PDF Oxu

Siyasət

  • 2 783

"COP29 ölkə tarixində keçiriləcək ən böyük tədbir olacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"COP29 ölkə tarixində keçiriləcək ən böyük tədbir olacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanın 2024-cü ildə COP-29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Eyni zamanda bu hadisə ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun günbəgün artdığını sübut edir. Həm də, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. COP29 ölkə tarixində keçiriləcək ən böyük tədbir olacaq. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük dividentlər qazandıracaq. COP BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün ən üst qərarverici qurumdur. Konvensiyaya tərəfdaş olan ölkələrin sayı iki yüzə yaxındır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Onun sözlərinə görə, bu, dünya dövlətlərinin Azərbaycana növbəti böyük etimadı və hörmətinin bariz nümunəsidir: “Azərbaycan bu gün bir çox beynəlxalq tədbirlərin təşəbbüskarıdır. Ölkəmizə beynəlxalq aləmdə olan hörmət günbəgün daha da artır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsi beynəlxalq birlik tərəfindən yeni reallıq kimi dəyərləndirilir. Bu qərarın antiterror tədbirindən 2 ay yarım sonra qəbul edilməsi də vacib məqamlardandır. Qeyd etmək lazımdır ki, ölkəmiz beynəlxalq tədbirlərə uğurlu şəkildə ev sahibliyi edir".Deputat sözlərinə davam edərək bildirib ki, Qoşulmama Hərəkatında uğurlu strategiyası Azərbaycanın təşkilata daha 1 il müddətinə sədrlik dövrünün uzadılması ilə bağlı qərarın verilməsi ilə nəticələnib: "Bu tədbirlər ölkəmizin tanınması, onun mədəniyyəti, tarixi haqqında məlumatların əldə olunması, iqtisadi imkanlar, gələcək layihələrin və əməkdaşlıq perspektivlərin dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, onun prinsipial mövqeyi sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır. Maraqlıdır ki, Ermənistanın özü Azərbaycanın xeyrinə COP29 sessiyasına ev sahibliyi etmək üçün namizədliyini geri götürüb. Azərbaycan qlobal problemlərin həlli yollarını müəyyən edən, mühüm təşəbbüslər göstərən, çağırışlar edən dövlət kimi böyük nüfuz sahibidir. Bir sözlə, COP 29-un Azərbaycanda keçirilməsi böyük etimaddır".

Ləman Sərraf

Digər xəbərlər