2023-cü il tariximizdə Böyük Qayıdışın sürətli inkişaf mərhələsi kimi qaldı. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir. Bu ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərimizin hər biri, məhz Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağalı kimi müasir məkana çevrilir və buranın əzəli sakinləri rahat, təhlükəsiz bir şəraitdə bu yerlərdə əbədi olaraq yaşayacaqlar. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir ki, istəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək: "Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. İlin sonuna qədər dediyim kimi, laçınlıların birinci qrupunu biz artıq yerləşdirəcəyik. Zabux və Sus kəndlərində də məncə, 200-dən çox ailə məskunlaşacaq". Artıq bu fikirlərin reallığına şahidlik edirik.
Ölkə Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin daha da vüsət almasına böyük təkan verir. Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin daimi-təhlükəsiz məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün şərait yaradır.
Yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr həllini tapır. Məlumdur ki, birinci pilot layihə olan "Ağıllı kənd" layihəsi Zəngilanda icra edildi. 2022-ci ildə Ağalıya köç başladı. Bu gün Ağalı kəndi dünyanın ən müasir kəndlərindən birinə çevrilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Qısa bir zamanda reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirildi. Yenidən qurulan Ağalı kəndi müasir tələblərə uyğun olaraq quruldu.
LAÇIN ŞƏHƏRİNDƏ 408 AİLƏ, YƏNİ 1555 NƏFƏRİN DAİMİ MƏSKUNLAŞMASI TƏMİN EDİLDİ
Daha sonra isə digər ərzizilərimizə qayıdış oldu. "Ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq. Çünki dərhal göstəriş verildi, indi Laçın şəhərində geniş quruculuq-bərpa işləri gedir və indi baxacağıq, …Zabux kəndində hansısa varlı erməni tərəfindən evlər tikilibdir. Mən o evləri müvəqqəti olaraq hərbçilərə vermişəm. Mən dedim ki, bizim vətəndaşlar o evlərdə yaşamayacaq. Onlardan biz kazarma kimi istifadə edirik. Amma zabuxlular üçün Zabux kəndində yeni qəsəbə salınır və bu il biz onları oraya göndərəcəyik" – deyə Prezident bildirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Laçın şəhərinə köçən daha 25 ailə mənzillərinin açarlarını təhvil alıb. Bu dəfə Laçın 25 ailəyə qucaq açıb və daha 80 nəfərin yurd həsrəti bitib. Bununla da Laçın şəhərində 408 ailə, yəni 1555 nəfərin daimi məskunlaşması təmin edilib. Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Böyük Qayıdış proqramı çərçivəsində Laçının Zabux kəndinə qayıdan ailələrdə bu il böyük sevinc yaşadılar. Yeni evlərinin açarlarını təhvil aldılar. Onlar kənddə böyük coşqu ilə qarşılanıb, illərdir həsrətini çəkdikləri kəndin gözəl mənzərəsini seyr ediblər. Zabux kəndində 203 ailənin, yəni 783 nəfərin daimi məskunlaşması təmin olunub. Qeyd edək ki, Zabux sakinləri üçün doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə yaşayış üçün bütün şərait yaradılıb.
Bütün bunlarla yanaşı, bir çox kəndlərdə artıq inşaat işlərinə başlanılıb. Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlanılıb. "Torpaq çəkir və əminəm ki, bizim keçmiş köçkünlərimizin hamısı qayıdacaq", - deyə Prezident bildirib.
"HƏM MÜHARİBƏDƏ QALİB OLMAQ, XALQIMIZIN ÜMİDLƏRİNİ DOĞRULTMAQ, EYNİ ZAMANDA, QURUB-YARATMAQ - BUNDAN BÖYÜK XOŞBƏXTLİK OLA BİLMƏZ"
Bu gün artıq bir çox ərazilərimiz kimi, Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində də bərpa-quruculuq işləri davam etdirilir. Bir zamanlar doğma yurdlarından didərgin düşənlər Talış kəndi ilə də görüşdülər. Evlərin daxilində kommunikasiya sistemi çəkilib, hər bir ev mətbəx mebeli ilə təchiz edilib. Məişət avadanlıqları sakinlərin köçürülməsindən öncə qurulub, tam hazır və işlək vəziyyətə gətiriləcək. Kənddə inzibati binada, məktəbdə, uşaq bağçasında, xeyir-şər evi və mağazada əsaslı təmir işləri davam edir. Talış kəndində qaz, elektrik, su, rabitə xətlərinin çəkilişi aparılır. Müasir kanalizasiya sistemi inşa olunur. Kəndarası yollar da yenidən qurulur. Yolların işıqlanması günəş panelləri ilə çalışan işıq dayaqları vasitəsilə həyata keçiriləcək. "Bu, doğrudan da böyük xoşbəxtlikdir. Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq - bundan böyük xoşbəxtlik ola bilməz", - deyə bildirən Prezident vurğulayıb ki, bu, bir daha xalqımızın böyüklüyünü göstərir ki, xalqımız doğrudan da uzun illər ərzində əyilmədi və öz kimliyini unutmadı: "Zəngilanın Ağalı kəndində uşaqların baxışlarını, gülüşlərini görəndə vallah, adam sanki uçur. Axı onlar bu yerləri ancaq kitablarda görüblər, məktəblərdə eşidiblər, valideynlərindən, babalarından, nənələrindən eşidiblər, amma indi gəliblər oraya. Torpaq çəkir və əminəm ki, bizim keçmiş köçkünlərimizin hamısı qayıdacaq".
Necə ki, füzulililərdə öz əzəli torpaqlarına qovuşurlar. İndiyədək Füzuli şəhərinə 358 ailənin, yəni 1 298 nəfərin daimi məskunlaşması təmin edilib.
Bu gün öz əzəli torpaqlarına qayıdanlar Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramını Laçında, Füzulidə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində böyük coşqu ilə qeyd edirlər. Milli birlik, mənəvi dəyərlərimizə hörmət, Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdirən Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunmuş tədbirlərdə Dövlət Himni səslənib, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman oğullarımızın ruhu bir dəqiqəlik sükutla anılıb. Zaman yetişəcək bütün əzəli torapqlarımızda milli bayramlarımızı coşqu ilə qeyd edəcəyik. Bir milyondan artıq əzəli torpaqlarından olanların hər bir bu sevinci yaşayacaqlar. Bu sevinci bizlərə yaşadan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir.
Zümrüd BAYRAMOVA