PDF Oxu

Siyasət

  • 2 131

Azərbaycan-Belarus münasibətlərində strateji tərəfdaşlıq TƏHLİL

Azərbaycan-Belarus münasibətlərində strateji tərəfdaşlıq TƏHLİL

Müstəqil Azərbaycanın bir çox dünya dövlətləri ilə eləcə də - Belarusla olan münasibətləri möhkəm dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır. Dövlət başçılarının qarşılıqlı olaraq ölkələrə rəsmi səfərləri dövlətlərarası əlaqələrə öz müsbət təsirini göstərib. Müasir dövrdə dövlətlər arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib. Dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə, qarşılıqlı etimad və dialoqa mühüm töhfə verir. Dövlətlər arasında kənd təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən sənədlər imzalanıb.
Dekabrın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşü məhz mövcud münasibətlərin dostluq və qarşılıqlı etimada söykəndiynə əsaslanır. Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı bir daha məmnunluqla qeyd edilib, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib. Yüksək səviyyəli görüşlərin və təmasların əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb. Dövlət başçıları əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək gələcək təmaslar və əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

"AZƏRBAYCANLA BELARUS BEYNƏLXALQ TƏŞKİLATLARDA AKTİV QARŞILIQLI FƏALİYYƏT GÖSTƏRİR"

Xatırladaq ki, 2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda Səfirlikləri açılmışdır. İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin iyun ayının 11-də qurulmuşdur. Həmin zamandan 30 il ötür. Bu münasibətlər xalqlarımızı birləşdirən mehriban dostluq ənənələrinə, qarşılıqlı hörmətə və etimada söykənir. Vurğulayaq ki, 18-19 noyabr 2018 -ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri, 28-29 noyabr 2016-cı il tarixində Belarus Respublikasının Prezidenti A.Lukaşenkonun Azərbaycana rəsmi səfəri, 13-14 aprel 2021- ci il tarixində Belarus Respublikasının Prezidenti A. Lukaşenkonun Azərbaycana işgüzar səfəri bu əlaqələrin daha da möhkəmlənməsinə səbəb olmuşdur.
Hazırda Azərbaycan və Belarus arasında bir çox sahələrdə eləcə də hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq vardır. Bildiyimiz kimi, Azərbaycanla Belarus arasında hərbi-texniki sahədə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Prezident çıxışlarının birində vurğulamışdı ki, bizim əməkdaşlığımızın istiqamətlərindən biri də hərbi-texniki sahədir: "Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də, təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyili var." Bir sözlə, Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Onu da bildirək ki, Azərbaycanla Belarus beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərir, bütün məsələlərdə bir-birini dəstəkləyirlər. "Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin, ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir", - deyə Prezident bildirmişdir.

AZƏRBAYCANLA BELARUS ARASINDA İQTİSADİ-TİCARƏT ƏLAQƏLƏRİ

Ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquq bazası yaradılıb. Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələr daha da genişləndirilir. Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, investisiyaların təşviqi buna nümunədir. Hazırda Azərbaycan ilə Belarus arasında qarşılıqlı ticarət fəaliyyətində 270-dən çox müəssisənin iştirakı ilə 300 çeşiddən artıq malın iki ölkə ərazisində qarşılıqlı təchizatı həyata keçirilir. Onlarla Azərbaycan şirkəti Belarus müəssisələrinin respublikamızda qanuni nümayəndəsi və təmsilçisi fəaliyyət göstərirlər. Ölkəmizdə Belarus kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən xüsusi təyinatlı mağazalar fəaliyyət göstərir.
İqtisadi sahədə əlaqələrin genişləndirilməsində birbaşa əmtəə ticarəti ilə yanaşı, qarşılıqlı faydalı birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi də getdikcə mühüm əhəmiyyət kəsb edir. Belarus maşınqayıranları ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlıq sənaye kooperasiyası sahəsində səmərəli qarşılıqlı fəaliyyətin gözəl nümunəsi kimi ölkələr üçün əlamətdar layihəyə çevrilib. Belarus tərəfi Azərbaycana lift tədarükünün artırılmasında, eləcə də müvafiq istehlak həcmləri üçün onların yığılması istehsalının yaradılmasında maraqlıdır.
Təbii ki, iki ölkənin rəhbərliyi səviyyəsində sıx münasibətlər əlaqələrin demək olar ki, bütün sahələrində öz əksini tapıb.
Göründüyü kimi, Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr, eyni zamanda, regionun tərəqqisi ilə bağlı yeni baxışlar formalaşdırır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər