Dağıdıcı müxalifətin fəal təmsilçilərindən olan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, Şura üzvü Gültəkin Hacıbəyli və digərləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı yanlış və əsassız təxribatçı informasiyalar yaymaqda davam edirlər. Bu da təbii ki, göstərişsiz deyil. Yəni, ələbaxım funksiyasını yerinə yetirən dağıdıcı ünsürlər xarici maraqlı dairələrdən aldıqları göstərişlərə uyğun olaraq seçkilərlə bağlı təxribat xarakterli açıqlamalar verir, videolar paylaşırlar. Lakin onların çirkin və məkrli planları nəticə verməyəcək. Çünki cəmiyyət onların yaydıqları böhtanları qətiyyətlə rədd etdiyindən fəaliyyətləri özlərinə qarşı çevrilmiş olacaq. Ümumiyyətlə, görünən ondan ibarətdir ki, dağıdıcı müxalifət istər 44 günlük Vətən savaşında, istərsə də üçrəngli bayrağımızın Xankəndidə ucaldılmasından sonra, eləcə də 7 fevral növbədənkənar prezident seçkiləri ərəfəsində geniş və əhatəli şəkildə cəmiyyətdə çaşqınlıq yaratmağa hesablanan fəaliyyət yolu tutublar. Bu da onu deməyə əsas verir ki, Ə.Kərimli, C.Həsənli, A.Hacılı və digərləri xarici maraqlı dairələrin göstərişlərini yerinə yetirmək üçün xüsusi göstərişlər alıblar.
Əli Kərimli və Cəmil Həsənli xalqdan üzr istəyərək siyasətdən getməli idilər
Ermənistanın diz çöküb, təslim olmasından sonra AXCP sədri Ə.Kərimli demək olar ki, hər gün təxribat xarakterli açıqlamalar yayımlayırdı. Gah deyirdi ki, sərhəd keçid məntəqəsi yaradılmayacaq, gah da iddia edirdi ki, Laçına gedərkən rus sülhməramlılarından icazə almalı olacağıq. Başqa bir sayıqlamasında isə Ə.Kərimli bildirirdi ki, Xankəndi, Xocalı, Ağdərə və digər ərazilərimizə getmək mümkün olmayacaq. Lakin bu bayquş bir daha yanıldı. Azərbaycan həm Laçın sərhəd keçid məntəqəsi yaratdı, həm də Laçına sərbəst olaraq gediş gəlişi təmin etdi. 2023-cü il oktyabrın 15-də isə Müzəffər Ali Baş Komandan, Yenilməz Sərkərdə, Prezident İlham Əliyev Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə və digər ərazilərimizdə üçrəngli bayrağımızı ucaltdı. 2023-cü il noyabrın 8-də Xankəndidə xalqımız üçün qürurverici anlar yaşandı, ölkə Prezidenti, Fateh Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun hərbi paradı keçirildi. Bununla da bütün suallar cavablandırıldı və nəyi, necə və nə zaman etməyi yalnız O bildiyini nümayiş etdirdi. Bundan sonra dağıdıcı müxalif partiya funksionerləri susmalı və xalqdan üzr istəyərək siyasətdən getməli idilər. Lakin onlar siyasətə gəlir mənbəyi kimi baxdıqlarından gözlənilən siyasi mədəniyyəti nümayiş etdirmədilər. Əksinə, daha həyasız formada mənasız iddialarla və lüzumsuz açıqlamalarla çıxışlar edirlər.
Dağıdıcı müxalifətin təxribatı iflasa uğradı
Dağıdıcı müxalifət başbilənlərinin 7 fevral növbədənkənar prezident seçkiləri ilə bağlı cəfəng yalanlar söyləyib, təxribat xarakterli mövqe sərgiləmələri məhz xarici ağalarının tapşırıqlarından irəli gəlir. Əgər belə olmasa idi seçkilərə qatıla və ya seçkilərdə namizəliyini irəli sürən hansısa şəxsi dəstəklədiklərini élan edərdilər. Lakin ağılsızlıqları və bu azmış kimi xarici maraqlı dairələrdən asılı olmaları onlara ümumxalq tədbirdə iştirak etməyə imkan vermədi. Reallığı isə etiraf etməyə nə gücləri, nə də cəsarətləri çatmır. Lakin əqidə dostları arasında proseslərə uyğun addım atmağın vacibliyini dərk edənlər var. Onlardan biri də hansı əxlaqın və mənəviyyatın sahibi olduğu bəlli olmayan, Milli Şuranın keçmiş üzvü, özünü “hüquq müdafiəçisi” kimi təqdim etməyə çalışan Namizəd Səfərovdur. Bu məxluq Əli Kərimlinin, Cəmil Həsənlinin və digərlərinin Qərb dəyərlərinə münasibətdə Azərbaycanın milli-mənəvi dəyərlərinə hörmətsiz yanaşmalarına etiraz olaraq Milli Şuradan istefa versə də, vaxtaşırı qurumun toplantılarında iştirak edir, C.Həsənli ilə müəyyən məsələlərlə bağlı məsləhətləşmələr aparır. Namizədliyini irəli sürməsi də öz ağlının və istəyinin məhsulu olmadığı şübhəsizdir.
