Ermənistanın zaman-zaman bir sıra xarici ölkələrdən pənah umması ilk hal deyil. Bu xüsusda, İrəvanın son vaxtlar Paris və Dehlidən silah almaq marağının olduğunu da göstərmək olar. Belə bir situasiyada qonşu İran faktoru da göz önündədir. Lakin xatırlatmaq yerinə düşərdi ki, bu yaxınlarda İran da öz hərbi sənayesində olan bir sıra məhsulları Ermənistana təklif edib, lakin Ermənistan tərəfi hələ ki, bu təkliflərə müsbət cavab verməyib. Daha dəqiq desək, Ermənistanın Fransa və Hindistanla hərbi-texniki müqavilə imzalamaq marağı daha çox görünür. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, İrəvanda revanşist düşüncələr qalmaqda davam edir. Bütün bunlar öz yerində...
İranlı ekspert: "Ermənistan İranın hərbi texnikasını almaqda o qədər də maraqlı deyil"
Ancaq bu günlərdə İran və Avrasiya Tədqiqatları İnstitutunun eksperti Xodratulla Şəfieh ölkəsinin mediasına açıqlamasında bildirib ki, İran Ermənistana dəstək vermək və İrəvanı hərbi texnika ilə təmin etmək marağını qüvvədə saxlayır.
Onun sözlərinə görə, bunun üçün, ilk növbədə, Ermənistanın özünün istəyi lazımdır: “Ermənistan İranın hərbi texnikasını almaqda o qədər də maraqlı deyil. Bu, İrəvanın avropalılar və amerikalılarla münasibətləri korlamaq istəməməsi ilə bağlıdır”.
Xodratulla Şəfieh: "Müharibə olsa, Tehran İrəvana kömək üçün öz qoşunlarını göndərməyəcək"
İranlı ekspert onu da hesab edir ki, Ermənistana qarşı müharibə olsa, Tehran İrəvana kömək üçün öz qoşunlarını göndərməyəcək: “İran əsgərləri heç vaxt başqa ölkədə, o cümlədən husilərin vuruşduğu Yəməndə, Livanda və ya Suriyada döyüşməyib. İranın hərbi texnikası və kəşfiyyat məlumatları istifadə edilir, lakin İran silahlı qüvvələrinin əsgərləri başqa ölkələrdə döyüşmür. Ona görə də yeni hərbi əməliyyatlar olsa, İran əsgərləri Ermənistan üçün döyüşməyəcək”.
Lakin buna baxmayaraq, Şəfieh İranın Ermənistana dolayısı ilə kömək edəcəyini də istisna etməyib.
“İranın hərbi texnikasından istifadə olunması mümkündür. Amma Ermənistanın özü şəxsi maraqlarını qorumalıdır”, - deyə o bildirib.
Ermənistan nə qədər silahlanmağa cəhd göstərsə belə, nəinki regionun, həm də dünyanın ən uğursuz, autsayder silahlı qüvvələri kimi tanınacaq
Əslində, belə bir açıqlamadan həm də bu cür nəticə çıxarmaq olar ki, İran öz silah və texnikalarını sadəcə Ermənistana sırımağa çalışır. Amma yuxarıda da qeyd edildiyi kimi, Ermənistan elə də keyfiyyətli olmayan silahları istifadə etmək istəyində deyil.
Digər tərəfdən, onu da xatırlatmaq olar ki, İrəvan Rusiya ilə də kredit müqaviləsi imzalayıb, lakin hələ də razılaşdırılmış texnikaları ala bilmir. Bunu isə son vaxtlar hər iki ölkənin münasibətlərində yaranmış gərginliklə də əlaqələndirmək mümkündür. Ümumiyyətlə, Ermənistan nə qədər silahlanmağa cəhd göstərsə belə, nəinki regionun, həm də dünyanın ən uğursuz, autsayder silahlı qüvvələri kimi tanınacaq.
Afət Tahirqızı