PDF Oxu

Siyasət

  • 3 402

Bakı və İrəvanın sülhə gedən çətin yolu: Qərb niyə əngəllər yaradır? - Əcnəbi ekspertlərin rəyi

Bakı və İrəvanın sülhə gedən çətin yolu: Qərb niyə əngəllər yaradır? - Əcnəbi ekspertlərin rəyi

Bakı dəfələrlə bəyan edib ki, bəzi Qərb dövlətləri Ermənistandakı revanşist qüvvələri dəstəkləyir və bununla da sülh prosesinə mane olurlar. Azərbaycan Ermənistanla ikitərəfli danışıqlara hazır olduğunu bildirsə də, Qərbdə heç də hamı onilliklərlə davam edən münaqişəyə tam son qoyulmasını istəməz.

Niyə Qərbdə belə bir tendensiya var? Ermənistanla Azərbaycan arasında “nə sülh, nə müharibə” vəziyyətinin davam etməsi kimə və nəyə sərf edə bilər?

Tanınmış xarici müşahidəçilər “Caliber” analitik mərkəzinə bu vəziyyəti şərh ediblər. Ekspertlərin rəylərini oxucularımıza təqdim edirik.

Qırğızıstanlı politoloq, regional təhlükəsizlik üzrə ekspert Mars Sariyev bildirib ki, o, Avropanın ikili standartlarını başa düşür, hansı ki, bu ikili standartlar qədim tarixi dövrlərdən bəri davam edir.

“Biz Ermənistanın necə formalaşdığını başa düşürük. Məlum olduğu kimi, əvvəllər bu ərazidə İrəvan xanlığı mövcud olub və Rusiya İranla müharibə apararkən Vatikanın layihəsi ilə Cənubi Qafqazda erməni qurumu yaradılıb. Demək lazımdır ki, ermənilər tarixən Türkiyədə, Suriyada, Qafqazda Avropa planlayıcıları, xüsusən də Vatikan işə qarışana qədər dinc yaşayıblar. Onlara erməni dövləti yaratmaq lazım idi. Bu Rusiyanın da maraqlarına uyğun gəlirdi. Türklərin əhatəsində olan Ermənistan Avropa dövlətlərinin forpostuna çevrildi. Üstəlik, Osmanlı İmperiyası dağılma vəziyyətində idi. Ermənistan belə bir şəraitdə formalaşdı. Bu, regionun formalaşmasına belə konstruktiv, layihə əsaslı yanaşmadır. İndi isə Rusiya bu vəziyyətdən razı deyil, çünki Ermənistan onun forpostu olmaqdan çıxır. Moskva indi daha çox Türkiyə, Azərbaycanla yaxınlaşmaqda, Fars körfəzinə çıxışı olan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında maraqlıdır. Ona görə də Ermənistan-Azərbaycan münaqişəsinin son inkişafı zamanı Rusiya passiv mövqe nümayiş etdirdi. Bundan başqa, Moskva başa düşürdü ki, Mərkəzi Asiyanın türk dövlətləri Azərbaycana simpatiya bəsləyir və hətta KTMT çərçivəsində Ermənistanı dəstəkləməyəcək”, - ekspert bildirib.

İndi Qırmızı dəniz və Bab-əl-Məndeb boğazı bağlandığından, Şimal-Cənub marşrutu Rusiya üçün çox perspektivli olub,- Sariyev deyir.

“Ona görə də Qərb, bəzi Avropa ölkələri, xüsusilə ABŞ, böyük erməni diasporu olan Fransa Rusiyanın bu dəhlizdən keçməsində maraqlı deyil. Və onlar daimi böhranın tərəfdarıdırlar, Ermənistana Azərbaycanla mübarizə aparmağa kömək edirlər ki, “nə müharibə, nə də sülh” olsun. Beləliklə, onlar həm Rusiyanın, həm də Mərkəzi Asiya ölkələrinin Türkiyə üzərindən Avropaya çıxışını təmin edəcək Zəngəzur dəhlizini tikmək istəyən Azərbaycanın qarşısını kəsirlər.

