PDF Oxu

Siyasət

  • 2 924

Azərbaycan- BƏƏ münasibətləri: gələcək əməkdaşlığa mühüm zəmin TƏHLİL

Azərbaycan- BƏƏ münasibətləri: gələcək əməkdaşlığa mühüm zəmin TƏHLİL

Prezident İlham Əliyev: "Yaxın keçmişdə enerji sahəsində, xüsusilə yaşıl enerji sahəsində çox önəmli addımlar atılmışdır"

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra diplomatik münasibətlərin yaradılması onun dünya birliyinə sistemli surətdə inteqrasiyasına geniş yol açdı. İkitərəfli siyasi münasibətlərin qurulması siyasi-iqtisadi və mədəni əlaqələrin inkişafına əlverişli zəmin yaratmış oldu. Müstəqil dövlət kimi Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Ölkəmizin ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. "İki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir və biz müxtəlif sahələrdə daimi tərəqqi və uğurun şahidi oluruq. Biz də Birləşmiş Ərəb Əmirliklərində iki ölkə arasında ölkələrimizin və xalqlarımızın rifahı naminə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına hazırıq". Bu fikirləri yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü zamanı bildirib. Qeyd edək ki, bu Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. "Əminəm ki, bu səfər iki ölkə arasındakı dostluq, qardaşlıq münasibətlərinin inkişafına böyük töhfə verəcək", – deyə Prezident bildirib. Dövlət başçımız bu səfəri tarixi hadisə kimi dəyərləndirib: "Şadam ki, bizim şəxsi görüşlərimiz müntəzəm xarakter alır. Keçən ay biz Sizinlə Əbu-Dabidə görüşmüşdük. Fürsətdən istifadə edərək, COP28 Konfransının uğurla keçirilməsi münasibətilə Sizi bir daha təbrik edirəm. COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar verdiyiniz dəstəyə görə bir daha minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək, BMT Təhlükəsizlik Şurasındakı mövqeyinizə görə, Azərbaycana verdiyiniz dəstəyə görə Sizə bir daha xüsusi minnətdarlığımı bildirmək istəyirəm".

"ƏMƏKDAŞLIĞIMIZ ÇOXŞAXƏLİDİR, BİR ÇOX SAHƏLƏRİ ƏHATƏ EDİR"

Səfər çərçivəsində "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişmələri və Ətraf Mühit Nazirliyi arasında Niyyət Protokolu", "ADA Universiteti ilə Anvar Qarqaş Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu", "Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi" və s. imzalanıb. Azərbaycan Prezidenti bu sənədlərin gələcək əməkdaşlığımız üçün çox güclü zəmin yaradacağını diqqətə çatdırıb: "Əməkdaşlığımız çoxşaxəlidir, bir çox sahələri əhatə edir və yaxın keçmişdə enerji sahəsində, xüsusilə yaşıl enerji sahəsində çox önəmli addımlar atılmışdır. Keçən ilin oktyabr ayında Azərbaycanda 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışı olmuşdur. Bu stansiyanın yaradılması ölkənizin investisiyaları hesabına mümkün olmuşdur. Bu, sadəcə olaraq, birinci addımdır. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında Sizin ölkənizin sərmayələri hesabına Azərbaycanda 10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulur. Keçən ay Bakıda daha iki önəmli sənəd imzalanmışdır. Onlardan biri - Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında imzalanmış sənəd əsasında bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradıldı. İkinci önəmli sənəd informasiya-kommunikasiya sektoruna aiddir".

"SİZİN SƏFƏRİNİZ BİZİM STRATEJİ TƏRƏFDAŞLIĞIMIZI MÖHKƏMLƏNDİRƏCƏK"

Mövcud əlaqələr mövcud münasibətlərin davamlığını, strateji əhəmiyyət kəsb etdiyini göstərir. "Sizin səfəriniz bizim strateji tərəfdaşlığımızı möhkəmləndirəcək, xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirəcək", – deyə Azərbaycan Prezidenti İlham Əliyev diqqətə çatdırıb.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdə olmuş və Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşmüşdür. Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə məlum işgüzar səfəri bu əlaqələrin müasir dövrümüzdə yeni inkişaf mərhələsində olduğunun təzahürü idi. Azərbaycanın ərəb dünyası ilə tarixi-mədəni bağlılığı yaradan sənədlər mövcuddur. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb. İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər qurulub. Belə ki, Azərbaycanın 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilib. Həmin səfirlik 2001-ci il 16 iyun tarixindən etibarən BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir. Bundan başqa 14 mart 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dubay şəhərində Baş Konsulluq təsis edilib. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanması, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri və s. bu ikitərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verir.

REGİONDA ƏN BÖYÜK GÜNƏŞ ELEKTRİK STANSİYASI

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında sənədlərin imzalanması əlaqələrin davamlığına əsaslanır. Belə ki, "Azərbaycan Respublikası Hökuməti ilə "Abu Dhabi Future Energy Company – Masdar" şirkəti arasında Azərbaycan Respublikasının Neftçala rayonunun Bankə qəsəbəsində Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi", "Azərbaycan Respublikası Hökuməti ilə "Abu Dhabi Future Energy Company – Masdar" şirkəti arasında Azərbaycan Respublikasının Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi" və "Azərbaycan Respublikası Hökuməti ilə "Abu Dhabi Future Energy Company – Masdar" şirkəti arasında Azərbaycan Respublikasının Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi" imzalanıbdır.
Bu yaxınlarda "Masdar" şirkəti tərəfindən tikilən və regionda ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə veriliməsi qardaşlıq əlaqələrinin növbəti təzahürü idi. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin sərmayəsi ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təsis edilməsi və onun açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin 4 nazirinin iştirakı ölkələrimiz arasında qardaşlığın bariz nümunəsi kimi qiymətləndirilib. Məlumdur ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, "AzərEnerji" ASC və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulmuşdu. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirir. Bu əlaqələrin daha da genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasında münasibətlər bir çox sahədə stratrji əhəmiyyət daşıyır. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. "Masdar" ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.
İki ölkə arasında imzalanmış sənədlər xüsusi əhəmiyyət kəsb edir. Bu sənədlər ölkələrarası əlaqələrin və əməkdaşlığın inkişafı istiqamətində səyləri daha səfərbər edəcəkdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər