"2023-cü il Azərbaycan xalqının tarixinə bir sıra mühüm məsələlərlə yazıldı. Onlardan biri şübhəsiz ki, Azərbaycan xalqının 30 illik arzusu olan Böyük Qayıdış prosesinin baş tutması idi. Əlbəttə ki, Böyük Qayıdışın baş tutması üçün ilk növbədə torpaqlarımız işğaldan azad edilməli idi. Hansı ki, 2020-2023-cü illərdə Azərbaycan həm torpaqlarını işğaldan azad etməyi bacardı, həm də işğaldan azad edilmiş ərazilərimizin hər bir qarışında suveren hüquqlarımız bərpa edildi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, Böyük Qayıdış və bu proqramın sürətlə reallaşması üçün bütün maneələri Azərbaycan aradan götürməyi bacardı: "Bu hər şeydən öncə ümummilli arzumuzun reallaşması idi. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqa etdiyi müraciətdə də Böyük Qayıdışı xüsusi məsələ kimi öz çıxışına daxil etmişdi. Ölkə başçısının çıxışından bəlli oldu ki, bu günə qədər 5000-ə yaxın məcburi köçkün artıq öz doğma yurduna qayıdıb və bu proses davam edəcək. Qayıdışımızın bu il miqyası daha da genişlənəcək.Azərbaycan dövləti böyük şövq və əzmlə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini davam etdirir. Heç bir xarici maliyyədən dəstək almadan görülən bu işlər Azərbaycan iqtisadiyyatının gücünün göstəricisidir. Həmçinin Böyük Qayıdış yeni iqtisadiyyat və var olan iqtisadiyyatımızın inkişafı deməkdir. Bütün bunlar isə Azərbaycanın gücünü bir qədər də artıaracaq".
Müəllif: Səbinə Hüseynli