"Bir sıra beynəlxalq təşkilatların qurucularından və üzvlərindən biri olan Fransanın onların tribunasından sui-istifadə edərək digər dövlətlərin daxili işlərinə qarışması beynəlxalq hüququn kobud surətdə pozulmasıdır. Bununla Fransa imzası olan Birləşmiş Millətlər Təşkilatı nizamnaməsini ayaqlar altına atır, ona hörmətsizliyini açıq-aşkar göstərir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib. Deputat sözlərinə davam edərək bildirib ki, Emmanuel Makron Fransasının belə hərəkətlərinə dair bir çox nümunə göstərmək olar: "Həmin nümunələrdən biri 44 günlük Vətən müharibəsi gedişində heç bir əsas olmadan Azərbaycanla bağlı məsələni BMT-də müzakirə etmək cəhdi oldu. Həmin cəhdin uğursuzluğa düçar edilməsi Azərbaycan diplomatiyasının böyük qələbəsi idi. Belə çirkin oyunlar heç şübhəsiz, fransız xalqının adına ləkə gətirir, Fransa dövlətini gözdən düşürür".
Ləman Sərraf