PDF Oxu

Siyasət

  • 2 154

Zabux tarixi sakinlərini qarşılayır TƏHLİL

Zabux tarixi sakinlərini qarşılayır TƏHLİL

Kənddə 203 ailənin daimi məskunlaşması artıq təmin edilib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salındı. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salındı. Bu mərhələdə Zabux kəndinə daha 27 ailə - 95 nəfər köçürüldü. Beləliklə, indiyədək Zabux kəndində 203 ailənin ( 783 nəfər) daimi məskunlaşması təmin edilmiş oldu.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlər 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaradılıb.Vətən müharibəsində qazandığımız Zəfərdən üç ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, doğma diyarlarına qayıdırlar. Böyük Qayıdışımız reallığa çevrilir. Bu gün isə daha bir köçün görüşünə Laçının Zabux kəndi gəldi və onları salamladı. 44 günlük Vətən müharibəsi 30 ilə yaxın öz ata-baba yurdundan uzaq düşən, əzəli torpaqlarımızın həsrəti ilə yaşayan insanların acı talelərinə bir sevgi, əbədi bir dünya bəxş etdi. Vaxtilə qovhaqovla el-obalarından qaçqın düşənlərin ruzigarlarına salınan naxış bu gün öz rəngini dəyişib. Viran qalmış yurd yerlərinə əzəli sakinlər artıq sahibdirlər.
Laçının Zabux kəndi… İlk mərhələdə 88 nəfərdən ibarət 20 ailə Zabuxa köç etdi. İndi isə onarın sayı artıb. Ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib. Xatırladaq ki, Zabux 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 30 illik işğaldan sonra 26 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının nəzarətinə keçmişdir. Zabux çayının sahilində, Qarabağ yaylasında olan Zabux kəndinin keçmiş adı Xut Zabux olmuşdur. Əvəllər bu ərazidə Sus Zabux adlı başqa kənd də var idi. Mənbələrə əsasən, XIX əsrdə Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı olmuş və mövqeyinə görə Zabox adlanmışdır. Sonralar yaxınlığındakı Baharlı və ona birləşən şadmanlı kəndləri də həmin adla adlanmışdır. Kənddə işğal dövründə başçısı Zeylan Öcalan olan "Kürd konqresi" terrorçu qrupu yerləşdirilmişdir. Kənd ərazisində XIX əsrə aid tarix mədəniyyət abidəsi olan iki körpü var. Bütün tarixi dövrlərdə, Zabux kəndinin etnik tərkibi tamamilə azərbaycanlılardan ibarət olmuşdur.

"BİZ İLDƏN-İLƏ DAHA DA BÖYÜK İŞLƏR GÖRMƏKLƏ ÖZ VƏTƏNDAŞLARIMIZI NORMAL ŞƏRAİTLƏ TƏMİN EDƏCƏYİK"

Əlbəttə ki, 30 il erməni işğalında qalan ərazilərimizdə erməni vandalların törətdikləri vəhşiliklərin nəticəsində yurd yerləri dağdılmış, viran qoyulmuşdur. Əqli mülkiyyətimizə, maddi mədəniyyət abidələrimizə böyük ziyan dəymişdir. Qarabağ, eyni zamanda onun ətrafında yerləşən Azərbaycan ərazilərində Birinci və İkinci Qarabağ müharibələri zamanı qismən və ya tamamilə dağıdılmış, talan edilmiş və ya hər hansı bir şəkildə zərər çəkmiş tarix-memarlıq abidələrimiz əlbəttə ki, tədricən bərpa və təmir olunur və olunacaqdır. Böyük Qayıdışın ilk karvanı Ağalıdan başlasa da növbəti karvanlar digər ərazilərimizə yol aldılar. Qısa bir zamanda reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu. Bildiyimiz kimi, birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə etmiş oldu. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirildi. Yenidən qurulan Ağalı kəndi müasir tələblərə uyğun olaraq quruldu. Xatırladaq ki, Birinci, İkinci, Üçüncü Ağalı kəndləri 2020-ci ilin oktyabrın 28-də işğalçılardan azad edildi. Altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu. Ağalı kəndində "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərir ki, kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin edilir. Ağalı kənd meydanında "Kapital Bank"ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri fəaliyyət göstərir. Göründüyü kimi, "Ağıllı kənd"də müasirlik təkcə qurulan infrastrukturla məhdudlaşmır, burada təhsilə yeni yanaşmanın tətbiqi də mühüm rol oynayır. 360 şagird yerlik ikimərtəbəli məktəb binası və birmərtəbəli 60 yerlik uşaq bağçası onların ixtiyarındadır. Ağalı kəndində 200 evdən ibarət gözəl kənd salınıb. "Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub, özü də yaşamayıb, bizə də yaşamağa imkan verməyib. Biz isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünlərin birinci qrupunu Ağalı kəndinə, Talış kəndinə yerləşdirmişik və üçüncü yaşayış yeri, hara ki, keçmiş köçkünlər qayıdır, Laçın şəhəri olub. Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik. Bildiyiniz kimi, Zabux və Sus kəndləri də Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilmişdir və orada da fəal iş aparılır. Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ildən-ilə daha da böyük işlər görməklə öz vətəndaşlarımızı normal şəraitlə təmin edəcəyik" – deyə Prezident çıxışlarının birində qeyd etmişdir. Belə də oldu. İlin sonuna yaxınlaşmışıq. Qeyd etdiyimiz kimi, Zabux kəndində 203 ailənin ( 783 nəfər) daimi məskunlaşması artıq təmin edilib.

HƏM YAŞAMAQ, HƏM DƏ İŞLƏMƏK ÜÇÜN YARADILAN ŞƏRAİT

İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin nəzarəti altındadır. Məlumdur ki, dekabrın 1-i 2020-ci il tarixində Laçın rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmış oldu. Məlumdur ki, 18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Laçının işğalı zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Laçının işğalı zamanı bu məkanda 50 mindən artıq əhali yaşayırdı. Laçın rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 106 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 8 min 877, müəllimlərin sayı isə 1390 nəfər olub. Laçın rayonunda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur. Bütün bunlar dağıdılıb. Onların öz doğulduqları yerə göndərilməsi əsas məsələlərdən biridir. Artıq işğaldan sonra digər ərazilərimiz kimi, Laçın da böyük quruculuq meydanına çevrilib. Müharibədən ötən müddət ərizində görülən işlər bu ərazilərdə əzəli sakinlərin tam yaşayışının təmin edilməsinin təzahürüdür.
Bu, əlbəttə ki, Azərbaycanın iqtisadi gücünün, dinamik inkişafının göstəriciləri sırasındadır. Azərbaycan Prezidentinin sözlərinə görə, 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqram deyil. Laçın şəhərinin Baş planı hazırlanıb. Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu - İsveçrənin "SA Partners" şirkətinin iştirakı ilə hazırlanıb. Laçının özünəməxsus füsunkar təbiəti və rəngarəng landşaftı nəzərə alınaraq şəhərin turizm məkanı kimi inkişaf etdirilməsinə, fəal rekreasiya, idman, açıq hava istifadəsi və sağlam həyat imkanları olan canlı və cəlbedici regional mərkəzə çevrilməsinə şərait yaradacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb. Baş planın konseptual əsasını "Təbiətlə vəhdətdə olan şəhər" yanaşması təşkil edir. Plana əsasən, Laçın şəhəri "ağıllı idarəetmə", müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Yəni, burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər