“Son aylarda Penitensiar Xidmətdə geniş islahatlar həyata keçirilir və qanun aliliyinin tətbiqi istiqamətində mühüm addımlar atılır”. Bu barədə SİA-ya açıqlamasında Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev deyib.Onun sözlərinə görə, korrupsiya hallarının aradan qaldırılması ilə bağlı genişmiqyaslı işlər aparılmışdır və bu proses davam etməkdədir: “İkincisi Penitensiar Xidmətdə yaxın qohumlarla əlaqə ilə bağlı proseslərə daha diqqətli yanaşma başlayıb. Üçüncüsü "Qaynar xətt" yaradılmışdır. Digər tərəfdən yeməyin keyfiyyəti, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Başqa bir məsələ onunla bağlıdır ki, ümumiyyətlə məhkumlar arasında Penitensiar Xidmətin rəhbərliyinə inam və etibar yüksək səviyyədədir. Bir qrup məhkumların məzuniyyət hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada genişmiqyasda təmin edilməyə başlanmışdır”. Sədr bildirib ki, Penitensiar Xidmətdə yeni iş yerlərinin yaradılması istiqamətində də mühüm addımlar atılır: “Bu isə heç şübhəsiz ki, məhkumların yeni peşələrə yiyələnməsinə imkanlar yaradır. Digər tərəfdən Penitensiar Xidmət 2 istiqamətdə fəaliyyət göstərir. Cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları. Burada cinayət təqibi altında olan şəxslərlə bağlı qərarların qəbul edilməsi prosesi də daha çox müstəntiq və istintaq orqanlarının səlahiyyətləri çərçivəsində baş verməlidir. Amma yaşayış yerləri və ətraf mühitlə bağlı əlaqə ilə bağlı hər hansı problem yoxdur. Əgər hansısa problemlər olarsa bu zaman "Qaynar xətt"ə müraciət etmək olar. Eyni zamanda bu məsələlərlə bağlı Penitensiar Xidmətin birbaşa rəhbərliyinə çıxış çox asandır. "Facebook" sosial şəbəkəsində Penitensiar Xidmətin sosial səhifəsi də mövcuddur”.Ə.Nuriyev sonda qeyd edib ki, Penitensiar xidmətin əks-əlaqə sistemi elə qurulmuşdur ki, əgər qanunsuzluqlar baş verirsə, dərhal operativ reaksiya göstərilir: “Bu hərəkət bilərəkdən baş verirsə də həmin şəxslər məsuliyyətə cəlb olunur. Burada çox yaxşı bir münasibətlər sistemi qurulmaqdadır. Hesab edirəm ki, bu da bir çoxları üçün o qədər də qəbul edilmir. Penitensiar Xidmətin imici daha da yaxşılaşmağa doğru gedir. Ona görə də ola bilsin bir çoxları bunu bölüşmür. Bugünkü Penitensiar Xidmətin rəhbərliyinə olan etimad nəinki dövlət qurumlarının müvafiq strukturları tərəfindən, eyni zamanda məhkumlar və qohumları tərəfindən çox yüksəkdir. Sadəcə belə bir inam və etimad gözlənilməz olduğu üçün bəzi hallarda həmin şəxslər siyasi xarakterli bəyanatlar verməyə, hazırda aparılan islahatların üzərinə kölgə salmağa çalışırlar. Əgər kiminsə hüququnun pozulması ehtimalı varsa, bununla bağlı müraciətlər edilsə, dərhal həmin məsələlərlə bağlı müvafiq xidməti araşdırma aparılar və qərarlar qəbul olunar. Sadəcə olaraq bəziləri hər zaman sosial şəbəkələr və digər vasitələrdən təzyiq üsulu kimi istifadə etməyə cəhd göstərir”.
Müəllif: Rəşid Qarayev