Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib. Belə ki, son illər paytaxt Bakıda və rayonlarda yol infrastrukturunun genişləndirilməsi ilə bağlı mühüm tədbirlər görülür. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Bu mövqe düzgün siyasət, gələcək perspektivi aydın müəyyənləşdirən strateji kurs və vaxtında ən optimal islahatlar keçirilməsi, müasir layihələr icra edilməsi nəticəsində qazanılıb. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Prezident İlham Əliyevin imzaladığı növbəti sərəncamlar yol infrasturukturuna töhfədir. Belə ki, dövlət başçısı "Şabran rayonunun Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (11 km)-Ağalıq-Daşlıyataq-Günəşli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında"
Sərəncam imzalayıb. Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (11 km)-Ağalıq-Daşlıyataq-Günəşli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,0 (bir) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
"Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" Sərəncamına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 350,0 (üç yüz əlli) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq edilərkən qarşıya qoyulan başlıca hədəflər arasında yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması xüsusi yer tutub. "Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil" - deyən Azərbaycan Prezidenti buna nail olmaq məqsədilə yol qurğularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilməsinə diqqət ayırır. Prezident İlham Əliyev bölgələrə, demək olar ki, bütün səfərləri zamanı respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi ilə bağlı konkret tapşırıqlar verir. Bunun nəticəsi olaraq Lənkəran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Ağstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Bərdə və digər avtomobil yolları yenidən qurulmuş, ölkədaxili yol infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Bu gün ölkəmizdə avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə kompleks tədbirlər icra olunur. Bu baxımdan, yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri xüsusi əhəmiyyəti ilə seçilir. Görülən işlər ümumilikdə ölkəmizin nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə töhfə verir.
Ölkəmizin davamlı inkişafına, xalqımızın rifahının yüksəlişinə xidmət edən, sürətlə yeniləşən və müasirləşən avtomobil-yol təsərrüfatı da müstəqil dövlətçiliyimizin çox mühüm nailiyyətlərindəndir.
Nəzakət ƏLƏDDİNQIZI