"Dini etiqad azadlıqlarının vəziyyətinə görə, ABŞ Dövlət Departamentinin müvafiq komissiyası tərəfindən Azərbaycanın 12 ən pis ölkə sırasına salınması olduqca təəccüblü və ziyanlı yanaşmadır. Həmçinin ABŞ-nin siyasəti üçün səhv nöqteyi-nəzərdir. Xüsusilə də bu yanlış mülahizələrə görə, Azərbaycanı 12 monitorinq olunmalı ölkənin sırasına daxil etməsi də yanlış yanaşmalardan çıxarılan səhv nəticələrdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycan-ABŞ münasibətlərinin indiki şəraitinə baxsaq, bu cür qərəzli və əsassız yanaşmalar münasibətlərin istiləşməsinə olduqca mənfi təsir göstərir: "Çünki aylar öncə ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı qərəzli mövqeyi iki ölkənin münasibətlərini gərginləşdirmişdi. Son zamanlar Blinkenin köməkçisinin Azərbaycana gəlişi ilə münasibətlərin normallaşacağına ümid var idi. Lakin Blinkenin sözügedən 12 ölkə siyahısına Azərbaycanı da daxil etməsi münasibətləri daha da gərginləşdirərək, bir addım da geriyə atdı.Eyni zamanda hesabatın milliyətçi erməni olan bir şəxs tərəfindən hazırlandığı unudulmamalıdır. Bu fakt ABŞ-nin türk dövlətləri, Qafqaz ölkələrinə münasibətdə erməni lobbisinin təsirini altında olduğunu düşünməyə əsas verir.Azərbaycandakı hazırda mövcud olan tolerant mühiti detallarına qədər bilən istənilən şəxs ABŞ-nin bu hesabatının həqiqətən də yanlış və qərəzli olduğu qənaətinə gələ bilər. Çünki bu gün dünyanın Azərbaycan kimi ikinci bir ölkəsini tanımaq mümkün deyil ki, həmin ölkədə millətlər, dini etiklər arasında münasibətlər, hətta dövlətin müdaxiləsinin olması bir şəraitdə yüksək və sivil şəkildə xarakterizə olunsun. Bu gün hətta Azərbaycan dövləti bu məsələyə ümumiyyətlə nəzarət etməsə belə, ölkədə tolerantlıq və onun əsasları pozula bilməz. Azərbaycanda dinlərarası münasibətlərin tənzimlənməsi ilə dövlət orqanlarından daha çox, ölkədəki ictimai institutlar və rəy həlledici rol oynayır. Belə şəraitdə Azərbaycanı dözümsüz ölkələrin sırasına salmaq qərəzli və yanlış yanaşmadır".
Müəllif: Səbinə Hüseynli