BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Lakin Prezident İlham Əliyevin də dediyi kimi COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Bakı iki həftə dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.Məsələ ilə bağlı millət vəkili Cavanşir Paşazadənin fikirlərini öyrəndik. Deputat deyib ki, COP29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunub: "Bu, ölkəmizə göstərilən böyük etimadın nəticəsidir. 10 minlərlə xarici vətəndaş, insanlar ölkəmizdə olacaq. İki həftə ərzində bütün dünyanın gözü Azərbaycanın üzərinə cəmləşəcək. Azərbaycan bütün dünyadan görünəcək. Belə tədbirlərin Azərbaycanda keçirilməsi dünya ictimaiyyətinin ölkəmizə dəstəyini göstərir. Azərbaycan həmişə böyük tədbirlərə ev sahibliyi edib. Bu da cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, beynəlxalq aləmdə olan hörmətinin getdikcə artmasından irəli gəlir. Müstəqil siyasət, torpaqlarımızın azad olunması və bölgədə sabitliyin yaranması belə tədbirlərin Azərbaycanda keçirilməsinə böyük təkan verir. Bu, bizim uğurlarımızın, cənab Prezidentin apardığı doğru, davamlı siyasətin nəticəsidir".
Müəllif: Söylü Ağazadə