Yaşadığımız əsr informasiya və yüksək texnologiyalar əsridir. İnkişaf etmiş texnologiya məhsulları həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnformasiya texnologiyalarının inkişafı günümüzdə müxtəlif təyinatlı təşkilatların, şirkətlərin, dövlət qurumlarının strukturuna, işləmə prinsipinə, performansına və dəyişməsinə təsir edən əsas amillərdən biridir. Tədricən idarə və müəssisələrdə dolablardakı kağızların yerini kompüterdəki “byte” lar tutur.
Elektron Hökumət nədir?
“Elektron Hökumət”in tərifinə gəlincə, bunu dövlət sturukturları daxilindəki sənədləşmə prosedurları, o cümlədən hüquqi və fiziki şəxslərə göstərilən xidmətləri informasiya texnologiyalarının vasitəsi ilə həyata keçirmə prosesi kimi xarakterizə etmək olar. Elektron hökumət və ya e-hökumət- hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. E-hökumət klassik dövlət formatında göstərilən xidmətlərin daha sürətli, zaman və maliyyə cəhətdən daha səmərəli olması ilə fərqlənir. Əsrimiz sürət əsridir və elektron hökumətin bu əsrdəki üstünlüyü də əvəzedilməzdir.
Doğru tənzimlənmiş e-hökumət modeli, ölkənin iqdisadi yüksəlişinə, ictimai-siyasi inkişafına, yaşam standartlarının yüksəlməsinə və ən əsası demokratiyanın güclənməsinə böyük təsir göstərir. Çünki e-hökümət özü ilə bərabər sağlam e-ticarət və “elektron” demokratiyanı da gətirir.
“Elektron Hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.
E-hökumət modelinin məqsədi nədir?
Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “Elektron Hökumət” portalı tətbiq edilir.
Ölkəmizdə “Elektron Hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyəti üçün hüquqi baza yaradılıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 mart 2018-ci il tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "Elektron Hökumətin İnkişafı Mərkəzi" publik hüquqi şəxsi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir.
Koordinasiyalı iş planı
“Elektron Hökumətin İnkişafı Mərkəzi” dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur.
Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir.
Mərkəzin fəaliyyət istiqamətləri başlıca olaraq elektronlaşdırılmış dövlət xidmətləri, e-viza verilməsi və rəqəmsal ödəniş sistemləri üzrə xidmətləri əhatə edir. Qeyd olunan sahələrdə xidmət keyfiyyətinin yüksəldilməsi, xidmətdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübələr araşdırılmış və vətəndaş ehtiyacları nəzərə alınmaqla innovativ yeniliklər tətbiq olunmuşdur.
“Elektron Hökumətin İnkişafı Mərkəzi” dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsini və elektron xidmətlərin göstərilməsini “Elektron Hökumət” portalı vasitəsilə təşkil edir. Eyni zamanda, “Elektron hökumət” portalının idarə olunmasını və fəaliyyətini təmin etməklə yanaşı təkmilləşdirmə tədbirlərini də davam etdirir. Sözügedən tədbirlər vahid elektron kabinet və onun daxilindəki digər funksiyaları əhatə edəcək “Elektron hökumət”in yeni modeli çərçivəsində həyata keçirilməkdədir.
Mərkəz tərəfindən həmçinin elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.
“Elektron Hökumət”in əhəmiyyəti və fəaliyyət prinsipləri
Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi, informasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması, istifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması, dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsüdür.
“Elektron Hökumət”in əhəmiyyəti dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsidir. Habelə, dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi, istifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetirilmə prosedurlarının sadələşdirilməsi, elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi, istifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması, istifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü prioritet məsələdir.
“Elektron Hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.
Elektron hökumətin cəmiyyət üçün faydaları
Günün istənilən saatında portala daxil olan fiziki və ya hüquqi şəxs, eyni zamanda vətandaşlığı olmayan şəxslər müvafiq dövlət qürumlarının bazasında ona lazım olan sorğuları apara bilir, lazımi sənəd barədə sifariş verə bilir, məsləhət ala bilir və əməliyatlar aparır. Təbii ki bunun üçün istifadəçi qeydiyyatdan keçməli və portalın tam həcmli istifadəsi üçün “Elektron imza” ya sahib olmalıdır.
