Prezident İlham Əliyev: "Humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik"
"Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik." Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrikində bildirib. Bildiyimiz kimi, Azərbaycanın pravoslav xristian icması Milad bayramını hər il təntənə ilə qeyd edir. Milad bayramının yeniliyin, paklığın, mərhəmət və xeyirxahlıq duyğularının rəmzi olduğunu bildirən Cənab Prezident bu müqəddəs gün münasibətilə bayram təbriklərini yetirərək, ailələrinə xoşbəxtlik, süfrələrinə bol ruzi-bərəkət arzulayıb: "Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram."Azərbaycan bir neçə pravoslav kilsəsi fəaliyyət göstərir. Dünya dövlətləri Azərbaycanın bu sahədəki təcrübəsinə böyük maraq götərirlər. Belə ki, Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir və təsadüfü deyil ki, Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar.
BÜTÜN MİLLİ AZLIQLARIN MƏDƏNİ KİMLİYİNƏ TƏMİNAT VERİLİB
Əlbəttə ki, Azərbaycanda xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir və 7 sinaqoq, 4 gürcü kilsəsi də fəaliyyətdədir. Bütün dünya ölkələri bu mühitə maraq göstərməsi də məhz mövcud mühitdən qaynaqlanır. Xalqımızın tarixi keçmişindən qalan tolerantlıq və multikulturalizm prinsipləri ölkəmizin qanunvericiliyində də öz əksini tapıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı, qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir.
DİNLƏRARASI VƏ ÇOXMƏDƏNİYYƏTLİ HARMONİYANIN İNKİŞAFINA TƏKAN
Dövlət başçısı "Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşadır, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak edirlər." - deyə bildirib.Müasir gərgin beynəlxalq şəraitdə Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, praktiki, elmi, təbliğati və təşviqati istiqamətdə fəaliyyət göstərməsi xüsusi əhəmiyyət kəsb edir. Milli-mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük, tolerantlıq sosial-iqtisadi inkişaf və dövlətin öz siyasi xəttinə güvənməsi davamlı inkişafın və uğurların əsas amilləridir. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, protestantlar, yəhudilər daxil olmaqla, müxtəlif etnik və dini qruplar əsrlərdir sülh, qardaşlıq, qarşılıqlı hörmət şəraitində yaşayır. Burada etnik və dini qruplar arasında hər zaman güclü əlaqələr olub.Azərbaycanda bütün etnik və dini qruplar öz bayramlarını uğurla qeyd edirlər. Pravoslav xristian icmasının Milad bayramı Müqəddəs gecədən başlayır. Belə ki, yanvarın 7-də pravoslavlar ən vacib xristian bayramlarından birini – Milad bayramını qeyd ediblər. Milad bayramı bir gün əvvəl, yanvarın 6-dan başlayır. Pravoslavlara görə bu, 40 günlük orucun son günü və Miladın qeyd edilməsi üçün daha möhkəm hazırlıq vaxtıdır. Axşam, gün batandan sonra bütün ailə həvarilərin sayına uyğun olaraq 12 yağsız yeməyin olduğu masa arxasında yığışır. Yeməklərin heç biri toxunulmamış qalmamalıdır: hər birindən ən azından bir az dadmaq lazımdır. Masada bir şamın - canlı alovun yanması məsləhətdir. Müqəddəs axşam yeməyinin əsas xörəyi kutyadır. O, ənənəvi olaraq buğdadan hazırlanır, lakin digər dənli bitkilərdən də istifadə edilə bilər. yanvarın 7-də bütün məhdudiyyətlər aradan qaldırılır və artıq əsl bayram ziyafəti təşkil etmək olar.Deyilənlərə görə, Milad bayramında evdən darçın və vanil ətri gəlməlidir. Yəni məxsusi yemək olmadan bu bayramı təsəvvür etmək mümkün deyil. Qədim zamanlarda daha bir ənənə olub: bayram günlərində yalnız təzə libaslar geyinirdilər. Məhz bu gecədə su, təbiətin özü və hava sanki sehrlə dolaraq bütün arzuların həyata keçməsinə kömək edir. Milad ənənələrinə görə, bayram günlərində insanlar vaxtlarını şən keçirməli, qəm-qüssədən uzaq olmalı, həyatdan zövq almalıdırlar.Azərbaycanın pravoslav xristian icması da Milad bayramını təntənə ilə qeyd edir. Təsadüfi deyil ki, Qafqazda ilk xristian məbədləri məhz ölkəmizin ərazisində yaranıb. Müxtəlif dinlərin nümayəndələri əsrlərboyu torpağımızda dinc yanaşı yaşayır, öz adət-ənənələrini sərbəst şəkildə icra edirlər. Azərbaycanda heç vaxt milli və irqi zəmində ayrı-seçkilik, dini dözümsüzlük olmayıb. Digər konfessiyaların nümayəndələri kimi, xristianlar da cəmiyyətimizin tamhüquqlu üzvüdürlər. Ölkədə bir neçə pravoslav kilsəsi fəaliyyət göstərir.Həqiqətən də. Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.
TOLERANTLIQ MÜHİTİ DÖVLƏT-DİN KONSEPSİYASINA UYĞUN MÖHKƏMLƏNİB
Çoxəsrlik tolerantlıq ənənələrinin mövcud olduğu cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin, dini-mənəvi irsin və multikultural dəyərlərin qorunub-saxlanılması və daha da inkişaf etdirilməsi həyata keçirilən dövlət siyasətinin başlıca məqsədlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır". Azərbaycandakı multikulturalizm mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, ən çətin anlarda belə bunu əməli fəaliyyətdə sübut ediblər. Bu gün ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşaması fikirlərimizi əsaslandırır.
ZÜMRÜD BAYRAMOVA