Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 fevral 2024-cü ildə növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqında verdiyi sərəncam Azərbaycanın milli maraqlarından, mövcud tarixi və siyasi zərurətdən qaynaqlanır.
Hazırda nəinki Azərbaycanda, eyni zamanda dünyada hər kəs çox yaxşı bilir ki, Qarabağı işğaldan azad edən və Vətəni bütövləşdirən Prezident İlham Əliyevin siyasi çəkisi və nüfuzu, dövlət başçısına olan xalq məhəbbəti və dəstəyi bütün dünya liderlərinin qibtə edəcəyi qədər yüksəkdədir, zirvədədir. Məhz belə bir siyasi və mənəvi mühit imkan verir ki, Azərbaycanın Lideri heç kimdən və heç nədən asılı olmadan qarşısına qoyduğu strateji hədəflərə daha qətiyyətlə yürümək və bu yolda Prezidentə mane olmaq istəyənlərin və milli maraqlarımıza təhlükə törədənlərin qarşısını əzmlə almaq üçün gərəkən qərarları vaxtında və gecikmədən versin. Cari ilin fevralında növbədənkənar Prezident seçkilərinin təyin olunmasına məhz bu konteksdən yanaşmaq lazımdır.
Heç şübhəsiz ki, bu qərarın verilməsində tək məqsəd regionda və dünyada baş verən geosiyasi dalğalanmalardan və real təhlükələrdən ölkəni etibarlı şəkildə qorumaq, o cümlədən siyasi, iqtisadi və idarəetmə sistemində nəzərdə tutulan köklü dəyişikləri dövrün tələblərinə uyğun həyata keçirtmək, Azərbaycanın gələcək inkişafını və rəqabət imkanlarını gücləndirmək, həmçinin dövlətimizə qarşı açıq şəkildə hazırlanan məkrli planların qarşısını vaxtında almaq üçün Vətən müharibəsindən sonra yenidən “doğulan” güclü Azərbaycan xalqının Prezidentinə olan etimadını və mandatını daha da möhkəmləndirməkdən ibarətdir. Azərbaycan xalqı əmindir ki, ölkə başçısı İlham Əliyevin 2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsinə başlamaq və 10 noyabrda müharibəni qələbə ilə başa çatdırmaq, 23 aprel 2023-cü ildə Laçında dövlət sərhəd-buraxılış məntəqəsini yaratmaq və bu ilin 19-20 sentyabrında Qarabağda separatçılığa son qoymaq və suverenliyimizi bərpa etmək haqqında verdiyi taleyüklü qərarlar və əldə etdiyi tarixi nəticələr kimi 7 fevral 2024-cü ildə növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqındakı qərarı da eyni xarakterlidir və eyni niyyətlidir. Görülən işləri davam etdirməyə və əldə etdiyimiz qələbəni daha da möhkəmləndirməyə xidmət edir.
Bəzi siyasilərin Prezident seçkilərinin erkən keçirilməsinə qarşı söylədikləri tənqidi fikirlərə qaldıqda isə, onu birmənalı demək olar ki, bu tənqidləri heç kim ciddi və əsaslı qəbul etmir. Çünki bu adamlar çox yaxşı bilirlər ki, Azərbaycan xalqı ilə Prezident arasında mövcud olan sarsılmaz birliyə müdaxilə etmək və cənab İlham Əliyevlə rəqabət aparmaq mümkün deyil. Bu mənada, seçkilərin nə vaxt elan olunması və nə vaxt keçirilməsi nəticələrə təsir etmir. Həmçinin siyasi partiya üçün seçkilərlə bağlı vaxt anlayışı olmur və olmamlıdır. Hamının yaxşı bəllidir ki, siyasilər üçün sonuncu seçkinin bitdiyi gündən yeni seçkilər başlayır. Ona görə də “vaxt azdır”, “xəbərim olmadı”, “gərək öncədən deyərdilər” kimi bəhanələr yumşaq desək ciddi səslənmir. Prezident İlham Əliyevin uğurlarını və qələbələrini heç zaman həzm edə bilməyən marginalların və onların xaricdəki təlimatçılarının nöbvədənkənar seçkilərə indidən "kölgə" salmaq "cəhdləri"nə isə ümumiyyətlə, əhəmiyyət vermək lazım deyil, ona görə ki, milli nankorlar heç zaman millətin yanında olmayıblar və bundan sonra da olmayacaqlar.Tam əminliklə qeyd edək ki, Vətən müharibəsində olduğu kimi, hər bir vətəndaşımız öz məsuliyyətini tam edərək bu tarixi seçkilərdə də yaxından iştirak edəcək. Azərbaycan xalqı Qalib və bütöv Azərbaycanın gələcəyi naminə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəkdir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini