PDF Oxu

Siyasət

  • 2 048

Qarabağ və Şərqi Zəngəzurda dini abidələrə verilən yeni həyat TƏHLİL

Qarabağ və Şərqi Zəngəzurda dini abidələrə verilən yeni həyat TƏHLİL

44 günlük Vətən müharibəsində 30 ilə yaxın erməni işğalında olan torpaqlarımız azad olunandan sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tarixi və əzəli torpaqlarımıza səfəri və həmin məkanlarla bağlı etdiyi paylaşımları hər kəsdə maraq oyadır. Hər bir paylaşımda Xalqa və Vətənə məhəbbət, bağlılıq özünü dərindən göstərir. Bir insanın nəcib hissləri, duyğuları qələmə alınır. Bu cümlələr qısa olsa da ifadə olunan sözlərdə böyük bir ürək görünür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səmimi hissləri, düşüncələri ilə tanışlıq bir insanın əməllərinə, dünyagörüşünə açılın səhifədir. Hər bir səfərdən, tarixi, önəmli hadisələrlə bağlı paylaşımlar Azərbaycanın ictimai-siyasi, mədəni sosial həyatının reallıqlarının ortaya qoymuş olur. Milyonlarla insanın məhəbbətini qazanan, onların ümid və pənah yerinə çevrilən, ən çətin anlarında yanında olaraq mərhəmət və xeyirxahlığı ön plana çəkmək daxili təlabatdır. Bu insanlığın ən ali və ən yüksək nöqtəsidir. Sosial müdafiəyə ehtiyacı olan insanların maddi durumunun yaxşılaşdırılması, fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi dayaq olmaq həssas münasibətdən, qayğıkeş qəlbdən qaynaqlanır. Fəaliyyətə başladığı zamandan böyük və məsuliyyətli missiyanın daşıyıcısı olmaq yükünü üzərinə götürən Mehriban xanım Əliyevanı həyat missiyasından, məramından uzaq salmır. Əksinə, genişmiqyaslı layihələri ilə məsuliyyyət hissini daha da artırır. Ən çətin anlarda, kədərli, hüznlü günlərdə, eləcə də xalqımızın sevincli, iftixarlı zamanlarında insanların yanında olaraq, onlarla öz fikirlərini bölüşmək əlbəttə ki, Mehriban xanım Əliyevaya ucalıq gətirir. Neçə illərdir ki, ağır və məsuliyyətli yükü çiyinlərinə götürərək yoluna davam edir.

"BÜTÜN QARABAĞ ƏRAZİSİNDƏKİ MƏSCİDLƏRİMİZDƏ AZAN SƏSLƏRİ EŞİDİLƏCƏK, DUALAR OXUNACAQDIR!"

Bildiyimiz kimi, Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!" – deyə bildirmişdir.
44 günlük müharibəni Zəfərlə başa vuran Azərbaycanda reallaşacaq layihələrə Mehriban xanım Əliyeva öz töhfəsini verir. Möhtəşəm "Xarı Bülbül" festivalına rəhbərlik etməsi bütün dünyaya səs saldı. 30 ildən sonra "Qarabağ şikəstəsi" Cıdır düzündə səsləndirildi. Xatırladaq ki, 2019-cu ildə məcburi köçkünlərlə Heydər Əliyev Mərkəzində ad gününü keçirərkən, "Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir. Mən əminəm ki, Prezidentimizin, dövlətimizin qəti siyasəti və mövqeyi, Allahın köməyi ilə biz buna nail olacağıq"- deyə bildirmişdir. Xoş niyyət Ona xoşbəxt anları yaşatdı.

TARİXİ YAŞADAN ABİDƏLƏR

Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük töhfələr verən Heydər Əliyev Fondunun layihələri sırasında "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib. Dini ocaqlarımız işğaldan azad olunmuş torpaqlarımızda da bərpa təmir olunur. Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin açılışı məhz dini abidələrimizə ayrılan diqqətdir. Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı. "PAŞA Holding"in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın "Wehdorn Architekten" şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb. İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb və divarların gücləndirilməsi işləri görülüb. Həmçinin zədələnmiş ön sütunun gücləndirilməsi işləri həyata keçirilib, məscidin döşəməsi bərpa edilib.
Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışı, eləcə də Saatlı məscidinin açılışı dini abidələrimizə Heydər Əliyev Fondu tərəfindən ayrılan diqqətdir. Dini ocaqlara olan münasibət Azərbaycanın bugünkü həqiqətlərinin təzahürüdür.
Bəli, azad edilmiş ərazilərimizdə işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mədəni abidələrimiz bərpa olunur və yeniləri tikilir. Bunlardan biri də Daşaltı kənd məscididir. Daşaltı məscidinin təməli 2021-ci il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Hazırda məsciddə, köməkçi binalarda və istinad divarında dəmir-beton və daş hörgü işləri davam edir. Tikinti işlərinin 2024-cü ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır. Həssas qəlbi, iradəsi ilə bütün hadisələrə münasibətində onun xalqa sevgisini, məhəbbətini görürük.
Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq Aşağı Gövhər Ağa məscidində də aparılır. Aşağı Gövhər Ağa məscidi XIX əsrdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Tarixi mədəniyyət abidəsi olan Aşağı Gövhər Ağa məscidi işğal dövründə ermənilər tərəfindən vandalizmə məruz qalmışdır. Ötən müddətdə yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə və layihələndirmə işləri aparıblar. Bərpa işləri Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislərin nəzarəti ilə aparılır. Ötən müddətdə məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilib. Məsciddə bərpa-təmir işləri davam edir.
Qeyd edək ki, Heydər Əliyev Fondu Şuşada bir sıra tarixi mədəniyyət abidələrimizin, o cümlədən məscidlərin bərpa və tikinti işlərini həyata keçirir. Artıq bərpası başa çatmış Yuxarı Gövhər Ağa, Saatlı məscidləri bu ilin may ayında istifadəyə verilib. Hazırda Heydər Əliyev Fondu tərəfindən Şuşada Mamayı və Çöl Qala məscidlərində bərpa işləri, o cümlədən Yeni Şuşa məscidinin tikintisi davam edir.
Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan M.P. Vaqifin büstü öz əvvəlki yerinə qaytarılıb. Görülən işlər kifayət qədərdir. Damarlarında azərbaycanlı qanı qövr edən Böyük Ziyalının işığında Azərbaycanın hər bir bölgəsində əməyini, layihələrini görürük. Bu hər kəsi qürurlandırır.
Əlbəttə ki, vətənpərvərlik, vətənə bağlılıq insanı xalqı, milləti üçün böyük amallara xidmət etməyə sövq edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın ictimai-siyasi, mədəni həyatında müstəsna rola malik olması onun vətənə bağlılığından irəli gəlir. Müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyev ideyalarını davam etdirən və mövcud prinsiplər və ənənə ilə fəaliyyət göstərən Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti onu nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda belə əks-səda doğurub. Heydər Əliyev ideyalarını dəstəkləyərək, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə fəaliyyətini davam etdirir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər