PDF Oxu

Siyasət

  • 10 474

Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə TƏHLİL

image

Dövlət başçısının Sərəncamı ilə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd olunacaq

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlər sırasındadır. Bu il onun 140 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb. Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçərəcəkdir. Sərəncamda qeyd olunur ki, onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.
Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. O, pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbində təhsil almışdır. Buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki məktəbində, rus dilində davam etdirmişdir, lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır.
1904-cü ildə Bakıda Müsəlman Demokratik Müsavat Cəmiyyətinin əsasında Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı komitəsinin nəzdində Müsəlman Sosial Demokrat Hümmət Təşkilatı yaradıldı. Bu təşkilatın əsasını Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhəsən Hacınski, Məşədi Əzizbəyov və Nəriman Nərimanov kimi şəxslər qoymuşdur. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilmişdir.
1908-ci ilin axırında Məhəmməd Əmin Rəsulzadə çar hökuməti tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. O, Təbrizdə Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, xalqın vəziyyətini yaxından müşahidə edir. Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və başqaları ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat Partiyasının əsasını qoyur.
Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah hökumətindən tələb eləyir. Məhəmməd Əmin Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula gedir və Türkiyə paytaxtında həmyerliləri Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevlə görüşür. Rəsulzadə, eyni zamanda, bu dövrdə türkçülük ideyaları ilə daha dərindən tanış olur, böyük Azərbaycan mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin "Vəhdəti cinsiyyə fəlsəfəsi"nə ("Milli Birlik fəlsəfəsi"nə) yiyələnir, onu farscadan türkcəyə çevirib "Türk yurdu"nda çap etdirir.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və Məhəmməd Əmin Rəsulzadə vətənə qayıda bilir. 1915-ci ildə "Açıq söz" qəzetini nəşr edir. Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparır, "Dirilik" (1914-16-ci illər) jurnalında "Milli dirilik" başlığı ilə silsilə məqalələr dərc etdirir, millətin tərifində dini birliyi deyil, dil və mədəniyyət birliyini önə çəkir, milli istiqlal ideyalarını geniş təbliğ edir. Rusiyada Fevral inqilabının (1917-ci il) qələbəsindən sonra milli əsarət altında olan xalqlara, o cümlədən Azərbaycan xalqına yeni yaradılacaq demokratik Rusiyada "Milli-məhəlli (ərazi) muxtariyyət" verilməsi uğrunda mübarizə aparır. "Milli istiqlala malik olmayan bir millət, hürriyyət və mədəniyyətini də hifz edə bilməz. İnsanlara hürriyyət, millətlərə istiqlal" – deyə bildirirdi.
1918-ci ilin martında Bakıda və bunun ardınca ölkənin digər bölgələrində Azərbaycan xalqına qarşı kütləvi soyqırımları törədildi. Mart soyqırımı zamanı milli-istiqlalçı qüvvələrə başçılıq edən "Müsavat"ın binası və "Açıq söz"ün redaksiyası yandırıldı. Bu zaman Rəsulzadə milli azadlıq hərəkatının digər görkəmli nümayəndələri ilə birlikdə Qafqazın Rusiyadan ayrılaraq müstəqil konfederasiya dövləti yaratması və Türkiyə ilə sülh danışıqlarına girməsi uğrunda mübarizəyə başlayır və Tiflisdə - Zaqafqaziya fraksiyası rəyasət heyətinin sədri kimi çıxışlar edir. Zaqafqaziya seymi dağıldıqda Rəsulzadə Batum konfransında iştirak etdiyinə görə gizli səsvermə nəticəsində qiyabi olaraq Azərbaycan Milli Şurasının (parlamentinin) sədri seçilir (1918-ci il, 27 may). Milli Şura Azərbaycanı müstəqil dövlət elan edir və M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri kimi xarici işlər naziri Məmməd Həsən Hacınski ilə birlikdə Osmanlı dövləti ilə Batum müqaviləsini imzalayır.
Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində "Müsavat" fraksiyasına (1919-cu ilin oktyabrından "Müsavat" və bitərəflər fraksiyası) başçılıq etmiş, digər istiqlalçı qüvvələrlə birlikdə Azərbaycanın milli və dövlət maraqlarına cavab verən qanunların qəbulunda həlledici rol oynamışdır. Rəsulzadə "Müsavat" partiyasının 1919-cu ilin dekabrında keçirilmiş 2-ci qurultayının rəyasət heyətinin sədri seçilmiş, partiyanın Mərkəzi Komitəsinin və Parlament fraksiyasının fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. 1920-ci il aprelin 27-də XI Qırmızı ordunun artıq Bakını ələ keçirmiş olduğu şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində hakimiyyəti bolşeviklərə təhvil vermək məsələsi müzakirə olunarkən qətiyyətlə bunun əleyhinə çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra gizli fəaliyyətə keçən Rəsulzadənin göstərişi ilə Bakıda "Müsavat"ın gizli mərkəzi yaradıldı. M.Ə.Rəsulzadə 1920-ci il avqustun 17-də həbs olunmuş, lakin İ.Stalinin göstərişi ilə həbsdən azad olunub Moskvaya aparılmış, Rusiya Sovet Federativ Sosialist Respublikasının Milli İşlər Komissarlığında işlə təmin olunmuşdu. Bir müddət sonra Sankt-Peterburqa, oradan isə gizli yolla Finlandiyaya keçərək Türkiyəyə mühacirət etmişdir. 1922-ci ilin sonlarında onun İstanbulda siyasi mühacir həyatı başlanıb. 1926-ci ildə onun fəal iştirakı ilə Parisdə "Prometey" təşkilatı yaradılıb və "Prometey" sovet rejiminə qarşı müxtəlif xalqların nümayəndələrinin vahid mübarizə blokunu yaratmalı idi. O, 1931-ci ildə sovet hökumətinin tələbinə əsasən, Türkiyəni tərk etməyə məcbur olur. 1932-ci ildə Rəsulzadənin siyasi mühacirətinin Polşa dövrü başlanır və 1939-cu ildə İkinci dünya müharibəsinin başlanması ilə Polşadan Fransaya, oradan İsveçrəyə, İsveçrədən İngiltərəyə, nəhayət Rumıniyaya keçir. 1942-ci ildə Azərbaycanın istiqlalına nail olmaq məqsədilə Almaniyanın Xarici İşlər Nazirliyi və Şərq Nazirliyi ilə danışıqlara girir. Lakin danışıqlar uğursuzluqla nəticələnir. 1942-ci ilin sonlarında Almaniyanı tərk edib Buxarestə gedir. Müharibədən sonra, 1947-ci ildə Türkiyəyə qayıdan Rəsulzadə burada Azərbaycan Milli Mərkəzinin başçısı kimi fəaliyyətini davam etdirdi. O, eyni zamanda bütün Azərbaycan mühacirlərini vahid mərkəz ətrafında birləşdirmək məqsədilə Ankarada Azərbaycan Kültür Dərnəyini yaradır və 1952-ci ilin dekabrında Münxendə keçirilən Ümumi Qafqaz Konfransında iştirak edir.
Rəsulzadə Azərbaycanın mətbuatı tarixində siyasi publisistikanın ən görkəmli nümayəndələrindən biridir. Tədqiqatlar göstərir ki, onun 1903-20-ci illərdə təkcə Azərbaycanın dövri mətbuatında 1200-dən artıq müxtəlif janrda yazıları dərc olunmuşdur. O, ədəbi-publisistik fəaliyyətini siyasi mühacirət illərindo də davam etdirmiş, Azərbaycan xalqının tarixi və ədəbiyyatı ilə bağlı çoxsaylı məqalələr dərc etdirmişdir. 1955-ci il, mart ayının 6-da Ankarada vəfat etmiş və həmin şəhərin Əsri qəbiristanlığında dəfn olunmuşdur.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər