PDF Oxu

Siyasət

  • 2 163

2024-CÜ İLDƏN GERİYƏ BAXARKƏN TƏHLİL

2024-CÜ İLDƏN GERİYƏ BAXARKƏN TƏHLİL

Son 20 il tariximizin inkişafla başlayıb zəfərlə davam edən ən qüdrətli mərhələsidir

2023-cü ilin qarşıdan gələn yeni 2024-cü ilə təhvil verməsinə sayılı günlər qalıb. Bu, bir real faktdır ki, hər il başa çatarkən «növbəti ilə hansı uğurlarla qədəm qoyuruq» sualını qarşıya qoyuruq və bu sualı cavablandırmaq üçün ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial, mədəni, demokratik islahatlar və xarici siyasət sahəsində qazandığı uğurları bir daha təhlil etmək zərurəti duyulur. Və xalqımız Azərbaycanın tarixinə uğurlu və Qələbə Zəfərli illər kimi daxil olan 2020, 2021, 2022 və 2023-cü illlər kimi 2024-cü ilin də böyük sevinc və qələbələr ili kimi xeyirli, bərəkətli, işğal olunmuş torpaqlarımızda – Qarabağımızın cənnət məkanına çevriləcəyinə və keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. Bu, gəlişi gözəl söz deyil, real faktlara əsaslanan nəticələrdir. Çünki əsl siyasət konkret, real iş görməkdən ibarətdir. Son 20 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar və ən əsası isə 2020-ci ildə tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən Müharibəsi Ali Baş Komandanımızın uğurlu “Dəmir yumruq” əməliyyatı ilə bütün dünyaya həm də bacarıqlı, qətiyyətli Sərkərdə olduğunu, xalq-ordu-dövlət birliyini isbatladı. Hər ili uğurlu olan növbəti 2023-cü ilin….

“HEYDƏR ƏLİYEV İLİ” ELAN OLUNMASI VƏTƏNİNİ SEVƏN, TARİXİNİ DƏRK EDƏN HƏR BİR AZƏRBAYCANLI ÜÇÜN OLDUQCA SEVİNCLİ HADİSƏ OLDU

2023-cü ilin əvvəlki illərdən fərqli olaraq daha əlamətdar olması Prezident İlham Əliyev cənablarının 29 sentyabr 2022-ci il tarixində «Azərbaycan Respublikasında 2023-cü ilin «Heydər Əliyev İli» elan edilməsi haqqında» imzaladığı tarixi Sərəncamı oldu. Əslində, xalqımız bu qərarı çoxdan və çox böyük səbirsizliklə gözləyirdi desək, düşünürəm ki, hisslərimizin səmimiyyətini, sevincimizin həddini-hüdudunu daha da düzgün ifadə etmiş olarıq. Çünki ümummilli lider Heydər Əliyevin 100 illik yubileyiin məhz 2023-cü ilə təsadüf etməsi tarixi hadisədir. Sərəncamda deyilir: «Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir».

Bəli, ulu öndərimizin müəyyənləşdirdiyi siyasət daim ölkəmizə və xalqımıza işıqlı yol göstərir və zaman ötdükcə Onun Azərbaycanın inkişafı naminə gördüyü işlərin miqyası daha dərindən dərk olunur. Və Azərbaycan əvvəlki illərdə olduğu kimi, 2023-cü ili – «Heydər Əliyev İli»ni də uğurla, yüksəlişlə, həmrəyliklə, quruculuqla başa vurdu.

Belə ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, Prezident İlham Əliyev tərəfindən dəqiqliklə realizə edilən uzaqgörən siyasət, Xalq-İqtidar-Ordu möhkəm birliyi nəticəsində əldə etdiyimiz böyük Zəfərin ardından Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, Azərbaycanın öz torpaqlarında uğurla reallaşdırdığı antiterror əməliyyatları və Prezident İlham Əliyev cənablarının: «Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur” fikirlərini vurğulaması, məhz 2023-cü ilin «Heydər Əliyev İli» olması tarixi hadisədir. Bəli…

ONA ÖZÜ QƏDƏR İNANAN ULU ÖNDƏRİN “ŞUŞASIZ QARABAĞ, QARABAĞSIZ AZƏRBAYCAN YOXDUR” - ARZUSUNU REALLAŞDIRAN QALİB LİDER

Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”.

Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlıda böyük sevinc və qürur hissləri yaratdı. Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm». Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün öz təsdiqini tapdığının, hər bir azərbaycanlının Prezidenti olduğunun şahidi olur. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir.

SƏRKƏRDƏLİYİ İLƏ ÇOXLARININ QEYRİ-MÜMKÜN HESAB ETDİYİ QARABAĞ MÜNAQİŞƏSİ CƏMİ 44 GÜNƏ HƏLL OLUNDU

Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev xilaskar liderdir. Çünki məhz İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan Azərbaycan xalqına müraciətində söyləyib ki, İkinci Qarabağ müharibəsindəki Qələbə isə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Dövlətimizin başçısı deyib ki, bu, qəhrəmanlıq dastanıdır, bu, misli görünməmiş qəhrəmanlıqdır: «İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Bizi qabağa aparan məhz bu idi».

Bəli, İkinci Qarabağ müharibəsindəki Qələbə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Və qələbəmizin hər ilini böyük uğurla başa vururuq. Böyük qürur hissi keçiririk ki, bu qələbə və uğurlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən son 20 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyasının və «Dəmir yumruq» əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığının bütün dünyaya nümayişi idi. Bu, həm də bir daha nümayiş etdirdi ki, güclü, qüdrətli, yüz minlik ordunu heç kim dayandıra bilməz! Çünki bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında da göstərib: «Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. Bizim ordumuz budur. Bizim xalqımız budur. Çünki ordu xalqın bir hissəsidir. Orduda xidmət edən xalqın övladlarıdır, bizim yetişdirdiyimiz uşaqlardır» 2023-cü il, 15 oktyabr tarixində Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı qaldırdı. Bu şərəfli, tarixi gün cənab Prezidentin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsi, xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsidir. Dövlətimizin başçısı gərgin əməyi, qətiyyəti, iradəsi ilə ötən 20 illik fəaliyyətində göstərdi ki, O, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır.

Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən söyləyib ki, özünü “prezident” adlandırmış üç təlxək bax, burada (Xankəndidə - red.) oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə təmkinlə hər şeyə yanaşdığımız kimi, bu məsələyə də təmkinlə və səbirlə yanaşırdıq: «Çünki bilirdik ki, biz buraya gələcəyik. Mən bunu bilirdim. Mən düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim. Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il», - deyən dövlətimizin başçısı xatırladıb ki, üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı.

Prezident İlham Əliyev, həmçinin bildirib: “Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik».

«Burada (Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin binası – red.) oturmuş özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir»,- deyən dövlətimizin başçısı bildirib: «Burada özünü “xarici işlər naziri” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!”.

Bəli, Azərbaycan Prezidentinin Xankəndi müraciəti mərkəzi hakimiyyətin Qarabağın gələcəyinə, Ermənistanla normallaşma münasibətinə ismarışdır. Prezident İlham Əliyevin 20 illik hakimiyyəti Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinə uzanan, ölkəni qarışdıran əlləri kəsdi. Azərbaycanın qanayan yüzillik yarası sağaldı...Bir sözlə, bu gün Xankəndidə dalğalanan üçrəngli bayrağımız hər birimiz üçün xoşbəxtlik, fərəh, qürur, ləyaqət, fəxarət salnaməsidir. Dövlət başçımızın söylədiyikimi: «Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu qələbəyə layiqik. Azərbaycan xalqı bu qələbəni öz qanı-canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

ANTİTERROR TƏDBİRLƏRİNİN BAŞLANMASI VƏ UĞURLA BAŞA ÇATMASI NƏTİCƏSİNDƏ AZƏRBAYCAN ÖZ SUVERENLİYİNİ BƏRPA ETDİ

Prezident İlham Əliyev xalqa müraciətində antiterror tədbirləri nəticəsində hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini qeyd edərək deyib: “Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”.

Bəli, haqq savaşımız Zəfər Qələbəsi ilə başa çatdı. Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın 20 faiz ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlətin Qalib Sərkərdəsinin qalib xalq birliyi ilə...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti qətiyyətli qələbə qazandı, işğalçını əzəli torpaqlarımızdan “iti qovan kimi qovdu”. Eyni zamanda, bütün Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək, sözün əsl mənasında, böyük və qəhrəman xalq olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını aldı. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.

PREZİDENTLİK FƏALİYYƏTİNİN 20 İLİ ƏRZİNDƏ SÖZÜ İMZASI QƏDƏR DƏYƏYƏRLİ VƏ KEÇƏRLİ OLAN GÜCLÜ SİYASİ LİDER OLARAQ HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞININ PREZİDENTİ OLDUĞUNU TƏSDİQLƏYİR

Bəli, sözü imzası qədər dəyəyərli və keçərli olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənabları da prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Və bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur. Belə ki, bir qərinəyə yaxın dövrdə düşmən tapdağı altında əsir həyatı yaşayan Qarabağ və Şərqi Zəngəzurun qaranlığa qərq edilmiş hər guşəsi indi nura boyanır. Yenidən qurulub abadlaşan, dünyanın ən ecazkar məkanlarından birinə çevrilən bu yurd yerlərimizdə reallaşan möhtəşəm layihələr düşmənin bağrını yarır və Şuşanın, Kəlbəcərin, Ağdamın, Xocavəndin, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Suqovuşanın timsalında zəfərimiz parlayır. Çünki bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır, Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, qürurla öz doğma torpaqlarımızı qururuq, yaradırıq.

Deyilənləri təsdiqləyən amil 2023-cü ilin iyun ayında dövlət büdcəsinə edilmiş dəyişikliklərdən sonra xərclər 3 milyard manat artırılaraq 36 milyard manata çatdırılmasıdır ki, bu da müstəqil Azərbaycanın tarixində rekord göstəricidir. Xərclərə əlavə edilən 3 milyard manatın təqribən 1,8 milyardlıq hissəsinin Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə ayırlması isə belə bir həqiqətin növbəti təsdiqi oldu ki, işğaldan azad edilmiş ərazilərin bərpası Azərbaycanın milli prioritetidir. Prezident İlham Əliyev cənablarının ilk prezident seçilməsindən ötən 20 il ərzində Azərbaycan sürətli inkişaf və tərəqqi yolunda uğurlu inkişaf yolunda davam etməkdədir. Hər bir vədin konkret əməli işi ilə təsdiqləyən Azərbaycan Prezidenti İlham Əliyevin Qələbəmizin Zəfərindən ötən üç il ərzində işğaldan azad edilmiş ərazilərimizə səfərləri çərçivəsində təməlqoyma mərasimində iştirak etdiyi yeni sosial obyektlərin say tərkibinə, icrasına başlanan infrastruktur layihələrinə, imzalanan Fərman və sərəncamlara, təsdiqlənən Dövlət proqramlarına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir!

«Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq", - söyləyən İlham Əliyev bildirir ki, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflər təmin edilir, 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilir.

QALİB LİDER HƏR ŞEYİ VAXTINDA VƏ MƏHARƏTLƏ EDİR

Ali Baş Komandan nəyi edirsə, dəqiqliklə edir. Hazırda möhtəşəm tarixi qələbənin sevincini yaşayan xalqımız Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun quruculuq salnaməsini yaradır. Düşmənin 30 il ərzində viran qoyduğu ərazilərimizin, daşı daş üstdə saxlamadığı yurd yerlərinin bərpası sürətlə davam etdirilir və Azərbaycan dövləti öz maliyyə imkanları hesabına həyata keçirir. Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün dövlət büdcəsindən 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. Bu ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün daha 5 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Artıq həmin vəsaitin 60 faizi istifadə olunub. Bütövlükdə isə, nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək bərpa-quruculuq işlərinə, təqribən, 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcək. Bu da Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ilə bağlı işlərin sürətlə həyata keçirilməsinə dəlalət edir. Bir sözlə, illərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda infrastruktur yenilənir, dədə-baba yurdlarına qayıdacaq soydaşlarımızın rahat yaşaması, işlə təmin olunması, onların təhlükəsizliyi və istirahəti üçün hər cür şərait yaradılır. Bu reallıq bir daha sübut edir ki, Azərbaycan heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan Qarabağ və Şərqi Zəngəzuru öz iqtisadi qüdrəti hesabına yenidən qurur.

Bir sözlə, dövlət başçısının düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrası həm Azərbaycana böyük iqtisadi və siyasi dividendlər qazandıracaq, həm də dünya bir daha şahidi olacaq ki, Prezident İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir. Bu günün reallıqları isə bir daha göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır. Bütün bu deyilənlərə əsaslanaraq bir daha əminliklə söyləmək olar ki, 30 illik işğala 44 gündə son qoyan və bu gün Zəfər yürüşünü inamla davam etdirən Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək və insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar.

ÜMUMİLİKDƏ QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN SOSİAL PROBLEMLƏRİNİN HƏLLİ MƏQSƏDİLƏ SON 20 İLDƏ 5,1 MİLYARD MANATDAN ÇOX VƏSAİT AYRILIB

Prezident İlham Əliyev hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. 2006-cı ildə Bərdə və Ağcabədi rayonlarındakı 4 çadır düşərgəsinin, 2007-ci ilin dekabrında isə Saatlı və Sabirabad rayonları ərazisindəki 3 çadır düşərgəsinin ləğvi də təmin edilərək Prezident İlham Əliyevin tapşırığı vaxtından bir il əvvəl yerinə yetirildi. 2004-cü ildə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” ölkəmizdə qaçqın və məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürü idi. Proqram nəticəsində 2004-cü ildən başlayaraq qaçqın və məcburi köçkünlər üçün respublikamızın müxtəlif bölgələrində yeni yaşayış qəsəbələrinin inşası prosesinə start verildi. Sonrakı illərdə proqrama əlavələr edildi və buna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbir həyata keçirildi. Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə son 20 ildə 5,1 milyard manatdan çox vəsait ayrılıb ki, bunun da 2 milyard manatdan çoxu mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub. Bu illərdə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artıb. Əməkqabiliyyətli 380 min məcburi köçkündən 160 mindən çoxu daimi işlə təmin edilib, 200 min nəfəri isə mövsümi işlərə cəlb olunub.

Bütün bu uğurların təmin olunmasında heç şübhəsiz, bu təbəqədən olan soydaşlarımızın kompleks həllini nəzərdə tutan və Azərbaycan Prezidentinin sərəncamları ilə təsdiq olunmuş məlum Dövlət Proqramı və ona edilmiş əlavələr, həmçinin digər fərman və sərəncamlar, hökumət tərəfindən qəbul olunmuş müvafiq qərarlar xüsusi önəm daşıyır. Çünki əhalinin rifahının yüksəldilməsini, sosial vəziyyətinin yaxşılaşdırılmasını şərtləndirən amillərdən biri də məhz verilən sərəncamların, hökumətin qərarlarının yerlərdə vaxtında və yüksək səviyyədə icra olunmasıdır. Əhalinin sosial durumunun yüksəlməsi həm də ölkədə sabitliyə və davamlı inkişafa təminatdır. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında görülən işlər ölkəmizdə iqtisadi islahatların dərinləşməsini və bu sahənin müvəffəqiyyətlə irəliləməsini, xalqın həyat səviyyəsinin dinamik olaraq yaxşılaşmasını bir daha sübut edir.

Son 20 ildə Azərbaycan Respublikası Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında çox mühüm tarixi uğurlara imza atmış, eyni zamanda, ölkəmiz beynəlxalq və regional əhəmiyyətli çoxsaylı tədbirlərə ev sahibliyi etmişdir. Həm ölkəmizin paytaxtı Bakı şəhərində, həm digər regionlarımızda keçirilən tədbirlərdə yüksək səviyyəli təşkilatçılıq diqqəti cəlb etməklə zəngin təcrübə formalaşmışdır.

