PDF Oxu

Siyasət

  • 2 100

Böyük Qayıdış: şəhər və kəndlərimiz yenidən qurulur ŞƏRH

Böyük Qayıdış: şəhər və kəndlərimiz yenidən qurulur ŞƏRH

Prezident İlham Əliyev: "Dünya müharibələrinin tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb"

Azərbaycanın işğalçı Ermənistan üzərində parlaq qələbə qazanmasından sonra qısa zamanda azad olunan ərazilərimizdə bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verildi. Artıq ərazilərimizdə intensiv şəkildə bərpa və yenidənqurma işləri ardıcıl olaraq həyata keçirilir. "Dünya müharibələrinin tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb", - deyə çıxışlarının birində bildirən Cənab Prezident bu işlər haqqında Azərbaycan vətəndaşlarının müntəzəm olaraq məlumatlandırıldığını diqqətə çəkib: "Bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və biz buna nail olacağıq".
Bu gün planlı və sistemli şəkildə yeni layihələrin uğurla icrası Zəngilan, Füzüli, Laçın kimi işğaldan azad olunan ərazilərin əzəli sakinlərini qoynuna alıb. Görülən irimiqyaslı işlər bu ərazilərin müasir bir şəhərə çevrilir. İşğaldan azad edilmiş rayonlarda "yaşıl enerji" zonasının yaradılması məqsədilə, ilkin olaraq, pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqinə start verildi. Əlbəttə ki, həyata keçirilən genişmiqyaslı layihələr deməyə əsas verir ki, işğaldan azad olunan bütün ərazilərimiz müasir tələblər çəçivəsində yenidən qurulur. Demək olar ki, işğaldan azad olunan ərazilərimizin hər bir məkanında qaynar həyat başlanıb, abadlıq-quruculuq işləri aparılır.

"AZAD EDİLMİŞ BÜTÜN TORPAQLARDA GÖRÜLMÜŞ İŞLƏR AZƏRBAYCANIN DÖVLƏT BÜDCƏSİ HESABINA APARILIR"

Təbii ki, erməni vandalları, təcavüzkarları tərəfindən dağıdılmış əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir. "Bütün bu işlərə nail olmaq üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir. Həm Azərbaycanda, həm dünyada hər kəs yaxşı bilir ki, Azərbaycan təkbaşına, heç kimdən bir manat, bir dollar yardım almadan bu işləri görür. Azad edilmiş bütün torpaqlarda görülmüş işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparılır. Heç bir yardım almamışıq, heç bir kredit almamışıq, bu işləri öz gücümüz hesabına görürük. Əlbəttə, əgər iqtisadi inkişaf sürətlə getməsə, bu işləri bu sürətlə aparmaq mümkün olmayacaq".
Abadlıq və quruculuq işlərinin aparılması məqsədi ilə bütün güclər səfərbər olunub və işğaldan azad edilən ərazilərdə böyük işlər reallaşır. Tərtərdə "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra istifadəyə verilməsi, eləcə də Laçında Güləbird kəndində Su Elektrik Stansiyası istifadəyə verilməsi bu ərazilərdə quruculuq işlərinin aparılmasından bir xəbər oldu. Laçın rayonu işğaldan azad olunandan bir neçə ay sonra istismara verilən Su Elektrik Stansiyası azad edilmiş torpaqlarda istismara verilən ilk elektrik stansiyası idi. Xatırladaq ki, Cənab Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

"BİZİM KEÇMİŞ KÖÇKÜNLƏRİMİZİN HAMISI QAYIDACAQ"

Cənab Prezidentin mütəmadi olaraq işğaldan azad olunan ərazilərə səfərləri və bu məkanlarda görülən işlərlə tanışlığı, eləcə də bir sıra obyektlərin təməlini qoyması bu ərazilərdə görülən işləri daha da sürətləndirir. Xatırlatmaq yerinə düşər ki, Cənab Prezidentin Cəbrayıla səfəri zamanı orada ilk çoxmənzilli yaşayış məhəlləsinin, rayon Mərkəzi Xəstəxanasının, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməli qoyulmuşdu. Şuşaya səfərində Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlinin qoyması uğurla reallaşacaq layihələrin həqiqətən də bu məkanların cənnətməkan olacağınına söykənir. Cənab Prezidentin Hadruta səfəri çərçivəsində Hadrutda Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi yeni silahlı birləşmə olan Komando Briqadasının hərbi hissəsinin açılışını etməsi, əlbəttə ki, görülən bu və ya digər işlər yeni, gözəl və rahat həyatdan soraqdır.