Cəmil Həsənlinin Namizəd Səfərov üzərində təsiri ola bilər
Əminliklə qeyd etmək olar ki, müxalifət düşərgəsində belə qəbul edilməyən N.Səfərovun gözlənilmədən seçkidə namizədliyini irəli sürməsində C.Həsənlinin rolu və dəstəyi mövcuddur. Düzdür, bu məsələdə 2019-cu ilin noyabrında xaricdəki təxribatçıların iştirakı ilə yaradılan və N.Səfərovun da qoşulduğu blok üzvlərinin göstərişləri ehtimal olunur. Lakin əsas təsirin C.Həsənlidən gəldiyi şübhəsizdir. Çünki xaricdəki təxribatçı qrup Azərbaycan cəmiyyətində özlərinə böyük nifrət qazandıqlarından N.Səfərov üzərində ciddi təsirləri ola biləcəyi inandırıcı deyil. C.Həsənli isə qismən də olsa, xaricdəki erməni kökənli hesab olunan qruplardan fərqlənir. Ən azı C.Həsənli canlı efirlər qurub qadın, uşaq söyüşləri söymür, gecənin yarısı insanlara zəng edib onları təhqir etmir. C.Həsənlinin işi xaricdən verilən müəyyən siyasi tapşırıqları yerinə yetirməklə meydanda görünməyə çalışmaqdır ki, bunu da məharətlə yerinə yetirir. Bu baxımdan, N.Səfərovun xaricdəki söyüş qruplarının istəyi ilə deyil, C.Həsənlinin maraqlarına uyğun namizədliyini irəli sürdüyü ehtimal olunur. Sual yarana bilər, C.Həsənlinin marağı nədir? Birincisi, C.Həsənli dostu, Milli Şuranın keçmiş üzvü N.Səfərovu seçki marafonuna buraxmaqla xaricdən yeni qrant almağa ümid edir. İkincisi, N.Səfərov vasitəsi ilə seçkiyə qatılmaqla üzərinə olan təzyiq və təhdidlərdən yayınmağa çalışır. Üçüncüsü, nümayiş etdirməyə çalışır ki, seçkiləri boykot qərarı Ə.Kərimlinin istəyidir, onun bu məsələdə heç bir rolu yoxdur. Buradan da belə anlaşılır ki, əslində, C.Həsənli Ə.Kərimlinin seçkiləri boykot qərarını dəstəkləmir. Sadəcə, niyyətini cəsarətli şəkildə ortaya qoymaqdan çəkinir. Qorxur ki, Ə.Kərimli haqqında rüsvayedici siyasi bilgiləri dövriyyəyə buraxmaqla onu siyasətdən uzaqlaşdırar. Ona görə də susur və gizli dəstək hesabına N.Səfərovu meydana buraxmaqla çoxdan qurduğu planlarını reallaşdırmağa çalışır. Lakin C.Həsənli N.Səfərov kimi kifayət qədər zəif və təcrübəsiz birisi vasitəsi ilə nəzərdə tutduğu planlarını həyata keçirəcəyi inandırıcı deyil. Digər tərəfdən, N.Səfərovun 40 min imzanı toplaya biləcəyi şübhəli görünür. Ona görə də, hələ bilmək olmaz N.Səfərov C.Həsənlinin, eləcə də digər maraqlı tərəflərin planlarının gerçəkləşməsində vasitə olacaq, ya yox. Təbii ki, bunu zaman göstərəcək. O zaman isə heç də uzaqda deyil. Yaxın vaxtlarda hər şeyə aydınlıq gətiriləcək. Hələlik isə onu demək olar ki, N.Səfərov namizədliyini irəli sürməklə C.Həsənlinin maraqlarının təminatçısı olsa da, Ə.Kərimlinin belini qırdı.
İLHAM ƏLİYEV