AZƏRBAYCANA İNAMIN, ETİMADIN TƏZAHÜRÜ, ÖLKƏMİZİN VƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARININ QLOBAL MİQYASDA NÜFUZUNUN GÖSTƏRİCİSİDİR

Bugünkü Qalib Azərbaycan həmin inamın, etimadın, liderliyin təqdimatıdır. Son 20 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və Azərbaycan Prezidenti İlham Əliyev cənablarının qlobal miqyasda nüfuzunun göstəricisidir. Və bu gün Azərbaycan dünyada özünəməxsus milli inkişaf modeli ilə tanınır. Prezident İlham Əliyev bildirir ki, qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Bütün bunlar son 20 ildə Qalib Liderimiz Prezident İlham Əliyevin apardığı uğurla, qətiyyətlə Azərbaycanın haqq, ədalət təfdarı olduğunun göstəricisidir. Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş, yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, beynəlxalq aləmdə ölkəmizi etibarlı tərəfdaş kimi tanıdıb. Ümumiyyətlə, regional və qlobal təhlükəsizlik, əməkdaşlıq məsələlərinə dair təşkil edilən önəmli platformalarda Azərbaycanın iştirakı ölkəmizin beynəlxalq mövqeyini, nüfuzunu əyani şəkildə nümayiş etdirir. Bu kontekstdə qeyd edə bilərik ki, Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yeridir. Bunun təsdiqi üçün çox da uzağa getmək lazım deyil. Sadəcə, ölkəmizin qlobal problemlərin öhdəsindən necə uğurla gəldiyini görməyə kifayət edir.

AZƏRBAYCANIN SƏDRLİYİ DÖVRÜNDƏ QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ ALƏMDƏ NÜFUZU DAHA DA YÜKSƏLİB

Məlum olduğu kimi, Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə QH-yə sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadıldı. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb. Dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb.

Ölkəmizin Hərəkata sədrliyinin ilk illəri COVID-19 pandemiyası ilə əlaqədar dünyanı sarsıdan qlobal səhiyyə böhranı dövrünə təsadüf etsə də, Azərbaycan özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa uyğunlaşdırdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif 150-dən çox ölkə tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Yetmişdən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir oldu. Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə aparması oldu. Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edildi.

Qlobal səhiyyə böhranı dövründə Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətləri də unutmadı. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi. Təbii ki, bu ölkəmizin Hərəkatın sədri kimi məsuliyyətinin və bəşəri dəyərlərə verdiyi önəmin göstəricisidir. Həmçinin Azərbaycan sözügedən məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına da yardım göstərib və təşkilata 10 milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi verib. Bu, həm də Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi iqtisadi nailiyyətlərin göstəricisidir. Çünki vaxtilə maliyyə yardımı alan Azərbaycan artıq özü fəal donor ölkəyə çevrilib.

Beləliklə, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrilib. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir. Əslində, buna nail olmaq heç də asan deyil. Belə ki, Qoşulmama Hərəkatı fərqli etnik, dini, mədəni köklərə, siyasi quruluşlara malik və bəzən hətta bir-biri ilə kəskin münasibətdə olan 120 dövlətdən ibarətdir. Belə fərqli və mürəkkəb coğrafiyada birləşdirici, effektiv və nəticəyönümlü sədrlik etmək məhz Prezident İlham Əliyevin tarixi uğurudur.

COP 29-UN AZƏRBAYCANDA KEÇİRİLMƏSİ ÖLKƏMİZİN BEYNƏLXALQ NÜFUZUNUN GÖSTƏRİCİSİDİR

Bu gün Azərbaycan müxtəlif istiqamətlər üzrə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər ölkəmizin tanınması, onun mədəniyyəti, tarixi haqqında məlumatların əldə olunması, iqtisadi imkanlar, gələcək layihələrin və əməkdaşlıq perspektivlərin dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq aləmin hər bir üzvünün razılığı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ölkəmizin alternativ enerjiyə keçiddə öz imkanlarını nümayiş etdirmək üçün mühüm platformadır. Əlbəttə ki, bu, səbəbsiz deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, onun prinsipial mövqeyi sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artır. Ölkə başçısının apardığı müstəqil siyasət, bütün qərar və addımların beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsi, əməkdaşlıq münasibətlərində dürüstlük, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası və digər amillər bütövlükdə Azərbaycana olan münasibəti müsbət mənada dəyişib.