Dövlət başçısı tərəfindən Ağdamda Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı kəndinin, Kəngərli kəndinin, Sarıcalı kəndinin, şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, "City Hotel Agdam" mehmanxanasının və s. təməlinin qoyulması buraya qayıdacaq əzəli sakinlərin rahat və firavan həyatının təminatına yönəldilib. Cənab İlham Əliyev tərəfindən Ağdam şəhərində Dəmir yolu və Avtovağzal Kompleksinin, Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin təməlinin qoyulması, Ağdamda Pənahəli xanın sarayı və İmarət Kompleksində görülən işlər bu ərazinin hər bir məkanının yaxın zamanda cənnətə çevrilməsinə dəlalət edir.
Bilidiyimiz kimi yola saldığımız il bir qism əzəli sakinin qayıdışı ilə yadda qaldı. 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtdı. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilsə də bu ilk cığır oldu. Laçın öz sakinlərinə qucaq açdı. Artıq burada 1555 nəfərin daimi məskunlaşması təmin edilib. Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Böyük Qayıdış proqramı çərçivəsində Laçının Zabux kəndinə qayıdan ailələrdə bu sevinci yaşadılar. Yeni evlərinin açarlarını təhvil aldılar. Zabux kəndində 203 ailənin, yəni 783 nəfərin daimi məskunlaşması təmin olunub. Bütün bunlarla yanaşı, bir çox kəndlərdə artıq inşaat işlərinə başlanılıb. Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlanılıb. "Torpaq çəkir və əminəm ki, bizim keçmiş köçkünlərimizin hamısı qayıdacaq", - deyə Prezident bildirib.

"QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR BU GÜN BÖYÜK TİKİNTİ MEYDANÇASINA ÇEVRİLMİŞDİR"

İndiyədək Füzuli şəhərinə 358 ailənin, yəni 1 298 nəfərin daimi məskunlaşması təmin edilib. Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində də bərpa-quruculuq işləri davam etdirilir. Bir zamanlar doğma yurdlarından didərgin düşənlər Talış kəndi ilə də görüşdülər. Evlərin daxilində kommunikasiya sistemi çəkilib, hər bir ev mətbəx mebeli ilə təchiz edilib. Məişət avadanlıqları sakinlərin köçürülməsindən öncə qurulub, tam hazır və işlək vəziyyətə gətiriləcək. Kənddə inzibati binada, məktəbdə, uşaq bağçasında, xeyir-şər evi və mağazada əsaslı təmir işləri davam edir. Talış kəndində qaz, elektrik, su, rabitə xətlərinin çəkilişi aparılır. Müasir kanalizasiya sistemi inşa olunur. Kəndarası yollar da yenidən qurulur. Yolların işıqlanması günəş panelləri ilə çalışan işıq dayaqları vasitəsilə həyata keçiriləcək.

"Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir", - deyən Prezident bildirib ki, biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq: "2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq".

Xüsusi olaraq vurğulayaq ki, bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi də əsas məsələlər sırasındadır. 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərin minalardan, partlamamış hərbi sursatdan və digər partlayıcı qalıqlardan təmizlənməsi, zərərsizləşdirilməsi bu gün qarşıda duran əsas məsələlərdən biridir. Bildiyimiz kimi, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. İlk olaraq Ağdamda, daha sonra isə Füzuli və Zəngilanda basdırılmış minaların xəritələrinin Ermənistandan alınması on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir.
Bütün bunlara baxmayaraq, Azərbaycan işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərini davam etdirir.
Zümrüd BAYRAMOVA

Digər xəbərlər