Beləliklə, Ermənistan xalqı əvvəllər əsrlər boyu ətraf xalqlarla sülh şəraitində yaşasa da, onlarla ticarətlə məşğul olub, çiçəklənsə də, Qərb dövlətləri böhranı süni şəkildə saxlayırdılar. İndi də sülh bağlansa buna oxşar bir şey ola bilər, lakin bəzi Avropa dövlətləri və ABŞ bunda maraqlı deyil. Çünki böhran Rusiyanın cənub sərhədləri yaxınlığında qeyri-sabitlik zonası yaradır və həmçinin Çinin yeni yaranmaqda olan “Bir kəmər, bir yol” nəqliyyat layihəsini kəsir. Yəni Cənubi Qafqaz Rusiya Federasiyası və Çinin qarşısını almaqda Qərb üçün alver obyektinə çevrilir. Bunun çərçivəsində erməni millətçiliyi dəstəklənir və “dənizdən dənizə böyük Ermənistan” ideyaları şişirdilir. Hər şey Cənubi Qafqazda sabitliyin pozulmasının daimi mənbəyini yaratmaq üçündür. Hansı ki, bu, əhalinin azalmasının davam etdiyi Ermənistanın özünün maraqlarına qətiyyən cavab vermir.

Təbii ki, Fransa və ABŞ-ın həyatına inteqrasiya olunmuş diasporlar bu ölkələrin xüsusi xidmət orqanlarının nəzarəti altındadır və müvafiq olaraq Ermənistan xalqının mənafeyinə, onların öz qonşu xalqları ilə harmonik yanaşı yaşamalarına qarşı oynayırlar.

Bütün bunlar xarici, layihə əsaslı xarakter daşıyır. Belə bir şəraitdə Paşinyan Ermənistanı regionun həyatına inteqrasiya etdirməyə çalışır, lakin buna öz layihələri ilə kənar oyunçular mane olur. Onlar Yaxın Şərqdə kürdlərlə “böyük Kürdüstan” kartı ilə etdikləri kimi eyni şeyi etməyə çalışırlar, eynilə də uyğur separatçıları ilə etdikləri kimi- onlar üçün xəritələr və miflər yaradılır.

Ona görə də düşünürəm ki, Azərbaycan ayıq-sayıq olmalı və regionda sabitliyi pozmaq cəhdlərinə qarşı əks tədbirlər görməlidir”, - qırğız analitik deyir.

Lakin burada bir sıra çətinliklər yaranır,- isveçli fəlsəfə doktoru Qreq Simons deyir.

“Birincisi, Aİ ölkələri əsasən ABŞ-ın vassallarıdır və öz maraqları və təhlükəsizlikləri bahasına olsa belə, onları Vaşinqtona itaət etməyə məcbur edən daxili köləlik zehniyyətinə malikdirlər. Hazırda Vaşinqtonun “parçala və hökm et” üsulu ilə regionda qeyri-sabitlik yaratmaq üçün özünün sınanmış və effektiv siyasətinə əl atdığı görünür. Bu, onların yeni yaradılmış müştəri dövləti- Ermənistan vasitəsilə həyata keçirilir. Məqsəd ABŞ-dan asılılıq yaratmaq, İran və Rusiya kimi dövlətləri məhv etmək, Azərbaycan və Türkiyə kimi regional oyunçuların subyekt kimi yox, obyekt kimi təqdim olunmasını təmin etmək kimi görünür. Bu, ABŞ-a daha çox manipulyasiya etməyə imkan verir və digərlərinə öz maraq və məqsədlərini müdafiə etməyə imkan vermir”, - politoloq qeyd edir.

Onun fikrincə, ikinci məqam həm də bu ola bilər ki, Aİ-nin bəzi ölkələrində (xüsusən də, Fransada) güclü və nüfuzlu erməni diasporası var. "Baxmayaraq ki, mən bunu birinci bəndlə müqayisədə az əhəmiyyət kəsb edən hesab edərdim"- deyə Simons yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər