PDF Oxu

Siyasət

  • 1 941

Bir günlük səfər, yüz illik xidmət…. TƏHLİL

Bir günlük səfər, yüz illik xidmət…. TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Elə bir Ağdam quracağıq ki, bu, bütün dünya ölkələrinə örnək olsun”

Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva dekabrın 24-də zəfərimizdən sonra Ağdama 6-cı səfərini gerçəkləşdirdi. Qalib Sərkərdə, Prezident İlham Əliyev Ağdam azad olunduqdan 3 gün sonra 2020-ci il noyabrın 23-də rayona ilk səfəri zamanı ürəkdağlayan mənzərəni görərək bütün bəşəriyyətə erməni barbarlığının faşist xislətli simasının təqdim etdi. Ermənilər 27 il ərzində Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam indi viranəyə çevrilmiş xarabalıqlardan ibarətdir.

AĞDAM ŞƏHƏRİNDƏ SƏFƏRDƏ OLMUŞ XARİCİ JURNALİSTLƏR ONU QAFQAZIN XİROSİMASI ADLANDIRIRLAR

Prezident İlham Əliyev erməni vəhşiliyi ilə bağlı danışarkən deyib: “Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb. Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər. Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri kimi, o da bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb. Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib”.

Daşı daş üstündə qalmayan, təbiəti viran edilən, dörd tərəfi minalanan Ağdamı Qalib Sərkərdəmiz, Prezident İlham Əliyevin diplomatik qətiyyəti sayəsində bir güllə atılmadan düşməndən azad olundu. Ağdamı əcnəbi jurnalistlər "Qafqazın Xirosiması" adlandırmışdılar. 2021-ci il mayın 28-də - Müstəqillik Günündə Ağdama ikinci səfərində rayon ictimaiyyəti ilə görüşdə Prezident İlham Əliyev dedi ki, əgər ermənilər ən gözəl şəhərimizi 30 ilə viranəyə çevirmişdilərsə, Azərbaycan cəmi bir neçə ilə burada cənnətməkan yaradacaq: "Elə bir Ağdam quracağıq ki, bu, bütün dünya ölkələrinə örnək olsun". Bəli, 30 ilə yaxın erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Ağdam indi yenidən tikilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Ağdam üçün yeni dövrün başlandığını, rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi: "Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur”.

Bu gün isə, şanlı Qələbəmizdən keçən 3 il müddətində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda indi geniş tikinti işləri gedir. İşğaldan azad olunan ərazilərimizin baş planlarına uyğun olaraq müxtəlif infrastrukturların icra prosesi da həyata keçirilməkdədir.

BİR GÜNLÜK SƏFƏR ZAMANI YENİ UĞURLARIN TƏMƏLİNİN QOYULMASI XİDMƏTİ KİMİ DƏYƏRLƏNDİRİLMƏLİDİR

Sözü imzası qədər keçərli, dediyini qısa zamanda həyata keçirən Azərbaycan Prezidenti Ağdamda xarüqələr yaradır. Cəmi 3 ildə Ağdamda görülən işlərə nəzər yetirdikdə bir daha əmin olursan ki, Ağdam regionun ən gözəl şəhərlərindən birinə çevriləcək.Dövlətimizin başçısı hər səfərində Ağdamda müxtəlif sosial-iqtisadi, ictimai-iaşə obyektlərinin təməlini qoyan, açılışını edir. Bu dəfə də Prezident İlham Əliyev və Birinci xanım Mehriban xanım Əliyeva Ağdamın quruculuğu istiqamətində həyata keçirilən yeni layihələrin təməlqoyma mərasiminə qatıldı, yeni obyektlərin açılışını etdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfəri çərçivəsində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının, uzunluğu 44,5 kilometr olan Bərdə-Ağdam avtomobil yolunun açılışlarını etdi və Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasiminə qatıldı. Həmçinin Prezident Ağdam şəhərində dördüncü, beşinci yaşayış komplekslərinin, Qiyaslı, Salahlı, Kəngərli və Baş Qərvənd kəndlərinin təməllərini qoydu, "İmarət" Kompleksində aparılan təmir-bərpa, Ağdam şəhərinin daxili yollarının tikinti işləri ilə tanış oldu.

Bir sözlə, bir günlük səfər zamanı görülən işlər Qalib Lider, Prezident İlham Əliyevin yüz illik xidmətinin təsdiqi, «Qarabağda cənnət yaradacağıq” sözü ilə əməlin bir olmasının göstəricisidir. Beləliklə, bütün bu deyilənlərə əsaslanaraq bir daha əminliklə söyləmək olar ki, az bir zamanda Qarabağ və bütün işğaldan azad olunmuş ərazilər dirçələcək, bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdıb, yaşayıb-yaradacaqlar. Ancaq mənfur düşmən unutmamalıdır, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanlar öz el-obalarına geri dönəcəklər. Artıq insanlar öz el-obalarına geri dönməkdədilər. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər