PDF Oxu

Siyasət

  • 2 205

"Azərbaycanla Ermənistan arasında sülh danışıqları bir neçə il davam edə bilər” - POLİTOLOQ BİLDİRDİ

"Azərbaycanla Ermənistan arasında sülh danışıqları bir neçə il davam edə bilər” - POLİTOLOQ BİLDİRDİ

“Ermənistanla Azərbaycan arasında faktiki olaraq danışıqlar prosesi gedir. 30 illik münaqişə tarixinə baxdıqda danışıqlar bu qədər intensiv olmamışdı. Xüsusilə də sərhəd komissiyalarının keçirilməsi, reqlamentin tərtib edilməsi, tərəflər arasında masada danışıqlar sənədinin olması və vaxtaşırı bu sənədin iki tərəf arasında dəyişdirilərək bir-birinə göndərilməsi kimi məqamlar faktiki olaraq danışıqların getdiyini göstərir. Bu belə öz-özlüyündə sülhə olan inamı artırmağa kifayət edir. Yəni 30 il ərzində bu qədər hadisə baş verməmişdi və bunlar kifayət qədər mühüm nüanslardır”. Bu barədə SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan da sülhə maraqlı olduğunu deyir və ötən il Azərbaycanın ərazi bütövlüyünü rəqəmsal olaraq da tanıdığını bildirmişdi: “Bunların fonunda demək olar ki, Ermənistan özü sülh müqaviləsinə maraqlıdır. Lakin burada belə bir məqam var ki, 10 noyabr bəyanatına görə Azərbaycanın qalib tərəf kimi şərtləri var. Bu şərtlərin Ermənistan tərəfini qane etməyən tərəfləri var. Ermənistan qarşılıqlı maraqlar çərçivəsində regionda sülh prizmasında prosesin həll edilməsini istəyir. Azərbaycan tərəfinin bəzi şərtləri var ki, bu tərəflər arasında mübahisəli məqamlardır. Sülh sənədində 70% məsələlər razılaşdırılıbsa, 30% həllini gözləyən məqamlar var. Bunlar Qazaxın kəndləri, anklav və esklav məsələsi, dəhliz olub-olmayacağı kimi məsələlərdir. Bütün bunlar hamısı müzakirəyə ehtiyacı olan məsələlərdir. Biz sülh müqaviləsinin imzalanmasını bu qədər qısa müddətə gözləməməliyik. 2023-cü ilin sonuna qədər müqavilənin imzalanacağı deyilirdi. Amma bu elə də asan bir şey deyil. İlkin sülh sənədi kimi bu ilin birinci yarısında bir sənəd imzalana bilər. Lakin bu belə yekun sülh müqaviləsi olmayacaq və tərəflər arasında yekun sülh müqaviləsi üçün danışıqlar hələ bir neçə il davam edə bilər”.T.Rzayev bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəməyən ölkələr var: “Misal olaraq Fransa, Rusiya kimi ölkələri göstərə bilərik. Bu ölkələr slüh müqaviləsinin imzalanmasını istəmir, çünki Cənubi Qafqaza müdaxilə imkanları yalnızca konflikt üzərindəndir. Rusiya indiki məqamda sülh müqaviləsinə maraqlı olduğunu göstərsə də əslində bu belə deyil. Söhbət burada konkret bir sülh müqaviləsindən deyil, sadəcə Rusiya reallıqları çərçivəsində prosesində 1988-ci il versiyasına qayıtması deməkdir. Fransa da həmçinin Cənubi Qafqaza müdaxilə etmək istəyir. Xüsusilə də Azərbaycanla son illər yaşanan gərginliyi nəzərə alsaq Fransa bu sülhün olmasını istəmir. Amma bütün bunlara baxmayaraq Azərbaycan Prezidentinin də əvvəldən dediyi kimi “Sülh regiona lazımdır, mütləq şəkildə regional formatlarda əldə edilməlidir”. Azərbaycan və Ermənistan nümayəndələri ikili danışıqlara davam edəcəyi təqdirdə ən azından ilkin sülh müqaviləsinin şahidi ola bilərik”.

Digər xəbərlər