Bu xidmət informasiya texnologiyalarından istifadə etməklə dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə və eləcə də xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya xidmətlərinin və e-xidmətlərin göstərilməsi kimi üstünlüklər verir. İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq, təqdim olunan elektron xidmətlərdən ölkənin bütün ərazisində istifadənin mümkünlüyü də bu xidmətin təqdim etdiyi üstünlüklərdən bəziləridir.
Eyni zamanda, e-hökumət kriminal hadisələrin də qarşısını alacaq və kriminal əməllər törədən şəxslərin fəaliyyətini məhdudlaşdıracaq. Elektron Məhkəmənin verəcəyi axtarış əmri ilə cinayətkarın yeri tez bir zamanda təyin olunacaq. Biometrik məlumatların e-hökumətin verilənlər bazasına yerləşdirilməsi bizi sadəcə cinayətkar axtarışında yox, həm də naməlum insan meyidinin tapılmasından və itkin düşmələrdən xilas edə bilər.
Vətəndaşlar üçün istifadəyə verilən xidmətlərə misal olaraq gəlir vergisi, iş axtarışı (müəssisələrdə vakansiyalar), sənədlərin verilməsi (pasport və sürücülük vəsiqəsi), vətəndaşların qeydiyyat aktları (doğum, ölüm, nikah), avtomobillərin qeydiyyatı, sığortası, onlayn ərizə (ali məktəbə daxil olmaq, tikinti aparmağa razılıq almaq, pensiya, müavinət və s. haqqında), yaşayış yerində qeydiyyat, səhiyyə xidmətləri ( e-məsləhət) və s. göstərmək olar.
Bu sistemin biznes sektoru üçün də əsas üstünlükləri var. İş adamlarının dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqələrin qurulması və xərclərin azaldılması, iqtisadi səmərəliliyin, rəqabət və xarici bazarlara çıxış imkanlarının artması- əldə olunan imkanlardan bəziləridir. Bu sektor üçün göstərilən xidmətlərə misal olaraq sosial fondlara ödəmə, e-bəyannamə, e-vergi hesab-fakturası, yeni şirkətlərin qeydiyyatı və gömrük bəyannamələri, e-lisenziya, e-satınalma, e-kotirovka, e-hərrac, arayışların verilməsi və s. göstərmək olar.
Dövlətin və cəmiyyətin idarə olunmasında rolu
Günbəgün modernləşən informasiya texnologiyaları gələcəkdə e-hökumətin əhatə dairəsini kifayət qədər genişləndirə bilər. Son zamanlarda ölkəmizdə tətbiqinə başlanmş elektron təhsil, elektron maliyyə və mühasibatlıq sistemi, elektron sənəd dövriyyəsi, elektron HRM – Kadrların İdarəolunması sistemi kimi iri lahiyələr gələcəkdə müxtəlif istiqamətlər üzrə şaxələnərək bir-biri ilə əlaqəli şəkildə daha əlverişli, asan bir sistem kimi fəaliyyət göstərə biləcək.
Tibb, hüquq, sığorta, maliyyə, turizm, idman, ticarət və digər sahələrdə həyata keçirilən əməliyyat və prosedurlar elektronlaşaraq e-hökumətin ayrılmaz parçası halına gələ bilər.
Azərbaycanda İKT-nin sürətli inkişafı e-hökümət adlı reallığı ortaya çıxardı. E-hökumətin tam bərqərar olunması təbii ki, qısamüddətli iş deyil. Bu, informasiya cəmiyyətinin formalaşması prosesinin bir təzahürüdür.
Bu proses getdikcə daha geniş spektrdə bərqərar olur, yeni texnologiyalar ortaya çıxır, informasiya resurslarının sayı da, həcmi də artır. Artıq dövlətin, cəmiyyətin idarə olunması onlayn müstəviyə keçir. Bu isə demokratik və effektiv idarəetməni, hüquqi prosedurların daha tez və optimal həllini, son nəticədə vətəndaşların rahatlığını təmin edir.
Lalə Mehralı