsində heç bir müsbət şeyə nail olmadılar. İndi Paşinyan Rusiyaya tranzit yolu ilə Ermənistan iqtisadiyyatını hansısa yolla gücləndirməyə çalışır, mən sanksiyaya məruz qalan malların ixracını nəzərdə tuturam, bu, ümumilikdə paradoksdur. Yəni, bir tərəfdən İrəvan Avrasiya strukturlarından imtina etdiyini bəyan edir, eyni zamanda, Rusiya Federasiyasına böyük miqdarda sanksiya tətbiq edilən malların tranziti hesabına iqtisadiyyatını gücləndirir. Belə siyasət çətin ki, Ermənistan üçün yaxşı bitsin.
- Ermənistan faktiki olaraq Cənubi Qafqazda Fransanın maraqlarının dirijoru rolunu oynayır. Parisin bölgəmizdə sıxışdırmaq şansı varmı?
- Parisin Qafqazda söz sahibi olmaq şansı yoxdur. Ermənistanın özü üçün isə Fransa yalnız bəzi əmək miqrantlarının yerləşdirilməsi şəklində dəstək verə bilər, başqa heç nə.
- Amma Fransa Ermənistanı intensiv şəkildə silahlandırır...
- Söhbət inkişaf etmiş ölkələrdən silah tədarükünə gəldikdə, Fransadan Ermənistana tez-tez həmin ölkələrin ərazisindən gələn müxtəlif borclanma formalarından ixracın bu cür subsidiyalaşdırılmasına qədər istifadə olunur.
- Aydındır ki, Fransanın Ermənistana hərbi tədarükünün arxasında bizim regionda öz məqsədləri dayanır. Tədricən Ermənistanın daimi silah tədarükçüsünə çevrilən Hindistanın maraqları nədən ibarətdir?
- Geosiyasətdən başqa hər şeydə. Hindistan Cənubi Qafqaza heç vaxt ciddi maraq göstərməyib. Onun Hind okeanı regionunda, Əfqanıstanda, Mərkəzi Asiyada maraqları var, Cənubi Qafqazda deyil. Ola bilsin ki, Hindistan hansısa silahlarını satmağa çalışır, görünür, hindistanlı iş adamları hansısa yolla Ermənistan büdcəsinin altına girə biliblər.
- Cənubi Qafqazda gələcək prosesləri necə görürsünüz?
-Bu, Ukraynadakı müharibənin nəticəsindən asılıdır. Əgər Rusiya bu gün gördüyümüz aşkar uğurları görməkdə davam edərsə, çox güman ki, Ermənistana diqqət yetirməyə vaxtı olacaq. O zaman İrəvanda bu nəhəng, erməni standartları ilə Qərbdən Rusiyaya sanksiyalaşdırılan ixracla məşğul olan dairələr də özünü siyasi baxımdan büruzə verəcək. Ermənistanda güclü qərbyönümlü qərəzlə yanaşı, rusiyapərəst qüvvələrin də olmasını gözdən salmaq olmaz. Amma hər halda Qarabağ məsələsi bağlıdır, Şimal-Cənub dəhlizi inkişaf edir, Zəngəzur dəhlizinin də işləməsi məntiqlidir, ondan sonra Türkiyə Şimal-Cənub layihəsində iştirak edəcək. Bütün bunlar birlikdə ŞƏT-in inkişafına uyğun olaraq Cənubi Qafqazda beynəlxalq münasibətlərin kompleks yenidən qurulmasını ifadə edir.
Söhbət böyük bir iqtisadi ittifaqdan gedir, onun çərçivəsində böyük Yaxın Şərqin bütün geosiyasəti yenidən qurulur. İran Səudiyyə Ərəbistanı ilə yaxınlaşır və Moskva, Tehran və Pekin öz aralarında əməkdaşlığı kəskin şəkildə artırır.
- Və nəhayət. Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanmasına münasibətiniz necədir?
- Ermənilər Azərbaycanla sülhə hazır olduqlarını deyirlər. Beləliklə, ümid edək ki, sülh sazişi üfüqdə olacaq.
Tərcümə - Elçin Bayramlı