PDF Oxu

Siyasət

  • 1 718

ABŞ dünyada dinlərarası qarşıdurma yaratmağa çalışır TƏHLİL

ABŞ dünyada dinlərarası qarşıdurma yaratmağa çalışır TƏHLİL

Azərbaycan bütün sahələrdə inkişaf edən azad, demokratik dövlət kimi dünyanın aparıcı ölkələri sırasında yer alır. Sosial, iqtisadi, hərbi, diplomatik uğurlarla yanaşı, Azərbaycan həm də dini və milli tolerantlığın hökm sürdüyü dövlət kimi tanınır. Bunun da əsası var. Başlıcası, dövlət bütün dinlərə bərəbərhüquqlu şərait və imkanlar yaradıb, dini icmaların maddi-texniki təminatının yaxşılaşdırılması, dini mərkəzlərə maliyyə yardımlarının göstərilməsi üçün müvafiq işlər həyata keçirib. Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində dövlət-din münasibətləri öz hüquqi statusunu alaraq dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabərliyi elan edilir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliğinin qadağan olması göstərilir. Konstitusiyanın “Bərabərlik hüququ" adlanan 25-ci maddəsində deyilir: "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əqidəsindən, siyasi partiyalara və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir”.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tarixi çıxışlarının birində ölkəmizdəki yüksək tolerantlıq hissi barədə demişdir: “Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri birgə yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir”. Ulu Öndər Heydər Əliyev onu da bildirmişdir ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan Respublikasının ən böyük sərvəti, bəlkə də ən birinci sərvəti burada uzun əsrlər bir yerdə yaşamış, dostlaşmış, qardaşlaşmış müxtəlif xalqların birliyidir".

ABŞ kimi bəşəriyyət üçün təhlükə mənbəyi olan dövlətlərin siyasəti başqa ölkələrin uğurlarını inkar etmək üzərində qurulub

Bu gün dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları dini etiqad azadlığından, dövlət-din münasibətlərindən lazımınca yararlanırlar. Ölkə Prezidenti, Yenilməz Sərkərdə İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə yaşayan bütün millətlərin, etnik azlıqların dini inancına, dilinə, mədəniyyətinə bərabər səviyyədə hörmət və ehtiramla yanaşılır, adət-ənənələrin, el şənlikləri və mərasimlərin həyata keçirilməsinə lazımi şərait yaradılır. Məhz Azərbaycan xalqının xoşbəxtliyi bütün dinlərin bərabərhüquqlu şəkildə birgə fəaliyyət göstərməsində və bütün ölkə vətəndaşlarının dini inanclarına, etiqad azadlıqlarına hörmət və ehtiram göstərilməsidir. Təəssüf ki, bəzi ölkələr, xüsusilə də, ABŞ kimi dünyada dinlərarası qarşıdurmalar yaratmaq üçün hər cür iyrənc vasitə və üsullardan istifadə edən ölkələr görmək istəmirlər. Daha doğrusu, dövlət siyasətləri Azərbaycanın nümunəvi tolerantlıq hissini görməyə imkan vermir. Bu da onu təsdiq edir ki, ABŞ kimi bəşəriyyət üçün təhlükə mənbəyi olan dövlətlərin siyasəti başqa dövlətlərin uğurlarını inkar etmək üzərində qurulub. Bunu bu yaxınlarda ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatının Azərbaycana aid hissəsində əsassız, reallıqla heç bir əlaqəsi olmayan və qərəzli iddialardan ibarət olan hesabatı da təsdiqləyir. Təbii ki, dünyada dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı belə iddiaların heç bir əsası yoxdur. Çünki Azərbaycan hər bir sahədə, o cümlədən, dini və milli tolerantlığın hökm sürdüyü nümunəvi dövlətlərdəndir. Söz yox ki, qərəzli hesabatın hazırlanaraq yayılmasında ABŞ hakimiyyətini oyuncaq kukla kimi əllərində oynadan erməni lobbisinin xüsusi rolu olub. Artıq təsdiq olunub ki, hesabatın Azərbayacana aid olan hissəsi dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan olan ictimai xidməti tərəfindən hazırlanıb. Bu xanım Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. O, həm də Livanın Los-Ancelesdəki konsulluğunda işləyib. Çox maraqlıdır ki, hesabatda Azərbayacana qarşı belə kəskin mövqe Qarabağda separatçılara qarşı 2023-cü ilin sentyabrın 19-da başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror tədbirləri nəticəsində yaranmış vəziyyətə əsaslanır. Bu zaman həmin ərazilərin 30 il işğal altında saxlanması və yüz minlərlə azərbaycanlının öz doğma torpağından qovulması, 60-dan artıq məscidin, dini-mədəni obyektlərin darmadağın edilməsi nəzərə alınmır. Üstəlik, bu hesabata dinlə heç bir əlaqəsi olmayan Qubad İbadoğlu, Abzas media və s. bu kimi işlərin də daxil edilməsi onun konkret siyasi məqsədə xidmət etdiyini göstərir. ABŞ Dövlət Departamenti bu hesabatla növbəti dəfə öz qərəzini, ədalətsizliyini bütün dünyaya nümayiş etdirdi. Nə Azərbaycan hakimiyyəti, nə də Azərbaycan xalqı bu tipli cızmaqaraları ciddi hesab etmir. Azərbaycan xalqı, o cümlədən, demokratik düşüncəli əksər dünya xalqları da bilir ki, ABŞ-ın xarici siyasət kursu, dövlətlərə münasibəti müəyyən hallarda erməni lobbisinin maraqlarına söykənir.

Azərbaycana qarşı qərəzli erməni lobbisinin istəyi ilə hazırlanıb

Azərbaycanda el arasında bir deyim var: “Öz gözündə tiri görmür, başqasının gözündə tükü sezir”. ABŞ dünyada insan hüquq və azadlıqlarının pozulduğu, insanların dini baxışlarına görə təqib olunduğu dövlətlərin siyahısında ön yerlərdən birini tutduğu halda Azərbaycan haqqında yanlış informasiyalar yaymağa çalışır. Bu, o dövlətdir ki, bütün dünyada çoxsaylı müharibələr və qarşıdurmaları alovlandırır, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasına baiskar olur. Məhz bu ölkədə dini və irqi ayrı-seçkilik həm tarixi, həm də cari reallıq kontekstində ən çox tənqidə məruz qalır. ABŞ-da dövlət səviyyəsində aparılan vəhşi siyasət nəticəsində demək olar ki, hinduların nəsli kəsilməkdədir. Zəncilər isə ölüm-qalım savaşı aparsalar da böyük itkilərə məruz qalmaqdadırlar. Faktlara istinadən demək olar ki, yerli əhali olmuş hindular haqları və hüquqlarının müdafiəsi uğrunda apardıqları savaşda böyük itkilərə məruz qalmışlar. Təsdiq olunmuş faktlara görə, ABŞ-da 23 milyondan çox hindulu öldürülüb ki, bu da bəşər tarixinin ən genişmiqyaslı soyqırımı hesab olunur. Hazırda hinduların sayı ölkə əhalisinin cəmi 0,9 faizini təşkil edir. Zəncilər də təzyiq və təhdidlərdən xilas ola bilmirlər. Bəzən onları adam hesab etmirlər, müəyyən dövlət binalarına, kafe və restoranlara buraxmırlar. Həm hindular, həm də zəncilərin dini azadlıqları yoxdur. İstəkləri isə nəticəsiz qalır. Çünki hindulara və zəncilərə qarşı 1622-ci ildən başlayan soyqırımı siyasətindən hazırkı hökumətlər imtina etməyiblər.

Qərəzli hesabat siyasi mahiyyət daşıyır

ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatının Azərbaycana aid hissəsində dinlə heç bir əlaqəsi olmayan Qubad İbadoğlu, Abzas media və s. bu kimi işlərin də daxil edilməsi onun konkret siyasi məqsədə xidmət etdiyini göstərir. Təsdiq olunur ki, əslində, ABŞ Dövlət Departamenti öz əlaltılarının ifşasında ciddi narahat olub. Bu səbəbdən də mənasız hesab olunan hesabatla çıxış edib. Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir. İşdə adı keçən şəxslərin ifadələrinə əsasən və istintaqın araşdırmaları ilə təsdiq olunur ki, Q.İbadoğlu cinayət törədib. Məhz bu baxımdan onun həbs edilməsi qanunamüvafiqdir. O ki qaldı “Abzas Media” xəbər portalının rəhbəri Ülvi Həsənovun, baş redaktor Sevinc Abbasovanın və layihə koordinatoru Məhəmməd Kekalovun həbs edilmələrinə, burada da nəsə müəmma axtarmağa ehtiyac yoxdur. Onlar haqqında külli miqdarda pul vəsaitlərinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və şübhəli maliyyə əməliyyatlarının aparılması faktı üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başlanılmış cinayət işi üzrə barələrində həbs qətimkan tədbiri seçilib. Əslində, həbs edilən şəxslərin jurnalistikaya heç bir aidiyyatı yoxdur. Çünki bu şəxslərin hər hansı məqalə, araşdırma və təhlil yazı ilə çıxış etmələri faktları mövcud deyil. Sadəcə, “Abzas Media” xəbər portalı təqdim olunan tezislər əsasında təxribat xarakterli məlumatlar yayıblar. Qarşılığında qucaq-qucaq avro, dollar alıblar. ABŞ-ın “Beynəlxalq İnkişaf Agentliyi” (USAID), “Milli Demokratiya Fondu” (NED), “Avropa Demokratiyaya Yardım Fondu” (EED), “Internews”, “FreedomNow”, “Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi” (Global Investigative Journalism Network), “Amerika Beynəlxalq Təhsil Şurası” (American Councils for International Education), Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi” (PCSC), “People in Need” (PİN), “Avropa İttifaqı Müstəqil Media üçün” proqramı (EU4 İndependent Media), “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu” (EPCSF), “Niderland Helsinki Komitəsi”, “Norveç Helsinki Komitəsi”, “Avropa Jurnalistika Fondu” (Journalizmfund Europe), “Yeni Demokratiya Fondu” (New Democracy Fund), “Forum 2000”, “German Marşal” Fondu və digərləri “Abzas Media” xəbər portalının rəhbərliyinə “demokratik inkişafa dəstək vermək” adı altında böyük məbləğdə pullar ödəyiblər. Görün, Qafqazın bir ölkəsində "demokratiya carçısı" rolunda çıxış etmək üçün nə qədər qurum növbəyə dayanıb və bundan da Ülvi Həsənov və komandası maksimum dərəcədə istifadə etməyə cəhd göstəriblər. İfşa olunub, həbs edilmələrindən sonra isə böyük dairələr hay-küy qaldırmağa başlayıblar. Hətta ABŞ Dövlət Departamenti kimi bir qurum din pərdəsi altında Abzas Media –ya xəbər portalına mənəvi dəstəyini nümayiş etdirir. Lakin mənasız və əhəmiyyətsiz dəstəkdir. Azərbaycan hüquqi, demokratik və azad dövlətdir. Burada qanunlar və qərarlar ABŞ-dan fərqli olaraq hüquq müstəvisində həll edilir. Ona görə də susmaq və məhkəmənin qərarını gözləmək lazımdır.

İLHAM ƏLİYEV

Digər xəbərlər