PDF Oxu

Siyasət

  • 2 382

Uğursuz, yanlış siyasəti ilə MAKRON PARİSİ “PARTLADIR” – TƏHLİL

Uğursuz, yanlış siyasəti ilə MAKRON PARİSİ “PARTLADIR” – TƏHLİL

Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən ifşa olunması rəsmi Paris üçün çox böyük zərbə hesab olunur. Fransanın casus şəbəkəsini ifşa edilməsi Makron administrasiyasının rəsmi Bakıya qarşı açıq hücuma keçməsi deməkdir və Parisin qərəzli mövqeyini bir daha isbatlayır. Bu isə o deməkdir ki, prezident Emmanuel Makron özünün uğursuz siyasəti, ədalətsiz mövqeyi, Azərbaycana qarşı ikili yanaşması ilə ölkəsinin onsuz da yox dərəcəsində olan nüfuzunu tamamilə heçə endirir və bu da Parisin zədələnmiş imicini artıq darmadağın edir.

Doğrudur, bütün dünyada kəşfiyyat xarakterli fəaliyyətin mövcud olması danılmazdır və həmin fəaliyyət pərdəarxası olur. Eyni zamanda, həmin kəşfiyyat xarakterli fəaliyyət müdafiə və mühafizə məqsədi daşıması fonunda başadüşüləndir, amma qərəzli cəsus şəbəkəsi, ümumiyyətlə, qəbuledilən deyil. Həmin cəsus şəbəkəsinin ifşa edilməsi bütün dünyada bir rüsvayçılıq kimi qəbul edilir. Ümumiyyətlə, cəsus ifşa olunduğu zaman bir çox niyyətlər də üzə çıxır və ifşa olunur. Məhz elə bu baxımdan da casus şəbəkəsinin ifşa olunması şəbəkəni təşkil edən ölkə üçün heç də adi hal deyil və bir çox niyyətlərin üzə çıxması, ifşa olunması baxımında böyük zərbədir. İstənilən halda casus şəbəkəsinin ifşası ilə yanaşı, bir çox məqamların da ortaya çıxacağının qaçılmaz olması fonunda prezident Makron özü indi hamıdan yaxşı bilir ki, daha hansı əməllərinin üstü açılacaq və daha hansı səviyyədə rüsvay olacaq. Hətta onu da bilir ki, bu əməli rəsmi Paris üçün də yaxşı heç nə vəd etmir və ən azından beynəlxalq miqyasda qınanılması qaçılmazdır. Ola bilsin ki, ölkənin öz daxilində də bu vəziyyətlə barışılmasın və siyasi fikir ayrılıqları Parisdə hansısa bir “partlayış” da yarada bilər.

Fransızların casus şəbəkəsinin ifşa edilməsi iki ölkə arasında kəşfiyyat müharibəsinin aktiv fazaya keçdiyindən xəbər verir. Bu həm də ondan xəbər verir ki, Fransanın açıq müstəvidə həyata keçirdiyi anti-Azərbaycan siyasəti fonunda Bakı-Paris xəttində münasibətlər gərginləşməkdədir. Bütün dünya ictimaiyyəti üçün sirr deyil ki, münasibətlərin gərginləşməsi, məhz Azərbaycanın 44 günlük müharibədə qələbə qazanmasından, Ermənistanı məğlubiyyətə uğratmasından, erməni baş nazir Nikol Paşinyanın təslimçilik sənədi sayılan kapitulyasiya sənədini imzalamasından, işğal altında olan ərazilərini işğaldan azad etməsindən, terrorçuluğun kökünü kəsməklə, təhlükəsizliyi təmin etməsindən sonra daha çox diqqəti cəlb edir. Çünki Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin təmin edilməsini Fransa həzm edə bilmir və buna görə də Azərbaycana qarşı açıq şəkildə qərəzli mövqe nümayiş etdirir. Məhz belə bir qərəzli mövqeyin də heç bir şəkildə izahı ola bilməz və istənilən halda buna görə bir hesab veriləcək günün olacağı qətiyyən təkzib edilə bilməz.

Məsələ burasındadır ki, Fransanın kəşfiyyat xarakterli fəaliyyəti ciddi qanun pozuntusu, beynəlxalq hüququn norma və prinsplərinin kobud şəkildə pozulması kimi qeydə alınmaqdadır. Fransanın Azərbaycandakı səfirliyinin casus yuvası olaraq istifadə edilməsi heç bir normaya sığmır. Səfirlik əməkdaşlarının digər ölkələrin diplomatlarını ələ almaq istiqamətində istənilən əməli qəbulolunmazdır. Diplomatik fəaliyyəti kəşfiyyat məqsədilə istifadə etmək, artıq bütün dünyada qəbul olunmuş normalara qarşı gəlməkdir və Fransanın da məhz diplomatik fəaliyyəti kəşfiyyat məqsədilə istifadə etməsi Vyana Konvensiyasına məhəl qoymaması, həmin Konvensiyanı pozması deməkdir. Diqqətə çatdıraq ki, səfirliklərin fəaliyyəti barədə konkret olaraq, Vyana Konvensiyasında qeyd olunur və diplomatik əlaqələr burada öz əksini tapır. Amma səfirliyinin casus yuvası olaraq istifadə edilməsi Vyana Konvensiyasında qətiyyən öz əksini tapmır, əksinə, bunun qanun pozuntusu olduğu bildirilir. Birmənalı şəkildə bildirilir ki, diplomatların kəşfiyyat işini icra etməsi beynəlxalq qanunla qadağandır. Deməli, Fransa kimi bir Avropa dövləti, özü də qanundan, hüquqdan, ali dəyərlərdən dəm vuran bir ölkə diplomatiyanı casusluq fəaliyyəti üçün istifadə etməklə, təkcə Vyana Konvensiyasını deyil, beynəlxalq hüququ da kobud şəkildə pozub. Heç şübhəsiz ki, belə bir pozuntuya yol verilməsi dünya ictimaiyyətinin də, beynəlxalq təşkilatların da diqqətindən yayınmayıb. İstənilən halda bununla bağlı rəsmi Parisə lazımi təpki göstərilməlidir. Ümid edirik ki, yaxın zamanda beynəlxalq təşkilatlar tərfindən lazımi tədbirlər görülər. Hər halda, bütövlükdə Avropa İttifaqı məhz Vyana Konvensiyasın kobud şəkildə pozulmasına görə Fransaya təbrik məktubu göndərməz.

Rəsmi Paris tərəfindən son vaxtlar düşünülməmiş addımların atılması artıq adi hal alıb. İşğalçı deyil, işğala məruz qalan tərəfi hədəfə alan Fransa ali dəyərləri hesaba da almır. Ədalətsiz qərarları ilə, ikili yanaşması və ermənipərəst mövqeyi ilə həmin o Avropa ölkəsi qanunlara da, beynəlxalq hüquqa da, normalara da açıq-aşkar şəkildə hörmətsizlik edir. Öz ölkəsinin vətəndaşlarının vəziyyəti barədə bir dəfə də düşünməyən Fransa prezidenti özünü guya erməni əsillilərin taleyinə laqeyid olmayan kimi göstərməklə, əslində, bilərəkdən işğalçılıq niyyətində olanları ruhlandırmaq, yeni münaqişələrə sövq etmək niyyəti güdür. Heç şübhəsiz ki, bunun bir pozuculuq niyyəti olduğu, sülhə, təhlükəsizlik mühitinə zərbə hesab olunduğu bəllidir. Yəqin ki, münaqişənin yenidən qızışmaması, sülh təşəbbüsünün dəstəklənməsi fonunda Avropa İttifaqı öz kəskin mövqeyini bildirmiş olar. Yəni, rəsmi Parisə artıq ciddi şəkildə xəbərdarlıq belə edilə bilər və çox güman ki, bu da fransızlar üçün heç də arzuolunan hesab olunmur. Makron bilməlidir ki, fransızlar üçün arzuolunmaz dediyimiz istənilən bir halın, nəticə etibarı ilə Fransada ən azından hansısa bir narazılığa səbəb olması, toqquşma yaratması, partlayış doğurması tamamilə gözləniləndir. Onu da bilməlidir ki, bunun da səbəbkarı məhz onun özüdür və cavabı da özü verməli olacaq.

Fransa kimi bir dövlətin nüfuzundan, imicindən artıq danışmaq belə mümkün deyil. Afrikada kolonial siyasət aparan Fransanın törətdiyi cinayətlərin fonunda bir Avropa ölkəsinin onsuz da imici yox dərəcəsindədir. Bununla belə, Fransa bir milyondan artıq insanın kütləvi şəkildə qırğınını törədən bir ölkə kimi tanınmaqdadır. Azərbaycan Prezidenti cənab İlham Əliyev məhz Fransa prezidenti Emmanuel Makrona ölkəsinin qırğınlar törətməsinə görə həmin o qırğına məruz qalan xalqlardan üzr istəməsini tövsiyyə etmişdi və görünür tarixi şansdan istifadə etmək onun ağlına da yerləşmədi. Şübhəsiz ki, həmin xalqlar Fransanın törətdiyi hadisələri unudan deyil və baxmayaraq ki, Makron buna dırnaqarası yanaşdı, tarixin hansısa bir dönəmində rəsmi Paris buna görə bütün dünya qarşısında cavab verməli olacaq. Hətta o zaman rəsmi səviyyədə üzr istənilsə belə bu, vəziyyəti qətiyyən dəyişməyəcək.

Fransada hökumətin pensiya sistemini yenidən təşkil etmək planlarına etiraz olaraq, həmkarlar ittifaqları tərəfindən bu il koordinasiya olunan irimiqyaslı etiraz aksiyalarını yaxşı xatırlayırıq. Prezident Emmanuel Makronun ölkədə minimum təqaüd yaşı ilə bağlı qaldırdığı təşəbbüsə qarşı dəmir yolları, məktəblər, xəstəxanalar və aviasiya sistemi kimi nəhəng sektorların işçilərinin tətilləri elə bir şəkil almışdı ki, bunu heç rəsmi Paris də qətiyyən unudan deyil. İrimiqyaslı nümayişlər fonunda Parisdə normal həyat axarının pozulduğuna, həm də aksiyaçıların tələbləri qarşısında aciz qaldığına görə Makron hökumətinin nümayişlər səngiyənədək vətəndaşlara evdən işləmələri üçün çağırış etməyə məcbur olması da bu baxımdan təsadüfi deyildi. Bu, xüsusilə, etirazçı kütlənin təzyiqləri qarşısında geriyə atılan ilk addım kimi qiymətləndirilməsi demək idi. Hər halda, həmin dövrdə etirazçıların sayının bir milyondan artıq olmasını nə Makron, nə də onun hakimiyyət komandası yadından çıxarmaz və əgər Fransa prezidenti bunu yadından çıxarmayıbsa, mütləq şəkildə dərk edir ki, istənilən məqamda belə bir halla qarşılaşa bilər.

Hələ ötən ildən bəri elektrik enerjisinin kəskin bahalaşmasının, davam etməkdə olan inflyasiyanın kənd təsərrüfatı sahələrinə, özəl biznes sektoruna mənfi təsir göstərməsi fonunda Fransa iqtisadiyyatı üçün ağır bir dövr olduğunu elə bütün dünya ictimaiyyəti yaxşı bilir. Onu da yaxşı bilir ki, inflyasiya, bahalaşma, uğursuz islahatlar Fransa adlı bu Avropa ölkəsinə yaxşı heç nə vəd etmir və Parisdə bununla bağlı doğru, dürüst, məqsədyönlü fəaliyyət planı hazırlanmalıdır. Hazırlanmalıdır ki, gözlənilən hansısa problemli halların qarşısı öncədən, tam vaxtında alınsın. Heç şübhəsiz, bütün dünya ictimaiyyəti belə bir fikirdədir ki, Fransa hakimiyyəti başqa ölkələrin işlərinə burun soxmaqdansa, öz daxili məsələlərini, mövcud olan həlli vacib problemlərini həll etsə daha məntiqi olar. Yəqin ki, bir qədər öncə haqqında artıq qeyd olunan aksiyalar zamanı fransız polisinin etirazçılarla kobud davranışı, daha konkret desək, zorakı metodlarla aksiyanı dağıtmağa cəhd etməsi, aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə etməsi, bu zaman etirazçılarla polis arasında toqquşmaların baş verməsi, nəticədə bir neçə aksiyaçının ağır xəsarət alması bir daha təkrar olunmasın deyə, Makronun başqa ölkələr deyil, elə öz ölkəsi ilə maraqlanması, öz ölkəsində bir kəşfiyyat aparması, tam yerinə düşər. Əks halda, bunun acısını Parisdə partlayış xarakterli etirazlar başladığı zaman mütləq şəkildə dadmalı olacaq.

Dünyaya demokratiya dərsi keçməyə iddialı olan Fransanın mərkəzində vətəndaşların dəyənəklə döyülməsindən belə nəticə çıxır ki, söz azadlığı, insan haqları, demokratiya kimi ali dəyərlər Fransa kimi ölkələrin əlində yalnız başqa dövlətlərə təzyiq etmək üçün vasitədir. Əks halda, rəsmi Paris “dəyənək demokratiyası” siyasəti yeritməz və öz ölkəsinin vətəndaşlarına qarşı qəddarlıq nümayiş etdirməz və bu gün həmin qəddarlığının fonunda da hansısa ölkənin daxili işinə burun soxmazdı. Qeyd edək ki, Fransada keçirilən sorğunun nəticələri təsdiq edir ki, əhalisinin təxminən beşdə üçü Fransa prezidentinin təşəbbüslərinə, uğursuz islahatlarına qarşıdır. Onun heç də qəbul edilməyən islahatlarının, təşəbbüslərinin kütləvi etirazla qarşılanması Fransa üçün artıq rast gəlinən bir təcrübədir və bu baxımdan hələ bundan sonra daha nələr olacağı da təxmin edilə bilər. Yəni, Parisdə istənilən anda hansısa bir hadisə artıq katalizator rolunu oynaya bilər və bu da Fransa hakimiyyətinin bütün uğursuzluqlarını, yanlışlıqlarını qabardaraq ortaya fəlakətli bir vəziyyət çıxara bilər. Diqqətə çatdıraq ki, ekspertlərin özlərinin belə fikrincə, Makron hökumətinin uğursuz faəliyyəti, yanlış siyasəti etiraz aksiyalarını istənilən anda ümumxalq hərəkatına çevirə bilər. Bu da o deməkdir ki, Parisdə hər an bir toqquşma, qarşıdurma, bir hərəkat ortaya çıxa bilər, hansıki partlayış səviyyəsində olacağı gözlənilən həmin hal prezident Emmanuel Makronun özünün də siyasi aqibətinin necə olacağını bəlli edir.

Bəli, Fransa son illər tarixinin ən biabırçı dövrünü yaşayır və bu biabırçılığın yaşadılmasında prezident Emmanuel Makronun xüsusi “payı” var. Afrika və Cənubi Qafqazda ciddi uğursuzluğa düçar olan bir Avropa ölkəsini uğursuzluqlara da düçar edən məhz Fransa prezidentinin uğursuz, yanlış fəaliyyətidir. Əlbəttə ki, fransızlar nə bu biabırçılıqlarına, nə də uğursuzluqlarına görə Emmanuel Makronu bağışlamayacaqlar. Nə zamansa bu bir partlayışa səbəb olacaq. Hacansa fransızlar Parisin küçə və meydanlarında hesab sormaq üçün toplaşacaqlar. Atların, itlərin, rezin güllələrin, gözyaşardıcı qazın hesabına bu dəfə də narazılıq dalğasını yatıracaqlarını düşünürlərsə, yanılırlar. Hər halda, bu qədər uğursuzluqlarına, ölkələrinin nüfuzunun yox dərəcəsinə düşməsinə, rüsvayçı durumuna görə bir gün fransızların səbr kəsası dolacaq. Bir gün bu Avropa ölkəsində inqlab belə olsa kimsə təəccüblənməz. Çünki Paris artıq gərgin vəziyyətdədir. Xüsusən də, Fransa şəbəkəsinin de-şifrə edilməsi, bununla da yeni faktların ortaya çıxması fonunda istənilən anda bu gərgin vəziyyət partlayışla nəticələnə bilər. Yəqin ki, dərvişin çox uzaq bir məsafədən Parisi partlatdığına inanan yoxdur və hər kəsə bəllidir ki, Parisi elə o zaman da özləri partlatmışdılar və “partlamasının” səbəbkarı da həmin ölkənin o zamankı hakimiyyəti idi. Elə indi də eyni şəkildə, eyni prizmadan, eyni rakursdan yanaşdıqda aydın olur ki, bu dəfə də hazırkı Fransa hakimiyyəti, ələlxüsus da hakimiyyətin başında duran Emmanuel Makron öz yanlış siyasəti, uğursuz fəaliyyəti ilə artıq Parisi partladır...

Digər xəbərlər