31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Tərtər rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə Tərtərdə bayram tədbiri keçirilib. Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov , idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ümummilli Liderin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yeni təqvim ilinin başlanması və Böyük Zəfər-respublikamızın ərazi bütövlüyünün tam bərpası münasibəti ilə təbrik edib. Rayon rəhbəri 2023-cü ilin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev İli” elan olunduğunu, bu münasibətlə respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunda da silsilə tədbirlərin keçirildiyini, keçirilən tədbirlərin tərtərlilərin yaddaşında dərin iz buraxdığını bildirib, Ümummilli Liderin Azərbaycanın, hər bir azərbaycanlının taleyində misilsiz rol oynadığını qeyd edib.Bildirib ki, rayonda keçirilən yubiley tədbirlərində tərtərlilərlə yanaşı respublikamızın hər yerindən olan qonaqlar iştirak etdilər. O cümlədən Ulu Öndərin məzunu olduğu Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin rayonumuza gəlişi, keçirdikləri tədbirlər, söylədikləri mühazirələr yaddaşımızda dərin iz qoydu.Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti və YAP Tərtər rayon təşkilatı tərəfindən rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub. Sonda Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər Rayon Mədəniyyət Mərkəzinin hazırladığı bayram konserti təqdim edilib.