PDF Oxu

Siyasət

  • 1 975

Babayanın cəhdi, Paşinyanın rəddi - ANALİTİK+ŞƏRH

Babayanın cəhdi, Paşinyanın rəddi - ANALİTİK+ŞƏRH

"Hraparak": "Ermənistan baş naziri Qarabağdan gələn separatçıların “siyasi struktur” qurmalarına imkan vermir"

Ermənistanda mövcud olan Qarabağ separatçılarının yerlərində dinc dayanamayacaqları əvvəldən bəlli idi. Daha dəqiq desək, ötən ilin sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatlarının uğurla başa çatmasından, liderlərinin Azərbaycan xüsusi xidmət orqanları tərəfindən saxlanılmasından sonra quyruqlarını qısan və həmin quyruqlarını qapı arasından güc-bəla ilə çıxarmağa müyəssər olan separatçılar indi də Ermənistanda "qəhrəmanlıqlar" göstərməyə cəhd göstərirlər. Halbuki, ən alçaq yollarla Qarabağdan qaçmağı bacaran həmin separatçılar da yaxşı bilirlər ki, gec-tez onları da Vardanyanın, Qukasyanın, Saakyanın, Arutyunyanın və sairlərin aqibətləri gözləyir. Amma hələlik, xam xəyallarla, utopiya və revanşçılıq hissləri ilə İrəvan küçələrində var-gəl edənlər gözlənilən aqibətlərini arxa plana keçiriblər...

Baş nazir qapısını döyən bütün separatçıları geri göndərir

Onlardan biri də vaxtilə Qarabağda "at oynadan", əli Azərbaycan xalqının qanına bulaşan, hətta işğal vaxtı Qarabağdakı ermənilərə qarşı belə vəhşiliklər törədən Samvel Babayandır. Artıq onun dəfələrlə müxtəlif plan və təkliflər ilə Ermənistanın baş naziri Nikol Paşinyanın qapısını döyməsi barədə xəbərlər dolaşmaqdadır. Lakin baş nazir qapısını döyən bütün separatçıları geri göndərir və onlarla danışmaqdan imtina edir. Bu haqda erməni KİV-ləri də yazırlar.

"Ermənistan baş naziri Nikol Paşinyan Qarabağdan gələn separatçıların “siyasi struktur” qurmalarına imkan vermir". Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb və qeyd edib ki, Nikol Paşinyan Qarabağdan Ermənistana gələnlərin problemləri ilə məşğul olacaq, eləcə də onların Qarabağa qayıdışına dair Azərbaycanla danışıqlar aparacaq struktur formalaşdırmağa can atan Samvel Babayanı məyus edib: "Paşinyan əvvəlcə buna meyilli olub, amma son vaxtlar bu fikrindən vaz keçib. Babayanın ətrafı bildirir ki, o, imtina qərarını sərt qəbul edib, özünü aldadılmış və təhqir edilmiş sayır”.

Paşinyan separatçıların İrəvandakı fəaliyyətini Ermənistanın təhlükəsizliyinə təhdid kimi qəbul edir

Adıçəkilən erməni nəşri onu da yazır ki, Paşinyan separatçıların İrəvandakı fəaliyyətini Ermənistanın təhlükəsizliyinə təhdid kimi qəbul edir: "Ona görə də təklif edilən planlar çərçivəsində yeni “siyasi struktur” yaratmaq fikrindən əl çəkib və bundan maraqlı olmadığını açıq şəkildə ifadə edir".

Məhz bu xüsusda daha bir məqamı da xatırlatmaq yerinə düşərdi ki, Qarabağdan olan ermənilərin kütləvi şəkildə Ermənistanı tərk etmələri separatçıları təlaşlandırır. Onların ölkədən getmələri Ermənistan hakimiyyətinin verdiyi yardımların sayını da xeyli azaldır. Bu isə separatçılara sərf etmir. Görünür, "yeni struktur" yaratmaq təklifi də bununla əlaqəlidir. Amma bu da Paşinyanın sayəsində alınmadı. Qalır həmin separatçı tör-töküntülərin Ermənistanı tərk etmələrinə ki, onların buna da cürətləri çatmır. Onlar çox gözəl bilirlər ki, Ermənistanın hüdudlarından kənarda hər an ilişə və anidən gözlərini Bakıdakı köhnə dostlarının yanında - təcridxanada aça bilərlər. Ona görə də son vaxtlar "çörəkpulu" qazanmaq üçün dəridən-qabıqdan çıxırlar. Amma nə vaxta qədər? Bu sualın da cavabını zaman çox yaxınlarda verəcək...

Afət Tahirqızı

Digər xəbərlər