Doğrudur, erməni diasporu və bəzi siyasi qüvvələr revanşist hərəkətlərini davam etməkdədir. Prezident İlham Əliyevin dediyi kimi, “Fransada və bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar”. Belə ki, 2024-cü ildə dünyanın ən böyük və ən mühüm dövlətlərarası tədbirlərindən birinin Azərbaycanda keçirilməsi Fransadakı erməni havadarlarını ciddi təşvişə salıb. Onlar COP29-un Azərbaycanda keçirilməsinin əleyhinə mətn imzalayıblar. Maraqlıdır ki, Ermənistanın özü Azərbaycanın xeyrinə COP29 sessiyasına ev sahibliyi etmək üçün öz namizədliyini geri götürüb. Yəni, Ermənistan rəhbərliyi Azərbaycanla birbaşa danışıqlar aparmağın adekvatlığını və məlumatlılığını nümayiş etdirdiyi halda, Fransa erməniləri açıq şəkildə bu prosesi pozmağa çalışırlar. Bu və ya digər şəkildə Azərbaycanın düşmənləri növbəti uğursuzluqları ilə barışmalı olacaqlar.

Əslində, COP29-un Bakıda keçirilməsində gözlənilməz heç nə yoxdur. Azərbaycan dünya gündəmindəki qlobal problemlərin qarşısını almaq və həll yollarının müəyyən edilməsi üçün mühüm təşəbbüslər göstərən, çağırışlar edən, həmin məsələləri beynəlxalq səviyyədə aktuallaşdıran dövlət kimi kifayət qədər hörmət qazanıb. Pandemiya dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin həyata keçirdiyi nəhəng diplomatik və humanitar fəaliyyəti, Azərbaycanın Qoşulmama Hərəkatının sədri bu qurumun institusional mexanizmlərin yaradılması səyləri konkret nümunədir. Həmçinin, Azərbaycan qlobal inteqrasiya prosesinə, nəqliyyat-kommunikasiya, loqistika layihələrinə ciddi töhfə verir və bu istiqamətdə səylərini artırmağa hazırdır.

Bundan başqa, Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəsi var. COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədəki çıxışında bu məsələyə toxunan Prezident İlham Əliyev bildirdi ki, hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib: "50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilib. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”.

Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışıb. Vətən müharibəsi günlərində döyüşən orduya tapşırıqlarını birbaşa özü verib. Müzəffər Ali Baş Komandan üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail olub. Bu Qələbə regionda yeni reallıqların yaranmasına səbəb olub. Beləliklə, bu gün cənab Prezident İlham Əliyevin hərtərəfli siyasəti sayəsində Azərbaycan təkcə regional iştirakçı deyil, həm də qlobal problemlərin həllinə təsir edə bilən bir ölkədir. Azərbaycan Liderinin artmaqda olan nüfuzu ölkənin siyasi gücünü artırmaqla yanaşı ölkəmizi bir çox sahələrdə Avropa qitəsi üçün vacib, əvəzolunmaz və etibarlı tərəfdaşa çevririb.

Bütövlükdə, geridə qoyduğumuz 2023-cü il bütün bu görülən işlər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi isə, öz növbəsində, dünyada bir ilkdir və bu gün böyük inam və qətiyyətlə ifadə edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2024-cü ildə də yeni-yeni hədəflərə hesablanmış strategiyasına uyğun olaraq Azərbaycan inkişaf, tərəqqi yolunda daha da böyük addımlarla irəliləyəcək.

Qədəmlərin uğurlu olsun, 2024-cü il!

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər