Üzümüzə gələn hər yeni il ötən dövrün ən mühüm nailiyyətlərini, uğurlarını, eyni zamanda, qarşıda dayanan vacib məsələləri nəzərdən keçirmək və gələcək perspektivləri müəyyən etmək üçün bir imkandır. Hazırda dünyanın nizamı yenidən qurulur. Və bu prosesdə Azərbaycan maksimum öz maraq və mənafeyini qorumaq və mövqeyini daha da gücləndirmək üçün bir çox tədbirlər həyata keçirir. Ölkə başçısının apardığı daxili və xarici siyasət nəticəsində dövlətimizin qüdrəti artmış, Cənubi Qafqazın lideri olmuş, həmçinin dünyada nüfuzu yüksəlmişdir. Lakin əlbəttə ki, keçən ilin ən önəmli hadisəsi respublikamızın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, öz tarixi ərazisində erməni separatizminin kökünü kəsməsi oldu. Prezident İlham Əliyevin 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqa müraciət etdi. Onun müraciətində bu qələbənin əldə olunmasında ölkə başçısı və onun rəhbərliyi ilə xalqımızın birliyinin, əzmkarlığının ifadəsini gördük. Ölkə başçısı öz çıxışında 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələrin baş verdiyini diqqətə çatdırdı. Bunlardan ən mühüm hadisə kimi Azərbaycanın öz dövlət suverenliyini bərpa etməsidir. Cənab prezidentin göstərişi ilə aparılan antiterror əməliyyatı nəticəsində düşmən qüvvələri ölkəmizin ərazisindən çıxarılmış, düşmən ordusu məhv edilmişdir. Ölkə başçısı xalqa müraciətində Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsi məsələsinə də toxunmuşdu. 2020-ci ildə ikinci Qarabağ müharibəsinin başa çatdığını, bayrağımızın Şuşada və digər azad edilmiş ərazilərdə dalğalandığını qeyd edən prezident bu qələbənin tam olmadığını, yarımçıq qaldığını vurğulamışdır. Üç il ərzində Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, əksinə yeni təxribatların həyata keçirdiyini, on beş minlik Ermənistan ordusunun Qarabağdan çıxmadığını qeyd edən prezidentimizin məhz uzaqgörən siyasəti sayəsində antiterror tədbirləri həyata keçirilmiş, düşmənin ordusu məhv edilmişdir.
İlham Əliyev öz çıxışında qeyd etdiyi kimi, dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdir. Seperatçı rejimin buraxılmasını tələb edən cənab prezident onların qarşısında iki şərt qoymuşdur: ya Ermənistan ordusu ərazimizdən çıxarılmalıdır, ya da biz güc tətbiq etməklə dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Bəli, məhz cənab prezidentin düzgün siyasəti nəticəsində Azərbaycanda separatizmin kökü kəsildi. Sentyabrın 19-da başlanmış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan ordusunun tam zəfəri, qələbəsi ilə nəticələndi.
Həmçinin son üç ildə dövlətimizin siyasətində işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri prioritet olub. 2023-cü ilin Novruz bayramı ərəfəsində çoxli sayda sakinimiz Talış kəndinə köçdü. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi sevincli günlərini yaşadı. 18 oktyabr Müstəqillik Günündə Laçın şəhərinə köçkünlər qayıtdı. Bu qayıdış prosesi bu gün də davam etməkdədir. Prezident İlham Əliyev müraciətində onu da qeyd etdi ki, 2024-cü ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilərək keçmiş köçkünlərin ixtiyarına veriləcək. Xocalı və Xankəndi sakinləri də bu il öz evlərinə qayıdacaqlar. Daha bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq. Dövlətimizin başçısının verdiyi bu müjdələr deməyə imkan verir ki, 2024-cü il Böyük Qayıdış Konsepsiyasının icrası baxımından həlledici il olacaq. 2023-cü ildə Azərbaycan iqtisadi imkanları, büdcə gəlirləri daha da artdı. Bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasına xüsusi diqqət yetirildi.
Keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanın bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması çağırışına dəstək ifadə olundu. Prezident İlham Əliyev müraciətində diqqəti bu ilin dekabrında Azərbaycanın COP29-a ev sahibliyi edəcəyinə yönəldərək bildirdi ki, bu, ölkəmizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir. Eyni zamanda, yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Qeyd etdi ki, 2023-cü ildə Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verildi. 230 meqavat gücündə günəş elektrik stansiyası artıq enerji sistemimizə tam inteqrasiya edildi. Bu hədəf də açıqlandı ki, imzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaq.
ARZU ƏLİYEVA
YAP Pirallahı rayon təşkilatı Apartının məsul əməkdaşı