“Azərbaycan-Qazaxıstan münasibətlərinin əsası hələ Ulu Öndərin zamanında qoyulmuşdur. Azərbaycanla Qazaxıstan bir çox təşkilatlar çərçivəsində birgə əməkdaşlıq edirlər. Ölkə başçısı İlham Əliyev ilə Qazaxıstan Prezidenti Tokayev arasındakı münasibətlər isə yeni müstəvidə inkişaf edir. Hər iki dövlət başçısı əvvəlki münasibətləri saxlamaqla bərabər, yeni çərçivədə münasibətlərin inkişafı üçün ciddi addımlar atırlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Politoloq bildirib ki, Türk Dövlətləri Təşkilatında iki ölkənin birgə fəaliyyəti də diqqətçəkən məqamdır: “Azərbaycanla Qazaxıstanın birgə layihəsi mövcuddur. Belə ki, Qazaxıstan neftinin Azərbaycan üzərindən ötürülməsi mühüm məsələdir. Eyni zamanda Mərkəzi Asiyada Azərbaycanın ən yaxın olduğu ölkələr arasında Qazaxıstan ilk sırada yer tutur.Tokayevin ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin açılışında iştirakı səfərin əsas məqsədi kimi qiymətləndirilə bilər. Həmçinin ölkə başçıları və digər dövlət rəsmiləri arasında mühüm məsələlərin müzakirəsi də səfərin məqsədləri sırasındadır”.