PDF Oxu

Siyasət

  • 3 384

Rusiyalı ekspert: Postsovet məkanında ən müstəqil ölkə Azərbaycandır - MÜSAHİBƏ

image

Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammitini politoloq Aleksandr Razuvayev “Moskva-Baku” portalı üçün təhlil edib. Ekspertin müsahibəsini oxucularımıza təqdim edirik.

- Aleksandr Yuryeviç, Rusiya prezidentinin təşkilatçılığı ilə Sankt-Peterburqda MDB-nin ənənəvi qeyri-rəsmi sammiti keçirildi. Sammitin yekununu necə dəyərləndirmək olar?

- Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburqda təntənəli şəkildə qarşılandı. Bundan əlavə, Vladimir Putinlə Azərbaycan liderinin bir-birini necə səmimi salamlaması diqqət çəkir. Bu, olduqca əhəmiyyətlidir. Azərbaycan Rusiyanın Zaqafqaziyada əsas tərəfdaşıdır. MDB-də ən şəffaf və konstruktiv tərəfdaş və müttəfiqlərdən biridir.

Bu gün Azərbaycan çox yaxşı statusa malikdir, suveren ölkə statusudur. Putin dəfələrlə deyib ki, öz milli maraqlarını müdafiə edən güclü suveren dövlətlərlə işləmək çox rahatdır: onlarla razılığa gəlmək olar. Postsovet məkanında buna ən yaxşı nümunə Azərbaycandır. MDB məkanında qeyri-suveren oyunçuya misal olaraq isə Ermənistanı göstərmək olar, onun Qərblə yaxınlaşma istiqamətində indiki addımları təkcə özünə deyil, həm də MDB “orqanizmində” sabitliyə pis təsir göstərəcək. Ermənistan Birlikdə sabitliyin pozulmasının aparıcısıdır. Bölgədə xarici oyunçuların maraqlarını təşviq edən belə bir tərəfdaşla işləmək çətindir.

Azərbaycanı yəqin ki, bəzi məqamlarda MDB dövlətləri arasında vasitəçi adlandırmaq olar. Axı o, Birlik strukturunda regional çoxluğu təşkil edən Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirir. Rusiya-Azərbaycan münasibətləri isə strukturu gücləndirən alətdir.

- Dəyişən dünyada bir struktur kimi MDB-nin perspektivləri haqqında nə deyə bilərsiniz?

- MDB çoxtərəfli iqtisadi və siyasi təmaslar platforması kimi yaradılmışdı. İndi Birlik özünü yenidən formatlaşdırmaq və Avrasiya inteqrasiya nöqtəsinə çevrilmək imkanına malikdir. MDB ikinci nəfəs tapa bilər. Məsələn, Azərbaycan MDB-nin bir hissəsidir, Aİİ-nin deyil. İlham Əliyev isə Avrasiya İqtisadi İttifaqı ölkələrinə Azərbaycanın potensialından yararlanmağı təklif etdi. Həm iqtisadi, həm də siyasi baxımdan bu təklif MDB üçün vacibdir, hər mənada konstruktivdir və Birlik üçün sabitləşmə nöqtələrindən birinə çevrilir.

MDB fundamental məsələlərdə birliyə nail olmalıdır.

- Rusiya MDB məkanında liderliyini qoruyub saxlamağa çalışır... Sankt-Peterburqda keçirilən eyni illik qeyri-rəsmi sammit “qalstuksuz” danışıqlar üçün əla formatdır.

- Bu həm də Rusiya üçün təcrid olunmadığını nümayiş etdirmək üçün bir fürsətdir. Rusiya indi qonşuları ilə yaxınlaşma vektorunu götürüb. Və bu düzgündür. Ağıllı insanlar isə həmişə razılığa gəlirlər. İstək olanda bu asandır.

Bundan başqa, Rusiyanın Böyük Avrasiya Tərəfdaşlığı konsepsiyası var. Hansı ki, son dərəcə vacibdir. Və bu gün bu konsepsiya daha da geniş şəkildə işləyir. Rusiya diqqətini Qlobal Cənuba yönəltməyə başlayıb. Bura həm də Afrika, Latın Amerikası və Asiya-Sakit okean regionu ölkələri daxildir. Bildiyimiz kimi, bütün bunlar bir neçə ildir ki, Qoşulmama Hərəkatının effektiv liderinə çevrilmiş Azərbaycanın yanaşmalarına çox bənzəyir.

- Ermənistanın baş naziri yenə də Aİİ və MDB sammitlərinə gəldi, baxmayaraq ki, bundan intriqa qurdu. Eyni zamanda, Nikol Paşinyan Aİİ sammitində strukturun siyasi, hətta geosiyasi məqsədlər güdməməsi ilə bağlı eyham kimi bir cümlə atdı... O niyə gəlmişdi, Rusiyaya və Rusiyayönlü strukturlara qarşı davamlı tənqidlər fonunda nə demək istəyirdi?

- Nikol Paşinyanın Aİİ-nin siyasi və ya geosiyasi məqsədlər güdməməsi ilə bağlı dediyi söz şübhəsiz ki, Rusiyaya qarşı növbəti iddiadır. İddialara görə, Paşinyan Moskvanın Ermənistana qarşı məhdudiyyətlərinə və İrəvanın anti-Rusiya hücumlarına görə bəzi erməni mallarının tədarük xəttinə eyham vurur. Yəni, Paşinyan əslində İrəvanın hansısa anti-Rusiya və Qərbyönümlü hücumlar etməsini istəyir, amma onun bununla heç bir əlaqəsi yoxdur. Buna çox rahat olmaq deyilir. Paşinyan iki stulda oturmağa çalışır. İqtisadi baxımdan Ermənistanın Aİİ-də olması sərfəlidir. Digər tərəfdən, Ermənistan ilk növbədə hərbi-texniki əməkdaşlıq baxımından Qərbə doğru gedir. Moskva Ermənistanın hərəkətlərinə baxır və “Yaxşı, görək nə edə bilərsən”, - deyir.

Ermənistanın Aİİ-də iştirakdan çox yaxşı faydaları var və onlardan imtina etməyəcək. Ona görə də Paşinyan görüşlərə gəlib. Və mənim fikrimcə, Putinlə Paşinyan arasında təkbətək söhbət olub və bu söhbət zamanı Rusiya lideri ondan artan qərbyönlü vektor və anti-Rusiya əhval-ruhiyyəsi ilə bağlı izahat tələb edib.

- Əliyevlə Paşinyan MDB sammitində bir-birini salamlayıblar. Daha sonra Dmitri Peskov bildirib ki, Azərbaycan və Ermənistan “sülh danışıqlarının yekunlaşdığını təsdiqləyir”. Sammit çərçivəsində Əliyevlə Paşinyan arasında da danışıqlar aparılıb.

- Yaxşı olardı ki, tərəflər sülh müqaviləsi imzalasınlar. Biz inanırıq ki, Ermənistanın mövqeyinə baxmayaraq, bu, Rusiyayönümlü platformada baş verəcək.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər