Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dekabrın 31-də dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bayram münasibətilə təbriklərlə yanaşı bir çox aktual məsələlərə də toxunmuşdur. Müraciətdə qeyd edilir ki, bütövlükdə 2023-cü il xalqımız üçün uğurlu il olmuşdur. Lakin bir uğurları əldə etmək o qədər də asan olmamışdır. Erməni işğalçıları üzərində qələbə qazanılmasından 3 il vaxt ötsə də Ermənistan üçtərəfli müqavilənin şərtlərinə əməl etməmiş, bəzi Qərb Dövlətlərinin havadarlığına arxayın olaraq Xankəndi, Xocalı və bir sıra yaşayış məntəqələrində separatçı hərəkətlərini davam etdirmiş, Azərbaycan Dövlətinin qanunlarına riayət etməmiş, çirkin əməllərindən əl çəkməmişdir.Ermənistan Cənab Prezident tərəfindən dəfələrlə edilən xəbərdarlıqdan nəticə çıxarmamış, regionda sülhün yaranmasına imkan verməmiş, danışıqlar prosesinə süni maneələr yaratmışdır. Məhz buna görə ötən ilin 19-20 sentyabr tarixlərində Rəşadətli Ordumuz lokal antiterror tədbirləri nəticəsində cəmi 23 saata həmin əraziləri terrorçu dəstələrdən təmizlədi. Aparılan əməliyyatlar nəticəsində heç bir mülki infrastruktura ziyan vurulmamış, dinc ermənilərin təhlükəsizliyi tam təmin edilmişdir. Bu əməliyyatlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyün bərpa edilməsi üçün qanun çərçivəsində həyata keçirilmiş, Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun aparılmışdır.Lakin bu əməliyyatlar başa çatandan dərhal sonra Qərb dairələri, xüsusən Fransa və ABŞ ölkəmizə qarşı ciddi təzyiqlər və haqsız ittihamlar irəli sürmüş, hətta beynəlxalq diplomatik normalara sığmayan hərəkətlərə rəvac vermişlər. Lakin ölkə Başçısı Cənab İlham Əliyev tərəfindən hər cür təxribatçı çıxışların cavabı vaxtında və cəsarətlə verilmişdir. 2023-cü ilin ən yaddaqalan hadisələrindən biri də həmin ilin “Heydər Əliyev ili” elan edilməsi olmuşdur. Azərbaycan xalqı ölkəmizin tarixində müstəsna xidmətləri olmuş, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd etmiş, Ulu Öndərimizin əziz xatirəsin ehtiramla yad etmişdir. 2023-cü ilin önəmli hadisələrindən biri də erməni işağılndan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda böyük bərpa, tikinti və quruculuq işlərinin həyata keçirilməsidir. Həmin ərazilər bu gün sözün əsl mənasında tikinti meydançasını xatırladır. Bu torpaqlarda insanların yaşaması üçün lazımi infrastrukturlar qurulur, əhalinin yenidən öz tarixi dədə-baba yurdlarına qaytarılması üçün mühüm işlər görülür. Artıq 30 il ərzində məcburi köçkün həyatı yaşamış soydaşlarımızın bir qismi yenidən öz tarixi torpaqlarına geri dönmüşdür. 2024-cü ildə bu proses daha da sürətlə həyata keçiriləcəkdir. Bu məqsədlə 2024-cü ilin dövlət büdcəsində əsaslı vəsait qoyuluşu nəzərdə tutulmuşdur. Bütün bu uğurlar ürəkaçıqlığı ilə deməyə əsas verir ki, dünya azərbaycanlıları haqlı olaraq yenidən öz ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanla fəxr edirlər. Qarşıdan mühüm siyasi kampaniya – Prezident seçkiləri gəlir. Heç kimdə şübhə yoxdur ki, növbədənkənar Prezident seçkilərində İlham Əliyev böyük səs çoxluğu ilə yenidən Prezident seçiləcək, bununla da yeni ilə yeni uğurlarla qədəm qoyacağıq.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini