PDF Oxu

Siyasət

  • 1 318

Aqressiya artır - ERMƏNİSTANDA - ŞƏRH-ANALİTİK

Aqressiya artır - ERMƏNİSTANDA - ŞƏRH-ANALİTİK

Erməni analitik: İlham Əliyevin sözü Paşinyan üçün qanundur"

2018-ci ildə Ermənistanda baş vermiş "məxməri inqilabın" nəticələrindən narazı olan və bununla yanaşı, Nikol Paşinyan hökumətinə qarşı müxalifətdə olan cinahlar bu dəfə daha aqressiv münasibətlər sərgiləməyə başlayıblar. Bu dəfə erməni analitiki Hayk Usunç son günlər çoxsaylı müzakirələrə çevrilən, daha dəqiq desək, parlamentin spikeri Alen Simonyanın özünə cah-cəlallı ad günü keçirməsindən sonra bir sıra açıqlamalar verib.

Hayk Usunç: "Əclaflar zirvəyə qalxaraq bundan bəhrələnir"

“Məlum bir ifadə var: inqilabı romantiklər həyata keçirir, amma əclaflar onun bəhrəsindən həzz alır", ibarəsini önə sürən analitik qeyd edib ki, 2018-ci ildə insanlar təmsil etdikləri ədaləti müdafiə etmək üçün küçələrə çıxdılar, lakin bu insanların duyğuları oğurlandı: "Amma əclaflar zirvəyə qalxaraq bundan bəhrələnir. Bunu izləmək necə də iyrəncdir. Və bütün bunlar minlərlə qurbanın və Qarabağın itirilməsi fonunda baş verir”.

Erməni ekspert: "İndi Simonyan “inqilabın” bəhrəsini yeyir və o, bunu xüsusi şou ilə edir"

Usunç daha sonra xatırladıb: “Milli Assambleyanın sədri təyin edilən Alen Simonyan “məxməri inqilabın" canlı simvollarından biridir. O, “inqilabın” əsas simalarından biridir. İndi Simonyan “inqilabın” bəhrəsini yeyir və o, bunu xüsusi şou ilə edir". Onun sözlərinə görə, sinizm və farazizm o yerə çatıb ki, Alen Simonyan itkin düşənlərin və ölən erməni əsgərlərin qohumları ilə görüş təşkil edir, onlara gecələr itkin düşənlər haqqında düşünərək yata bilmədiyini deyir, amma səhərisi gün hamı onun şübhəli maliyyə vəsaitindən danışır: "Qış tətili günlərində o, Nikol və başqaları ilə birlikdə Yunanıstanın Mikonos adasında eyş-işrət məclisində görünüb.

Məlum olur ki, Alenin, əslində, dərdi yalnız əylənməkdir, nəinki erməni xalqı".

Usunç: "Mütləq güc “məxmər”ləri azdırıb"

O qeyd edib ki, Alen Simonyanın Yunanıstandakı məclisi ad günü ilə əlaqədardır: "Onlar öz sevinclərini təmtəraqla ifadə etməkdən zövq alırlar. Bu sevinc isə Qarabağın itirilməsindən irəli gəlir. Mütləq güc “məxmər”ləri azdırıb. Onların arasında Alen Simonyan xüsusilə seçilir. “İnqilabçı” Simonyan öz vətəndaşına tüpürür, Mikonosda əylənir və Qarabağın itirilməsi ilə bağlı rəqs edir".

Hayk Usunç bildirib ki, Alen Simonyan Nikolun özündən daha çox nikolizmlə məşğuldur. O, hətta Alen Simonyanı Nikol Paşinyandan daha çox "azərbaycanpərəst" (?!-A.T.) olduğunu da iddia edib: "Alen çox yaxşı bilir ki, Əliyevin sözü Nikol üçün qanundur. Alenin "azərbaycanpərəst" bəyanatları həm onun düşüncəsinin nəticəsidir, həm də kreslosunu saxlamaq məqsədi güdür.

“İnqilabçı” övladdan başqa heç nə gözləməyə dəyməzdi”.

Afət Tahirqızı

P.S. Beləliklə, Ermənistanda daxili vəziyyətin gərginləşməsi fonunda bu kimi qarşıdurma və ittihamların da artması nəticə etibarı ilə kiçik toqquşmalara qədər inkişaf edəcəyini də istisna etmək olmaz. Lakin bütün bunların Azərbaycanla gözlənilən sülh müqaviləsinə hər hansı təsiri ola bilməz. Əks təqdirdə, Ermənistan daha çox itirməli olacaq. Görünür, hələ də bu reallığı ciddi dərk etməyən müəyyən bəlli qüvvələr haralarasa arxalanırlar. Amma unudurlar ki, həqiqətən də Azərbaycan Prezidenti İlham Əliyevin sözü Nikol Paşinyan üçün qanundur!

Digər xəbərlər