Erməni Apostol Kilsəsinin bu zaman qədərki və hazırkı cəfəngiyyatları, yalanları və təxribat xarakterli çağırışları bütövlükdə Ermənistanı acınacaqlı vəziyyətə saldığının, fəlakətlərə düçar etdiyinin dəfələrlər şahidi olmuşuq. Şahidi olmuşuq ki, dini libaslı təxribatçılar öz çağırışları ilə, təhlükəli fikirləri, bəyanatları, təbliğatları ilə Ermənistanı bir bəladan digərinə sürükləyiblər və görünən odur ki, hələ də onlar həmin ölkə üçün, erməni cəmiyyəti üçün yeni fəlakətlər vəd edən məsuliyyətsizlik, hədsizlik etməkdədirlər.
Erməni təxribatlarının başında onların dini liderlərinin olması elə bil ki, ənənə halını alıb. Halbuki, dini liderlər təxribatlara, fəlakətlərə qarşı olmalıdırlar, çünki heç bir dini təfəkkürdə buna, yəni təxribatçılığa haqq qazandırılmır. Əksinə, barışığı, sülh şəraitində, əmin-amanlıq şəraitində yaşamağı hər bir dini əqidə təlqin etməkdə, aşılamaqdadır. Amma təəssüf ki, bu fikri ermənilərin dini liderləri barədə söyləmək mümkün deyil. Ən qısa zamanda Qarabağdakı ermənilərin separatçı hərəkatının liderlərindən birinə çevrilən, bütün ermənilərin keçmiş katolikosu I Vazgenin 1988-ci il fevralın 25-də Sovet imperiyasının rəhbəri Mixail Qorbaçova açıq məktub göndərməsi və o zamankı Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsini tələb etməsi bir dini lider üçün qəbul olunmayan hesab edilməkdədir. Hər halda, həmin tələbin ardınca hansı qırğınların, qətllərin, itkilərin olması təsdiq etdi ki, belə əqidəli ruhani liderlər sadəcə olaraq, dini libas geyinən təxribatçılardırlar.
Sirr deyil ki, II Qaregin də məhz eyni şəkildə təxribatçılıqla məşğul oldu. O, qonşu dövlətə qarşı ərazi iddialarının qızışdırılması, təxribatçılığa rəvac verən yalanların yayılması üçün əlindən gələni etdi və elə indi də bundan əl çəkmək niyyətində görünümür. Ermənistan daxilində ictimai rəzalətin acısını duymaq kimi, onun bir niyyətinin olmadığı yenə də özünü göstərir. Ermənistanın, qondarma da olsa, müstəqillik tarixində ilk dəfə olaraq, bütün ermənilərin katolikosunun yeni il müraciətinin İrəvanda məhz İctimai Televiziyada yayımlanmasına həmin ölkənin hakimiyyət orqanları tərəfindən imkan verilmədi, amma bu ona dərs olmadı. Dərs olsa idi, belə bir rüsvayçılığın ardınca, onun müraciətinin mətni bir yol tapılaraq, Ermənistan ictimaiyyətinə açıqlanmazdı. Əgər bu vaxta qədər olanlardan belə dərs almış olsa idi, bütün dünya ölkələri, eləcə də Ermənistanın özü tərəfindən tanınmayan qondarma qurum barədə sayıqlamazdı. Ən azından, Milad xütbəsi adı altında təxribatçı fikirlər səsləndirərək çıxış etməzdi və sülhə, əmin-amanlığa mane olmağa çalışmazdı.
İki qonşu ölkə arasında düşmənçilik səhifəsinin bağlanmasına ümidlərin artdığı bir ərəfədə sülh deyil, elə düşmənçilik toxumlarının səpilməsinə heç bir ad qoymaq olmur. Münaqişələrə, müharibələrə, tələfata, itgilərə son qoymaq üçün tarixi bir şans yarandığı zaman dini liderin erməni cəmiyyətini qızışdırmaq üçün Milad xütbəsindən belə istifadə etməsinə nə ad qoyula bilər axı? Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanma ehtimalının ən yüksək olduğu bir vaxtda II Qareginin azərbaycanofob moizə ilə çıxış etməsi onun quduzluğunu xarakterizə edir. Çünki yenidən münaqişəni qızışdırmaq, müharibələrə rəvac verən təxribatlara əl atmaq elə məhz quduzluq əlamətidir. Qəsdən uydurulmuş yalanlarla, konkret olaraq, çirkin niyyətlər üçün nəzərdə tutulan uydurmalarla onun bütövlükdə erməni cəmiyyətini çaşdırmaq, aldatmaq məqsədi dərhal bəlli olur. Bəlli olur ki, erməni cəmiyyətinin bu vaxta qədər aldandığı miflərdən yaxa qurtarmasına mane olmaq üçün əldən-ayaqdan gedir və deməli, hələ də təxribat törətmək niyyətindədir. Bir sözlə, o, dini libaslı təxribatçıdır və belə biri olduğunu heç gizlətmək fikrində də deyil.
Qondarma qurumun buraxılması, cari ilin ilk günündən tamamilə tarixin arxivinə düşməsi barədə həmin o qondarma rejim rəhbəri tərəfindən də, Ermənistan hakimiyyəti tərəfindən də fikirlər səsləndirildiyi, onun artıq keçmişdə qaldığı etiraf edildiyi halda, bu II Qareginə nə düşüb ki, “bizim üçün heç vaxt keçmişə çevrilməyəcək”, deyə sayıqlayır? Bununla nə demək istəyir? Demək istəyir ki, sərsəm ideyaların, yalançı miflərin dalınca ermənilər bundan sonra da düşməlidirlər və yenidən məsələ qızışdırılmalıdır? “Biz Qarabağ xalqının hüquqlarını qorumaq üçün hər cür səy göstərərək onu qəlbimizdə və ruhumuzda yaşatmağa davam edəcəyik”, deməklə II Qaregin əslində, öz sözlərinə heç özünün də inanmadığını göstərmiş olub. Göstərmiş olub ki, reallıqda olmayan bir məsələyə öz ruhunu da olsa inandırmağa çalışır. Nəinki dünya ölkələrinin heç biri, eyni zamanda, Ermənistan özü belə qondarma rejimi tanımadığı halda, onun belə cəfəngiyyat səsləndirməsi təxribatdan başqa bir niyyət üçün hesablana bilməz. Bir halda ki, Ermənistan məhz Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edibsə, deməli, hansı erməninin, hansı şəkildə ifadə etməsindən asılı olmayaraq, qalan fikirlər boş və mənasız səslənir və yalnız təxribatçılıq niyyətindən xəbər verir.
Kimdir bu II Qaregin və görəsən, 44 günlük müharibənin başlanmasından dərhal sonra Qarabağdan qaçaraq öz canını götürüb aradan çıxan biri kimi, hansısa çağırış etməyə, ümumiyyətlə, danışmağa haqqı çatırmı? Həmin bu “müqəddəs ata” ABŞ kimi bir dövlətə qaçmaq, orada özünü “rahatlamaq” üçün lazım olan vəsaitləri, pulları Qarabağ talan edildiyi zaman kəsiyində, 30 il müddətində “müqəddəs” yollarla qazanmışdımı? Əgər elə bir iddiadadırsa, o zaman desin görək, qalan sıravi ermənilər niyə belə “müqəddəs” yollarla qazana bilməyiblər və onun paylaşdırdığı mənzilləri, evləri də qoyub onlar nə üçün çıxıb gediblər Ermənistana və nə səbəbə İrəvanın küçələrində məskunlaşıblar, Amerikanın hansısa bir şəhərində yox? Məlum məsələdir ki, həmin o ermənilər deyil, II Qaregin özü yetərincə vəsait əldə edib. Özü də qanunsuz və əsassız şəkildə mənzilləri, evləri pul müqabilində paylamaqla, var-dövlət sahibi olub. Həmin evlər, həmin mənzillər onun dədəsinə məxsus deyildi, amma paylayırdı və məhz bu yolla sərvət əldə edib. O, illər boyu məhz azərbaycanlılara qarşı qızışdırdığı adamlardan fərqli olaraq, onlar üçün yox, özü üçün rahat həyat təmin etmək haqqında düşünüb.
Göründüyü kimi, dini libas geymiş, dini libaslı erməni təxribatçılar erməni cəmiyyətini yox, özlərini fikirləşiblər və yenə də eyni fikirdədirlər. Onlar hər zaman erməni xalqını müharibələrə sövq ediblər və bundan öz faydaları üçün istifadə etməyi məqbul sayıblar. Separatizmi, qonşu dövlətlərə qarşı ərazi iddialarını, işğalçılığı, təxribatçılığı qızışdıranlar özlərini “müqəddəs ata” kimi göstərməyə çalışıblar. Erməni kilsələrinin silah anbarı kimi istifadə edilməsinə rəvac verənlər özlərini deyil, erməni xalqını fəlakətlərə sürükləyiblər və hələ də daha böyük fəlakətlərə sürükləmək niyyətindədirlər. Yalanlarla, uydurmalarla dolu fikirlər səsləndirməklə, təxribatçılığı hələ də təbliğ etməkdədirlər. Bununla da erməni xalqını məhvə doğru apardıqlarının guya ki, fərqində deyillər. Əslində isə, bilirlər ki, kütləni bundan daha ağır vəziyyətə salacaq duruma aparırlar. Amma buna məhəl qoymurlar. Çünki öz mənafelərini, özlərini düşünürlər və qalan ermənilər onların heç vecinə də deyil və təxribatçılıqla məşğul olmaqdan da buna görə qətiyyən çəkinmək istəmirlər.
Özünün belə təxribatçı məzmunlu əvvəlki moizələri ilə Yerablurun böyüməsinə səbəb olduğuna görə II Qregin qətiyyən nə utanmaq və nə də bir din xadimi kimi, tövbə etmək niyyətində görünmür. Yenə də təxribatçı fikirlər səsləndirərək, qan tökülməsinə gətirib çıxaran hadisələrə rəvac verməkdədir. Digər dini libaslı ermənilər də onun kimi, erməni xalqını, erməni cəmiyyətini faciələrə doğru aparmaq niyyətindədirlər. Məqsəd yenə də eynidir, dəyişməz olaraq qalır və özlərinin zəngin olmaları, vəziyyətdən istifadə edərək faydalanmaları üçün təxribatçılıq edərək erməni xalqını qızışdırmaq, od-alov içərisinə atmaq fikrindədirlər. Onlar “müqəddəs ata” yox, dini libaslı təxribatçılardırlar və erməni cəmiyyəti bunu nə qədər tez başa düşsə, onların təxribatlarına uymasa, fəlakətlərdən və facilərdən bir o qədər tez yaxa qurtarmış olar.
İnam HACIYEV